AŞPA və ATƏT-in Minsk Qrupunun bəyanatlarına ciddi yanaşmaq lazım deyil. Çünki əmin olun, bu gün verdikləri bəyanat sabah onların özlərinin də yadından çıxır.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov AŞPA prezidenti Rik Daemsin Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanladığı məktub və ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tseretelinin yaydığı bəyanatı şərh edərkən deyib.Politoloq bildirib:
“AŞPA prezidenti Rik Daemsin Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanladığı məktub məni təəccübləndirmədi. Düşünürəm, AŞPA Tovuzda baş verən son hadisələrə adekvat olmayan bir yanaşma sərgiləyir. Məsələ ondadır ki, münaqişənin başlandığı andan etibarən istər həmsədrlər olsun, istər AŞPA olsun, eyniməzmunlu bəyanat verməklə kifayətlənib. Bu günə qədər belə olub, bundan sonra da belə olacaq.
Gəlin bir az realist yanaşaq: biz bu təşkilatlardan hansı tərzdə bir açıqlama gözləyirik? Təbii, onlar sülhdən danışmalı, ya da ənənəvi tərzdə bəyanatlar verməlidilər. Onlar da bilirlər ki, məsələ Minsk Qrupuna həvalə olunub. Buna görə də rahatlıqla məsuliyyəti öz üzərlərindən ata bilirlər”.
Politoloq ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tseretelinin yaydığı bəyanata da münasibət bildirib:
“ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tseretelin ilə AŞPA prezidenti Rik Daemsin bəyanatları sanki bir ağızdan çıxmış kimidir. Biri “Bu gün təəssüflər olsun ki, biz Azərbaycan və Ermənistan arasında münaqişənin kəskinləşməsini müşahidə edirik. Bu, müharibədən əziyyət çəkən sadə insanların vəziyyətini daha da ağırlaşdırır” deyir, digəri isə “AŞPA tərəfləri gərginlik yaradan və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə” çağırır.
Birdəfəlik anlamaq lazımdır ki, nə kimsə gəlib bizim yerimizə torpaqları geri alacaq, nə də xeyrimizə nəsə edəcək. Belə bir şey olsa idi, hər halda 30 il ərzində olardı. Biz müharibə şəraitində olan bir ölkəyik və bizim verəcəyimiz yeganə cavab torpqalarımızı hərbi yolla geri almaqdır. Məncə, bundan artıq şərhə ehtiyac yoxdur”.