Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Koroğlu İsmayıl oğlu Rəhimovun anım günüdür.
Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabr ayının 31-də Azərbaycan Respublikasının Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub. Anası Sura xanım evdar qadın idi.Atası İsmayıl müəllim Vətən deyib 1961-ci ildə öz dədə-baba yurdu olan Ermənistan Respublikasının Zəngibasar mahalının Sarcalar kəndinə köçüb. Koroğlu orta təhsilini qonşu kənddə - Həbilkənd orta məktəbində alıb. 1969-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlib və Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb və hərbi xidmətini ADR-də başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini tamamlayıb.
1979-cu ildə əmisi qızı Aybəniz xanımla ailə həyatı qurub. Üç övladı dünyaya gəlib: Rəşad, Samir, Ülviyyə. Koroğlu, Mətin, Əzizağa, Fateh və Mələk adlı beş nəvəsi var.
Koroğlu əmək fəaliyyətinə Makı Məişət Kondisionerləri zavodunda başlayıb. Koroğlu çox təvazökar, vətənpərvər və ailəcanlı idi. O, ermənilərin törətdikləri faciələrə biganə qala bilmədi: Vətən qeyrəti, ana-bacı namusu onu Vətən yolunda cavan canından keçməyə vadar etdi.
1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması, 1990-cı ilin "20 Yanvar” hadisələri, 1992-ci ilin fevralın 25-26-da Xocalı soyqırımı Koroğlunun düşməndən qisas almaq, torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da alovlandırdı.
Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. 30 aprel 1992-ci il tarixində "N" saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunub. 13 iyun 1992-ci ildə bölük Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edib.[3] Dəstə 15 erməni yaraqlısını məhv edib və 4 nəfəri əsir götürərək xeyli silah-sursat əldə edib. Koroğlu 5 ermənini məhv etmişdi. Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, iyunun 14-də başqa bir kəndi - Mənəşlini də yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verməli oldular. 8 erməni quldur öldürüldü. İyunun 15-də döyüşçülər daha mühüm obyekti - düşmənlərin ələ keçirdiyi Başkənd kəndinidə azad etdilər. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardı ilə düşməndən azad edildi.
21 iyun 1992-ci ildə Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi. Koroğlu ratsiyanın önündən çəkilmirdi. Elə bu an tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. Koroğlu öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz ikinci dəfə işğaldan azad edilir.
3 iyul 1992-ci ildə bölük Koroğlunun əmri ilə Ağdərə istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi. O Ağdərə yaxınlığındakı üçüncü savxozu erməni hərbçilərindən azad edir. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Koroğlu Rəhimov şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır.
38 yaşlı Milli Qəhrəman Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Şəhid olandan iki il sonra 1994-cü il sentyabrın 16-da Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Koroğlu İsmayıl oğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülür.
Koroğlu Rəhimovun keçdiyi döyüş yolu haqqında Abdulla Qurbaninin "Koroğlunun Ağdərə səfəri”, Əli Qurbaninin "Koroğlular uzaqdan gələn yolda”, Qədir Aslanın "XX əsrin Koroğlusu”, Oqtay Əliyevin "Əbədiyyətə qovuşan Koroğlu” Sabir Arazlının "Koroğlu” kitabları nəşr olunub, 2-ci sinif "Oxu" kitabında Milli Qəhraman Koroglu Rəhimov haqqında hekayə və Oqtay Rzanın "İki Koroğlu” şeri dərc edilib. Şagirdlər də onun qəhrəmanlığı qarşısında baş əyir və özlərini gələcəkdə Koroğlu kimi qəhrəman görmək istəyirlər.
Eyni zamanda Milli Qəhraman Koroglu Rəhimov haqqında "20-ci əsrin Koroglusu” və Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinin "Salnamə” film studiyasının "Vətənim Mənim” sənədli filimləri çəkilib.
Bakıdakı küçələrdən biri Koroğlu Rəhimovun adını daşıyır. Koroğlu küçəsindəki Xiyabanda Milli Qəhrəmana abidə ucaldılıb. Eyni zamanda Milli Qəhraman Koroglu Rəhimovun anadan olub böyüdüyü Oğuz rayonunda Milli Qəhramanın adını daşıyan küçə və oxuduğu məktəb hal-hazırda uşaq baxçası kimi fəaliyyət göstərən Oğuz rayonu, Xaçmaz kənd uşaq baxçası Koroğlu Rəhimovun adını daşıyır.