Qənirə Paşayeva: "Ermənilər aldıqları cavab zərbəsini unuda bilməyəcəklər"

Qənirə Paşayeva: "Ermənilər aldıqları cavab zərbəsini unuda bilməyəcəklər" backend

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda ön cəbhədə baş verənlərlə bağlı fikirlərini bölüşüb.

Musavat.com xəbər verir ki, millət vəkili hadisənin düşmən təxribatı ilə başladığını, atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğunu və hərbçilərimizin bu təxribata layiqli cavab verərək, düşməni geri oturtduğunu bildirib.

O, şəhidlərə Allahdan rəhmət diləyib:

“Rəsmi məlumata görə, bizim iki əsgərimiz şəhid olub, beş yaralımız var. Şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyir, doğmalarına, döyüş yoldaşlarına, ordu mənsublarımıza və bütövlükdə xalqımıza başsağlığı verir, yaralılarımıza acil şəfalar diləyirəm! Hadisə baş verdiyi andan, rayon rəhbərliyi, Müdafiə Nazirliyi rəsmləri, digər əlaqədar qurum və quruluşlarla, yerli sakinlərimizlə daimi əlaqədəyik və bir daha vurğulayım ki, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Əlbəttə, həmişə olduğu kimi, düşmən informasiya cəbhəsində də təxribatlarla məşğuldur. Sizlərin hər birini tam məsuliyyətlə əmin etmək istərdim ki, düşmənə ağır zərbə vurulub və yəqin ki, aldıqları cavab zərbəsini hələ uzun müddət unuda bilməyəcəklər. İtki verən düşmən geri oturdulub”.

Q. Paşayeva hazırki vəziyyətdə ATƏT-in Minsk Qrupunun, xüsusilə, həmsədr ölkələrin Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməli olduğunu vurğulayıb:

“İşğalçı ölkənin atəşkəsi pozmaq cəhdləri qınanmalıdır. Nəzərə alsaq ki, indi dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan rəhbərliyinin öz tərcümeyi-halına, xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib, yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır. Hadisələrin bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları işğalçı Ermənistanın təxribatlarına sərt reaksiya verməyə çağırırıq. İkili standartlara son qoysunlar”.

Komitə sədri əhalini şayiələrə uymamağa, yalnız rəsmi qurumlarımızın verdiyi məlumatlara etibar etməyə çağırıb:

“Tovuzda sakinlər ordumuzun yanındadır. Dualarımız hər an onlarladır. Sabah səhər karantin qaydalarına əməl etməklə insanlarımızla görüşəcəyik, şəhidlərimizin ailəsinə başsağlığı verib, “qəhrəman övladlar böyütdüyünüz üçün qarşınızda baş əyirik” deyəcəyik. Nur içində yatsınlar. Şəhidlər ölmürlər. Onları hər zaman sevgi və rəhmətlə anacağıq. Yaralılarımız üçün dualarınızı əksik etməyin. Allah onları qorusun”.
Diaspora