“Mübariz öz qəhrəmanlığı ilə süstləşmiş Azərbaycan cəmiyyətini diriltdi” - Qarabağ qazisi

“Mübariz öz qəhrəmanlığı ilə süstləşmiş Azərbaycan cəmiyyətini diriltdi” - Qarabağ qazisi backend

Rey Kərimoğlu: “O, öz qəhrəmanlığı ilə süstləşmiş cəmiyyətimizi diriltdi”

Bu günlərdə istər sosial şəbəkələrdə, istərsə də mətbuatda yenidən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir. Belə ki, 1 gecədə düşməni lərzəyə salan, ona ciddi sayda canlı itkilər yasadan Milli Qəhrəmanımızın şəhid olmasından 10 il ötür.

“Yeni Müsavat” olaraq bir daha Mübariz İbrahimovu yad edərək, 10 il öncə baş verənləri yada salırıq.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Qəhrəman gizir səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olub.

Prezident İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Onun meyiti aylarla düşmən tərəfdə qalıb. 18 iyun 2010-cu ildə şəhid olan Mübarizin meyiti 6 noyabr 2010-cu il tarixdə düşmən tərəfdən alınıb.

1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olan, hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirən və 2007-ci ildə çavuş rütbəsində başa vuran Mübariz 2009-cu ildə yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb, 2010-cu ilin 18 iyununda adını Azərbaycanın hərb tarixinə yazıb.



Mübariz İbrahimovun hərbi şücaətini qiymətləndirən Qarabağ qazisi Rey Kərimoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, o, Azərbaycan hərb tarixinə qızıl hərflərlə düşəcək bir şəxsiyyətdir, Azərbaycanın milli qəhrəmanı və şəhididir: “Mübariz İbrahimov hər bir Azərbaycan vətəndaşının, əsgərinin, döyüşçüsünün etməli olduğunu edib. O, xüsusi cəsarət və qəhrəmanlıq göstərərək, düşməni ön cəbhəsini yarıb, arxasına keçib və düşmənə ağır zərbələr vurub. Bu, çox böyük bir qəhrəmanlıqdır. Bunu Azərbaycan dövləti, onun Ali Baş Komandanı cənab İlham Əliyev yüksək qiymətləndirərək şəhid olmuş hərbçimizə Azərbaycanın Milli Qəhrəmanı adını verib. Bu ad onun halalıdır, hətta ona 2 qat, 3 qat Milli Qəhrəman adı vermək də olar”.



R.Kərimoğlunun sözlərinə görə, bu hadisə həm də dünya ictimaiyyəti üçün çox önəmli hadisə oldu: “Çünki bəzilərinin belə bir düşüncəsi var idi ki, torpaqlar getdi, ermənilər torpaqlarımızı işğal etdi, biz onu qaytara bilməyəcəyik. Ermənilər belə bir təbliğat aparırdı, bəziləri də onun təsiri altına düşürdü. Burada həm də o məsələlər öz həllini tapdı, Mübariz İbrahimov öz hərəkəti ilə həm Azərbaycan cəmiyyətinə, həm də dünyaya mesaj verdi ki, biz öz torpaqlarımızın işğalı ilə barışmayacağıq”.

Qazi onu da vurğuladı ki, bu hadisə ölkə ictimaiyyətini ayıldan, onu özünə gətirən, bütün gənclərə nümunə olan bir hadisə oldu: “Azərbaycan Silahlı Qüvvələrinin sıralarında yüzlərlə Mübariz var və hər an bunu edə bilərlər. Sadəcə, onlar yaxın zamanda ordumuzun hərəkətə keçəcəyini, açıq döyüş yolu ilə torpaqlarımızı azad edəcəyimizə ümid edərək gözləyirlər. Onların içində zərrə qədər də vətən üçün can verməyə tərəddüd edən yoxdur. Mübariz bu hərəkəti, qəhrəmanlığı ilə süstləşmiş Azərbaycan cəmiyyətini diriltdi, cəmiyyət silkələndi. Həm beynəlxalq aləm, həm ATƏT-in Minsk qrupu anladı ki, bu məsələ həll olunmalıdır. Bir daha göstərdi ki, azərbaycanlılar öz torpaqlarının düşmən əlində qalması ilə razılaşmayacaq. Mübarizin bu əməli çox yüksək qiymətləndirilir, Allah ona rəhmət eləsin. O, bizim şəhidimizdir, qarşısında baş əyirik. 10 il keçsə də, qəlblərdədir, xatırlanır. Yüzillər keçsə də, Mübariz unudulacaq insanlardan deyil”.

Diaspora