Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum alay komandiri, Azərbaycan Milli Ordusunun qurucularından biri polkovnik-leytenant Şirin Mirzəyevin və silahdaşlarının Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
20 iyun bu əfsanəvi alay komandirin torpağa tapşırıldığı gündür.QAZİLER.AZ bidirir ki, bu münasibətlə Ş.Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər. "Qarabağ qaziləri" birliyinin sədri Asəf Əliyev də ziyarətçilər sırasında olub.
Koronavirus pandemiyasına görə qaydalara əməl etməklə döyüşçünün qəbri gün ərzində 3-5 nəfər olmaqla ziyarət olunacaq.
Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.
Ş.Mirzəyev 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Polkovnik leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.
Hər il iyunun 20-də Ş.Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət edirlər.
Xatırladaq ki, 18 iyun 1992-ci ildə Şirin Mirzəyevlə yanaşı 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynov (Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. red), 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayev, Mübariz və Araz Mirzeyev də (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olub.