Keçmiş döyüşçülər ictimai təşkilat yaratdı

Keçmiş döyüşçülər ictimai təşkilat yaratdı backend

Yavər Hüseyn: “Biz istəyirik ki, qalan ömrümüzü Vətən mücadiləsinə həsr edək və yorğan-döşəkdə yox, döyüşdə ölək”.

Ölkəmizdə yeni bir ictimai təşkilat, Azərbaycan Fədailər Ordusu (AFO) İctimai Birliyi təsis olunub.

Qazilər.az
bildirir ki, bu barədə Musavat.com-a qurumun təşəbbüs qrupunun üzvü, tanınmış hüquq müdafiəçisi, vəkil, Birinci Qarabağ müharibəsində Şuşa özünümüdafiə ərazi taborunun (816 saylı) qərargah rəisi olmuş Yavər Hüseyn məlumat verib.

Y.Hüseyn deyib ki, təşkilatın təsisçiləri onun özü, Şuşa ərazi müdafiə batalyonunun komandiri Fəxrəddin Səfərov, keçmiş döyüşçü Ələmşah Rəhimovdur. Artıq təsis yığıncağı keçirilib və Nizamnamə hazırlanıb. Həmtəsisçi dedi ki, qurumun yaradılmasında yeganə məram-məqsəd Azərbaycan ərazilərinin erməni işğalından təmizlənməsi uğrunda Vətənə, millətə töhfə verməkdir. Eyni zamanda AFO-nun məqsədi insanlara hərbi-vətənpərvərlik ruhunun aşılanması, hərbi xidmət və döyüş yolu keçmiş şəxslərin hərbi təcrübəsindən istifadə olunması və onların vətənin müdafiəsi işinə cəlb edilməsidir. Təsis olunan qurumun qeydiyyata alınması üçün sənədlər yaxın günlərdə Ədliyyə Nazirliyinə təqdim ediləcək.

Qurumun Nizamnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I bəndinə (Vətəni müdafiə hər bir vətəndaşın borcudur) istinad edilir. Azərbaycan Fədailər Ordusunun devizi isə belədir: “Qalan ömrümüz vətənə fəda olsun”

Bildirilir ki, Azərbaycan Fədailər Ordusu hərbi xidmət keçmiş və müharibə veteranı olan və ehtiyatda olmanın üçüncü dərəcə, yəni son yaş həddinə çatmış hərbi vəzifəlilərdən ibarət təsisçilərin ümumi maraqlar əsasında yaratdıqları, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatı - ictimai birlikdir və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Qurum Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına könüllülərin səfərbər olunması işində müvafiq dövlət orqanlarının razılığı olduğu təqdirdə həmin orqanlara köməklik göstərmək niyyətindədir. Nizamnamədə o da xüsusi vurğulanıb ki, AFO müstəqil silahlı birləşmə deyildir və yalnız Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması uğrunda döyüş əməliyyatları başalanacağı təqdirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində döyüşmək üçün səfərbər edilə bilən könüllülərin hazırlanmasına xidmət edir. Həmçinin AFO siyasi fəaliyyətlə məşğul olmur və siyasi fəaliyyətlə məşğul olan partiya və bloklara qoşulmur. Bununla yanaşı qurum Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak etmir.

Hərbi xidmət keçmiş və müharibə veteranı olan və ehtiyatda olmanın üçüncü dərəcə, yəni son yaş həddinə çatmış hər bir hərbi vəzifəli AFO-nun təsisiçisi və ya üzvü ola bilər (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 172-ci bəndində göstərildiyi kimi, hərbi vəzifəlilər heyətindən üçüncü dərəcə yaş həddi əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün 50 yaş, kişik zabitlər, baş zabitlər, mayor və polkovnik-leytenantlar üçün 55 yaş, polkovniklər üçün 60 yaş, ali zabitlər üçün 65 yaş və hərbi vəzifəli qadınlar üçün yaşlarından və hərbi rütbələrindən asılı olmayaraq 50 yaşdır).

Yavər Hüseyn bir daha bildirdi ki, Vətənin müdafiəsi, ərazi bütövlüyümüzü təmin olunmasından özgə niyyətləri yoxdur və ola da bilməz: “Mən hələ 3-4 il qabaq sizin qəzetə verdiyim müsahibədə də Azərbaycanda fədailər ordusunun yaradılması zərurəti barədə fikirlərimi bildirmişdim. Sadəcə son döyüşlərlə əlaqədar, həmçinin hazırda ölkəmizdə vətənpərvərlik ruhunun yüksəlməsi fonunda biz bu qurumun yaradılması istiqamətində illərdir apardığımız məsləhətləşmələrin məntiqi yekunu olaraq bu istiqamətdə addım atırıq. Biz istəyirik ki, qalan ömrümüzü Vətən mücadiləsinə həsr edək və yorğan-döşəkdə yox, döyüşdə ölək”.
Diaspora