“Naxçıvandakı ordumuz hərəkətə keçsə, düşməni nə günə qoyacaq...” - General-leytenant

“Naxçıvandakı ordumuz hərəkətə keçsə, düşməni nə günə qoyacaq...” - General-leytenant backend

Bu gün - 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ildönümüdür.

Silahlı Qüvvələrimiz ötən müddətdə şərəfli bir yol keçib. Bir əsrdən artıq tarixi dövr acılı-şirinli faktlarla doludur. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaratdığı ordunun ilk rəhbəri, Müdafiə naziri kimi Xosrov bəy Sultanov adını tariximizin şərəf tarixi kitabına “qızıl hərflər”lə yazdırıb. Cümhuriyyət generalları Səməd bəy Mehmandarovun, Səmədağa Şıxlinskinin Azərbaycan üçün etdikləri fədakarlıqlar, ordumuzun formalaşmasında xidmətləri ölçüyəgəlməzdir.

Düzdür, Cümhuriyyətin taleyi kimi, onun ordusunun da taleyi faciəli oldu. Ancaq işğala, sovet imperiyasının ağır zərbələrinə, 70 illik istibdada baxmayaraq, Azərbaycan ordusunun nüvəsini təşkil edən vətənpərvər kadrlar daim mövcud oldu. Hətta sovet dövründə (1971) hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına liseyin yaradılması sonrakı dönəmdə Azərbaycanın hərbi elitasının formalaşmasında önəmli rol oynadı. Doğru, Qarabağ torpaqlarının işğalı şəraitində bu günü ürəkdolusu bayram edə bilmirik, qəhrəman əsgər və zabitlərimiz də həsrətlə “döyüş” əmrini gözləyirlər.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev ordumuzun qələbəyə qadir olduğunu söylədi.

Sitat: “Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”.

Ordumuzun nəyə qadir olduğunu Aprel döyüşlərində və Günnüt əməliyyatı zamanı dost da gördü, düşmən də. Elə müdafiə naziri Zakir Həsənov bu günlərdə bildirdi ki, aprel döyüşləri zamanı ermənilər Rusiyaya minnətçi düşübmüş, Azərbaycanı saxlasınlar deyə. Bu, müasir silahlarla silahlanmış, dünyanın 50 güclü ordusu içərisində yer almış ordumuzun Böyük Qələbəyə hər an hazır olduğunu göstərən amillərdəndir.

Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, general-leytenant Yaşar Aydəmirovla bu tarixi gündə söhbət etdik, ordumuzun keçdiyi inkişaf yolundan danışdıq:



Yaşar Aydəmirov

- Cənab general, bilirik ki, siz ehtiyatda olsanız da, ürəyiniz daim ordumuzun yanındadır. Silahlı Qüvvələrin yaranması münasibətilə sizi təbrik edirik, qələbə müjdəsi arzulayırıq! Bu gün yəqin sizin də ordumuzun şəxsi heyətinə ünvanlı sözləriniz var.

- Sözsüz ki. Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbrik edirəm. Bu gün təkcə xidmətdə olanların deyil, ehtiyatda olanların, həmçinin bütün xalqımızın bayramıdır. Mən fəxr edirəm ki, ordumuzun 102 yaşı var. Amma xəcalət çəkirəm ki, hələ də doğma torpaqlarımızı işğaldan azad etməmişik. Mən istəmirəm ki, qocalıb əldən düşüm, tərpənə bilməyim və torpaqların işğaldan azad edilməsi prosesinə qatılmaq imkanım olmasın. Ona görə də səbirsizliklə hücum əmrinin verilməsini, torpaqlarımızın azad olunmasını gözləyirəm.

Torpaqları azad etmək problem deyil. Azərbaycan ordusunun imkanları yüksəkdir, həmçinin şəxsi heyətdə böyük ruh yüksəkliyi mövcuddur. Döyüş ruhu bizdə həmişə, əsrlər boyu olub, hətta Atropatdan, Babəkdən üzü bəri. Tarixi yaradanlar həmişə hərbçilər olub, hərbçi olmayan yerdə tarixdən söhbət gedə bilməz. Ona görə də bu gün Ermənistanın zəbt etdiyi ərazilərimizi işğaldan azad etməliyik ki, gələcək nəsillər bizi soyməsin.

- Siz orduda neçə il xidmət etmisiniz?

- 42 il. İndi 65 yaşım var, 17 yaşımdan orduda oldum. Bizdə general-mayor və general leytenant 58 yaşında tərxis olunur. Mən 59 yaşımda ehtiyata buraxıldım. Amma indi də Hərbi Akademiyada dünyaya və Azərbaycana aid olan müharibə və hərb məharəti adlı bir fənn var, onu tədris edirəm.

- Ordumuzdakı vəziyyəti şəxsən görmək üçün ön cəbhəyə gedirsinizmi?

- Əlbəttə. Mən müxtəlif ictimai işlərdə iştirak edirəm və ayrı-ayrı mərasimlərə dəvət olunuram, əsgər və zabitlərimizlə görüşürəm.

- Müəllim olaraq ordumuzun tarixini tədris edirsiniz. İlk Cümhuriyyətimizdən üzü bəri ordumuzun inkişaf yolunu necə dəyərləndirirsiniz?

- Xalq Cümhuriyyəti dövründə Azərbaycan Ordusunun başında dahi sərkərdələrimiz, generallarımız dayanmışdı, Mehmandarov, Şıxlinski, general Həbib bəy Səlimov kimi (ADR ordusunun ilk baş qərargah rəisi, general-mayor Səlimov 1920-ci ilin 12 iyununda Nargində - 39 yaşında - güllələnib - E.P.). 1920-ci ildə ermənilər bolşeviklərlə birlikdə Azərbaycanın bütün ərazisində təxribatlar törətdilər ki, ordumuz şimal sərhədini mühafizə edə bilməsin. Nəticədə 11-cı “qırmızı ordu” Azərbaycanı işğal etdi. Ancaq ona qədərki qısa müddətdə Cümhuriyyət ordusu böyük inkişaf yolu keçmişdi. Ordunun şəxsi heyəti 40 min nəfərə çatdırılmalı idi. Üstəlik, sualtı qayıqlar sifariş vermişdilər. Həmçinin qırıcı təyyarələr almaq planı var idi. Ancaq işğal nəticəsində ölkə dağıldı.

- Baxmayaraq ki, o vaxt Azərbaycan ordusu elə də güclü deyildi, amma Qarabağda daşnaklara qan uddurdu, torpaqlarımızı azad etdi. Hansı ki, ermənilər bir müddət əvvəl Azərbaycanın hər yerində qırğınlar törətmişdilər, lakin ordumuz toparlanıb düşməni yerində oturdurdu. Hətta Bakının azad olunmasından qısa müddət sonra Şuşa erməni quldurlarından təmizləndi, bunlar da şərəfli tariximizin bir parçasıdır...

- Bəli, Həbib bəy Səlimovun rəhbərliyi ilə 11-12 gün ərzində Azərbaycan ordusu Qarabağda böyük zəfər qazandı. Bu da faktdır ki, ötən əsrin əvvəllərində azərbaycanlıları Çar ordusuna hərbi xidmətə çağırmırdılar, çox azsaylı oğullarımız xidmət keçmişdi. Ona görə də Azərbaycan ordusunun əsasını gürcülər, ruslar, polyaklar və digərləri təşkil edirdi. Buna baxmayaraq, Cümhuriyyət qurulandan sonra hərbi məktəblər, gizirlər məktəbi açıldı. Hərb sahəsində ciddi addımlar atıldı. Çünki ordunun başında Mehmandarov, Şıxlinski kimi böyük hərbçilər var idi. Onlar hərb sahəsində böyük təcrübəyə malik idilər, dünyanın elit ordularından xəbərdar idilər. Onlar üçün Azərbaycanda ordu yaratmaq problem deyildi, sadəcə, imkan vermədilər.

- Bu gün Azərbaycan ordusunun imkanlarını necə dəyərləndirirsiniz? Ermənistan ordusu ilə müqayisədə nəticə necədir?

Azərbaycan Ordusu Naxçıvanda təlimlər keçirəcək

- Sözsüz, erməni ordusu da müəyyən silah və texnika ilə təchiz olunub. Amma erməni ordusu bizim ordu ilə müqayisəolunmaz səviyyədədir. Ermənistanın müasir silahları almağa vəsaitimi var? Onlar heç əsgərin yeməyini çatdıra bilmirlər, qaldı ki, döyüş təyinatlı silahları və texnikaları almaq... Aprel döyüşləri və Günnüt əməliyyatı bu fərqi bir daha göstərdi. Əgər imkanları var idisə, cavab verərdilər də. Heç nə edə bilmədilər. Aprel döyüşlərində Azərbaycan ordusunun cəmi bir neçə bölmə iştirak etmişdi. Ən uzağı tabor var idi. Naxçıvanda isə heç tabor da qarışmadı, xırda bölmə ilə düşmən geri otuzduruldu. Əgər imkanları var idisə, bir hərəkət edərdilər də. İmkanları yalnız ona çatdı ki, Moskvaya zəng edib yalvardılar: “Azərbaycanı saxlayın!”

- Cənab general, ermənilər bir tərəfdən qorxur, ehtiyat edir, digər tərəfdən də azğınlıqlarını davam etdirirlər, heç olmasa müəyyən kompromislərə getmirlər. Səbəb nə ola bilər?

- Ermənilər kimdir ki, mövqeləri də olsun? Qoy müəyyən qüvvələr bir həftəlik kənara çəkilsin, desin ki, Azərbaycan ordusu nə istəyir, etsin. Onda vəziyyəti özünüz görəcəksiniz.

- Bir həftəyə nə baş verəcək?

- Düşmən sarsılacaq. Əgər onlar aprel döyüşlərində iki taborumuzun zərbəsilə sarsıldılarsa, görün bir neçə birləşmə ilə üz-üzə gəlsələr, nə baş verəcək. Hər birləşmədə də bir neçə bölmə var.

- Qarabağ torpaqlarını azad etmək üçün ordumuza nə qədər vaxt lazımdır?

- Həftə lazım deyil. Qısa müddətdə hücum əməliyyatları hazırlansın, iki istiqamətdən zərbə endirilsin, düşmən sarsılacaq və geri çəkiləcək.


“Naxçıvandakı ordumuz hərəkətə keçsə, düşməni nə günə qoyacaq, bunu bir oradakı ordumuz bilir, bir də Allah”


- Ermənistan Naxçıvan Muxtar Respublikası istiqamətindən də çox ehtiyat edirlər. Mövcud şərtlər Naxçıvan istiqamətindən işğalçı ölkəyə zərbə vurmaq, yaxud irəliləyib Azərbaycanın digər ərazilərinə dəhliz açmaq imkanı yaradırmı, yoxsa bu, çox risklidir?

- Mən bir neçə dəfə demişəm, qoy erməni generalları Naxçıvandakı Əlahiddə Ordunu göz önünə gətirsinlər. Naxçıvandakı ordumuz hərəkətə keçsə, düşməni nə günə qoyacaq, bunu bir Naxçıvandakı ordumuz bilir, bir də Allah. Naxçıvan ordusunun hərəkətə keçib dəhliz açması üçün problem yoxdur. Biz Ermənistanın müstəqilliyini tanımırıq, bir az da dərinə getsək, o ərazilər bizim olub. Ermənilər əvvəlcə 9 min kv.km, sonra 29 min kv.km-lik Azərbaycan torpaqlarına sahibləniblər. O vaxt Azərbaycan Milli Şurası bu əraziləri güzəştə gedib, bu günlərdə Azərbaycan prezidenti də dedi. Daha sonra ermənilər Zəngəzuru ələ keçirdilər, daha sonra 48-50-ci illərdə və 1988-89-cu illərdə azərbaycanlıları öz yurd-yuvasından qovdular. Bunlar hamısı Azərbaycana qarşı kənar qüvvələrin əli ilə törədilər əməllərdir.

- Belə fikirlər var ki, Azərbaycan Milli Məclisi İrəvanla bağlı qərarı ləğv etməlidir, Ermənistan Batum anlaşmasını pozduğu, ərazi iddialarından əl çəkmədiyi üçün. Bir hərbçi kimi necə hesab edirsiniz, ordumuzun önünün açılması və onun işğalçı ölkəyə zərbə endirməsi üçün bu qərar verilməlidirmi?

- Ay sağ ol! Hərbçi kimi mən də sizinlə yüz faiz razıyam. Torpaqlarımızın güzəşt edilməsi ilə bağlı qərar ləğv olunsun, Azərbaycan ordusunun qarşısı açılsın. Azərbaycan Ordusunun hədəfi təkcə Qarabağ deyil. Qarabağ Azərbaycan Ordusunun yaxın hədəfi, tapşırığıdır.

- Azərbaycan ordusunun təchizatı ilə bağlı bir sıra inkişaf etmiş ölkələrlə əməkdaşlıq edilir. Hesab olunur ki, NATO dövləti olan qardaş Türkiyə ilə hərbi əməkdaşlıqda daha da irəli gedilməlidir. Siz bu əməkdaşlığın formatını necə görürsünüz?

- Mənim fikrimcə, Türkiyə ilə daha geniş birgə hərbi müəssisələr yaradılmalıdır, birgə istehsal olmalıdır, birgə sifarişlər yerinə yetirilməlidir. Onu da deyim ki, bu istiqamətə ciddi işlər gedir.

- Belə nikbin fikir söyləmək olarmı ki, 102 il əvvəl Azərbaycan və Türk əsgəri Qarabağ torpaqları daxil, ərazilərimizi düşmən azad etdiyi kimi, bu dəfə də ortaq əməkdaşlıq öz sözünü deyəcək?

- Şübhəsiz. O vaxt Türk Ordusu bizə böyük kömək edib, Bakını işğaldan azad edib. Onların xidmətləri çoxdur. Sadəcə, Türkiyə 1-ci Dünya Müharibəsində öhdəliyi olduğu üçün geri çəkildi. Bu gün Azərbaycan Ordusu da qarşısına qoyulan tapşırığı yerinə yetirə bilər. Amma əməkdaşlıq hər sahədə lazımdır.

- Cənab general, dediyiniz kimi, ötən əsrin əvvəllərinədək azərbaycanlılar Çar ordusuna belə xidmətə çağırılmadığı halda, Qarabağda böyük zəfərə imza atdı. Ancaq əsrin sonlarında, baxmayaraq ki, uzun hərb yolu keçmiş ordumuz var idi - sovetlərin tərkibində olsaq belə - hərbi məktəblər çoxsaylı kadrlar hazırlamışdı, amma Birinci Qarabağ savaşını uduzduq. Sizcə, əsas səbəb nə oldu?

- Bunun əsas səbəbi peşəkar zabitlərin yerində olmaması idi. Mən özümün, başqa zabitlərin timsalında deyirəm, bizi kim axtarırdı ki? Əgər briqada komandirinə deyilirsə ki, “hücuma keç”, soruşur “hara”, beləsindən nə tələb edəcəksən? İkincisi, Azərbaycan ərazisində 5 sovet diviziyası dislokasiya olunmuşdu, oradakı texnikanı kim, niyə çıxartdı?! Zaqafqaziya Hərbi Dairəsindəki aerodromların çox hissəsi Azərbaycanda idi. Burda bombardmançı, qırıcı təyyarələr, əməliyyat təyyarələri var idi. Onlardan yalnız Su-25 qırıcısını rəhmətlik Vaqif Qurbanov (Müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrimizin ilk hərbi təyyarəçisi, Sitalçaydakı Aviasiya Alayının zabiti. 13 iyun 1992-ci ildə Əsgəranda şəhid olub - E.P.) Yevlaxa qaçırtdı, orda gizlədildi. Türkmənistanın, Qazaxıstanın kifayət qədər aviasiyası var. Biz milyonlarla dollar hesabına təyyarələr aldıq. Hansı ki, 90-cı illərin əvvəllərində burdakı silah, texnika, avisasiya çıxarıldı və biz faktiki olaraq tərksilah olunduq. Əsas bəla da burdan gəldi. Mən briqada komandiri olanda rəhbərlik etdiyim briqadada bir dənə top yox idi. Azərbaycandakı yüzlərlə top, minaatan hara getdi, kimlər apardı? O zaman mövcud olan silahı qəbul edib, mühafizə etmək üçün bizdə 100-dən artıq bölük lazım idi. Ancaq Kazan zabitlər məktəbini bitirəni söyürdülər ki, sən imperiya zabitisən, bu da imperiya tankıdır, işləmir. Zabit deyirdi ki, icazə verin, tankı iki dəqiqəyə “xod”a salım. Elə tanka girən kimi, onu hazır vəziyyətə gətirirdi. Hər kəs öz işi ilə məşğul olmalı idi, qardaş...

“Ermənilər Qarabağdan qaçmaq üçün yeni yollar çəkirlər”


- Ermənistandan Qarabağa sayca üçüncü yol çəkilir. Biz də müşahidə edirik. Sabah savaş başlayanda o yollarla silah-sursat, texnika daşınacağını bilə-bilə niyə hərəkətə keçmirik?

- Mən demişəm, qoy çəksinlər, ermənilər Qarabağdan qaçmaq üçün yeni yollar çəkirlər. Savaş başlayanda Azərbaycan ordusu müxtəlif istiqamətlərdən düşmənin üstünə hərəkət edəcək və onlar qaçmağa vadar olacaqlar. Əgər ehtiyatları olsaydı, elə aprel döyüşlərində gətirərdilər.

- İndiki situasiyada nə təklif edirsiniz? Torpaqları azad etmək üçün şansın yarandığını demək olarmı?

- Bu vəziyyət çoxdan yaranıb. İndi də ən gözəl vaxtdır. Sadəcə siyasi tərəfini bilmirəm, Ali Baş Komandan da dedi ki, iri dövlətlər Azərbaycanı müharibəyə başlamağa qoymur...

Diaspora