2014-cü il noyabrın 12-də Azərbaycan sərhəddini pozan erməni helikopterini vuran və “Vur, komandir, vur!” şüarı ilə məşhurlaşan MAXE İlkin Muradov saytımıza aprel döyüşlərində şəhid olan pilotumuz Təbriz Musazadəylə bağlı xatirəsini bölüşüb.
İ.Muradov Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı erməni helikopterini vurandan sonra şəhid pilot Təbriz Musazadənin ona baş çəkdiyini və həmin əraziyə baxış keçirdiyini bildirib:“Mayor Təbriz Musazadə komandirimin kurs yoldaşı idi. O, mənim erməni helikopterini vurmağımı eşidəndən sonra xidmət etdiyim postda gəldi. Məni təbrik etdi və bildirdi ki, bu çox böyük uğurdur. Sonra isə həmin əraziyə baxış keçirdi. Təxminən yarım saat söhbət etdik və sonda bir xatirə şəkili də çəkdirdi. T.Musazadə dedi ki, mənim üçün çox maraqlı oldu, sən erməni helikopterini hansı istiqamətdə və necə vurmusan. 2016-cı il aprel döyüşlərində isə eşitdim ki, Təbriz Musazadə şəhid olub. Buna görə çox kədərləndim. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bizim Təbriz bəylə çəkilən fotomuz isə həm bir xatirəyə çevrilib, həm də sosial şəbəkələrdə müzakirə olunur”.