"Azərbaycan son illərdə ordu quruculuğunda bir sıra ciddi uğurlara imza atıb".
Bunu "Report"a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib.O bildirib ki, hərbi sahədə ən böyük uğurlardan biri hərbi qulluqçuların sosial problemlərinin həll olunmasıdır.
Ekspert vurğulayıb ki, bununla yanaşı bu ay yeni tikilən bir neçə hərbi hissə istifadəyə verildi:
“Orada şəxsi heyət üçün yaradılan yüksək şəraiti gördük. Bu proses illər əvvəl başlayıb və hazırda da davam etdirilir. Ali Baş Komandanın göstəriş və tapşırıqlarına əsasən, ordu üçün çox saylı müasir hərbi texnika, silah-sursat və digər ləvazimatlar alınır, təchizat yaxşılaşdırılır. Bütün bunlar Azərbaycan Ordusunu daim yüksək döyüş qabiliyyətində saxlamaq üçün edilir və qarşıya qoyulan məqsədləri qüsursuz yerinə yetirmək üçündür. Yaddan çıxarmaq olmaz ki, yaxın illərə qədər Azərbaycan Ordusunda sovetdən qalma və istifadəyə yararsız texnikalar var idi. Bu texnikalar ya istifadədən çıxarıldı, ya da Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə modernləşdirildi. Bu da, sözsüz ki, ordunun güclənməsi, müasirləşməsi və bütün taprışıqları yüksək səviyyədə yerinə yetirməsinə imkan yaratdı. Bu gün bizim ordumuz hərbisi güclü olan dövlətlər sırasındadır. Artıq həmin dövlətlər bizim gücümüzü qəbul etməyə məcburdur. Çünki biz təchizat gücümüzü beynəlxalq sərgilərdə, tədbirlərdə göstəririk".
A.Əbilovun fikrincə, orduda vətənpərvərlik amilinin gücləndirilməsi vacibdir:
"Çünki vətənpərvər olmayan əsgər hər vaxt öz komandiri üçün problem mənbəyidir. Bu gün ordu üçün stimul yaradacaq bir sıra hərb təmayüllü qruplar, təşkilatlar, qurumlar var. Biz ötən il “ASAN Xidmət”in könüllüləri ilə "Hərbiyyə" hərbi-təlim oyunlarının keçirilməsinin şahidi olduq. Belə layihələr çoxdur və düşünürəm ki, pandemiyadan sonra da davam etdirilsə, sabahın əsgərinin vətənpərvər olmasına təsirsiz ötüşməyəcək".