12 iyulda Ermənistan əvvəlcə yüngül silahlardan mövqelərimizi atəşə tutmağa başladı, daha sonra ağır silahlardan istifadə etməklə həm mövqelərimizi, həm də mülki yaşayış məntəqələrini atəşə tutmağa başladı.
Qazilər.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu gün keçirilən mətbuat konfransında deyib.V.Dərgahlı bildirib ki, Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində düşmənin hücumunun qarşısı alındı, Ermənistanın yüzlərlə hərbi qulluqçusu, texnikası, dayaq məntəqələri məhv edildi.
V.Dərgahlı vurğulayıb ki, aprel döyüşlərində olduğu kimi Ermənistan rəhbərliyi bu döyüşlər zamanı da itkilərini gizlədir: “Yəqin ki, bir müddət keçəcək ki, Ermənistan tərəfi itkilərini müxtəlif adlar altında üzə çıxaracaq”.
V.Dərgahlı vurğulayıb ki, döyüşlərdə məhv edilənlər arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç etmiş ermənilərin də olduğu ehtimal edilir.
MN rəsmisi xüsusi olaraq qeyd edib ki, bu döyüşlər zamanı hər hansı ərazi itkisi olmayıb: “Bəzi bəlli olmayan mənbələr tərəfindən yayılan hansısa ərazi itkisinin olması barədə məlumatları qəti şəkildə rədd edirik və bildiririk ki, heç bir ərazi itkisi olmayıb”.