Şəhid anası ikinci oğlunu əsgər yola saldı

Şəhid anası ikinci oğlunu əsgər yola saldı backend

2017-ci il fevralın 25-dən 26-na keçən gecə Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan əsgər Zakir Cəfərovun kiçik qardaşı Camal Cəfərov bu gün hərbi xidmətə yola düşüb.

Moderator.az-a açıqlamasında şəhidin anası Kəmalə xanım övladlarıyla fəxr etdiyini və Camalın əsgər getməsinə qarşı çıxmadığını bildirib:

“Camalı bu gün əsgər yola saldıq. Zakirin qardaşı əsgər gedib xidmət etməliydi. Çoxları mənə sual verdi ki, niyə Camal əsgər getdi? Dedim ki, necə Zakir qeyrətliydisə, Camal da onun qardaşıdır və o, da qardaşı kimi vətənini müdafiə edib, qorumalıdır. Bu onun borcudur. Camal Texniki Universiteti bitirdi və ali təhsillidir. İnşallah bir il xidmət edəcək. Allah cəmi əsgərlərimizi qorusun”.

Xatırladaq ki, Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb. 2016-cı il yanvarın 7-də hərbi xidmətə yollanıb. Beyləqan rayonunda hərbi xidmətə başlayıb. Zakir sonradan xidmətini davam etdirmək üçün Xocavənd rayon Qaradağlı kəndinə yollanıb. 2017-ci il fevral döyüşləri zamanı Zakir dörd hərbçi yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid olub. Fevralın 27-də beş hərbçimizin nəşi neytral ərazidən götürülərək, dəfn edilməsi üçün ailələrinə, yaşadıqları ünvana gətirilib. Şəhid Zakir Cəfərov fevralın 28-də Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən qəbiristanlıqda böyük izdihamla dəfn edilib. Şəhid Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, “Şücaətə görə” medalı ilə təltif edilən ilk hərbçidir.

Xatırladaq ki, həmin əməliyyatda mayor Aqşin Abdullayev, kapitan Şahlar Nəzərov, baş-leytenant Tural Həşimli və gizir Zülfi Qədimov şəhid olub.
Diaspora