Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatını Azərbaycan XİN-nin şərh etməsindəki yalnış məqamları qeyd etmişdik.
Bundan sonra həm sosial şəbəkələrdə, həm də redaksiyaya bir xeyli suallar ünvanlandı. İnsanlar indi Goranboy rayonunun inzibati ərazisinə qatılmış, ermənilərin iddia etdikləri bu torpaqlar haqqında qısa da olsa məlumat əldə etmək istəklərini bildirirlər.Moderator.az Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun “Şaumyan rayonu haqqında xatırlatması” ilə müəyyən məqamlara aydınlıq gətirmiş oldu.
Tarixən Qarabağ xanlığının ərazisi olan bu torpaqlar, Gəncə xanlığı ilə Qarabağ xanlığının sərhədi olan Kürəkçayın sağ sahilində Murovdağın ətəklərində və Kəpəzin şərq hissəsində yerləşir. Çox mənzərəli, təmiz havası olan dağlı, meşəli bir ərazidir. Qarabağ hadisələri başlayanda rayonun 20 minə yaxın əhalisi olub. Əhalinin 13 500-ünü ermənilər, 5 minini azərbaycanlılar, 2000-ə yaxını ruslar (molokanlar) təşkil edib. Bütün Qarabağa, o cümlədən Ağcakəndə (keçmiş Şaumyan kənd rayonu) ermənilər 1828 və 1896-cı illərdə köçürülüb. 1828-ci ildə böyük bir hissə İrandan, 1896-cı ildə isə Türkiyədən köçürülüblər. Rayonun cəmi 18 kəndi olub. Toponimlərin 90 faizi bizim adlardır. 18 kənddən yalnız Xarxaput, Manaşid, Qaxtut kəndlərinin adı erməni adlarıdır. Araşdırılsa bu toponimlərin də kökünün türk sözləri olduğu bilinər. Hətta Ermənilərin yaşadıqları Ağcakənd, Başkənd, Qaraçinar, Buzluq, Erkəc, Erməni Borisi, Ballıqaya, Gülüstan (tarixi Gülüstan müqaviləsinin imzalandığı kənd) kəndlərinin, o cümlədən, Rusiyanın bu yerlərə köçürdüyü rus-molokanların yaşadığı Rus Borisi kəndi də bizim adlardır.
Rayonda azərbaycanlılar Zeyvə, Başqışlaq, Şəfəq, Todan, Gürzalılar kəndində yaşayıb və yaşayırlar. Qeyd edim ki, Zeyvə kəndinin bəyləri - Hüseynbəyovlar Cavanşir elinin Sarıcalı oymağının bəyləri olublar, əslən şuşalıdırlar. Yalnız 1991-ci ilin avqustunda ermənilər Başqışlaq kəndini tamam yandırdıqdan sonra həmin kəndin sakinləri elə həmin ay erməni yaraqlılarından Dövlət Təhlükəsizlik Komitəsinin 12 ( bu sətirlərin müəllifi də daxil olmaqla), OMON-un 6 əməkdaşının döyüşü nəticəsində azad edilmiş Buzluq kəndinə köçüblər və indi də orada yaşayırlar. Şəfəq kəndini isə bir müddət əvvəl ancaq Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı dəstəsi, sonra yerli müdafiə dəstələri qoruya bildi. Bir sutka mühasirədə qaldıq, amma kəndi sonadək qoruya bildik. Daha sonra bildiyiniz kimi rayon tamamilə erməni silahlı dəstələrindən azad edildi. Yalnız Gülüstan kəndinin cənub istiqamətindəki yüksəkliyinə işğalçı erməni hərbçiləri nəzarət etdiyindən kəndin özü hal-hazırda boşdur.
Bir tarixi faktı yenidən xatırlatmağın faydası var. Məlumdur ki, 17 mart 1988-ci ildə keçmiş DQMV deputatları Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşmək haqqında qərar qəbul etmişdilər. Həmin dövrdə keçmiş Şaumyan kənd ayon rəhbərliyi, başda birinci katib Ağacanyan olmaqla Şaumyan kənd rayonunun da DQMV-nə qatılmasını tələb etmişdilər. 1990-cı ilin yanvarın 10-da Şaumyan kənd rayonunun demək olar ki, əksər rəhbər heyəti Xanlar rayonunun Çaykənd kəndinə gəlib “Getaşen podrayonu” adı altında Xanlar rayonunun Çaykənd, Kamo, Azad, Aygestan, Kuşşi Armavir, Qarabulaq kəndlərinin də DQMV-nə birləşdirilməsi barədə yığıncaq keçirib qərar qəbul etmək niyyətində olublar. 23 nəfərlik heyətin tərkibində birinci katib Ağacanyan, Aqrarsənaye birliyinin sədri Şagen Meqriyan, nəzrət komitəsinin sədri, Manaşid sovxozunun direktoru, rayon prokuroru Stepanov, sahə müvəkkili və başqa vəzifəli şəxslər Xanlar rayon Sarısu kəndi istiqamətində hərəkət edəndə yerli müdafiə dəstələri tərəfindən tutuldu. Birinci katib Ağacanyan Bakıya aparıldı, prokuror Stepanov yerli sakinin arxasında gizlənib qaça bildi, qalanları tutularaq Xanlar rayon polis şöbəsinə gətirildi. Sonra tutulanları mənim təşəbbüsüm və iştirakımla Çaykənddə əsir götürülmüş üç azərbaycanlı ilə və Başqışlaq kəndindən bazara gedərkən həbs edilmiş qadınlarla dəyişdik. Erməni separatçılarının birgə yığıncağı baş tutmadı.
Bu hadisəni niyə xatırlatdım? Azərbaycan XİN-ə məlumdur ki, Ermənistan rəhbərliyi sülh danışıqlarında keçmiş Şaumyan kənd rayonunu və “Getaşen podrayonu”nu da müzakirə etmək üçün Minsk Qrupu qarşısında dəfələrlə məsələ qaldırıb. Bir daha xatırladırıq: həmin ərazilərdəki keşiş evlərinə (ibadət yerləri, kilsə də adlandırırdılar), qəbristanlıqlara baxsınlar. Əksər keşiş evlərinin üzərində 1896-cı il yazılıb. Bunlar Türkiyədən sultan Əbdülhəmidin dövründə 1895-ci il üsyanından sonra köçürülən ermənilərdir. Bir qismi isə 1828-ci ildə İrandan. Bütün tarixi topnimlər necə var, elə də qalıb. Ermənilərin etdiyi kimi dəyişdirilməyib.
Bu kiçik tarixi ekskursu ona görə etməyə məcbur olduq ki, ermənilərə diplomatik cavablar verəndə tarixə əsaslanmaq vacib faktordur, yoxsa elə olmasın ki, qaş düzəltdiyimiz yerdə göz çıxaraq...
İlham İsmayıl