İyunun 19-da Böyük Britaniya Beynəlxalq Ticarət Nazirliyinin (BTN) rəsmi internet səhifəsində "Xarici Biznes Riskləri - Azərbaycan" (Overseas Business Risks-Azerbaijan) adlı elektron bələdçi məlumat bazasına xəbərdarlıq yerləşdirilib.
"Report"un məlumatına görə, 2017-ci ildə Avropa Komissiyası Ticarət Baş Direktorluğunun internet səhifəsində yerləşdirilmiş məlumatın mətninə uyğun olan xəbərdarlıqda vurğulanıb:"BTN Dağlıq Qarabağ və ətraf ərazilərdə Britaniya şirkətlərini hər hansı iqtisadi fəaliyyətlə məşğul olmamaqla bağlı xəbərdarlıq edir. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ətraf ərazilərdə iqtisadi fəaliyyətin mülki və cinayət məsuliyyəti doğuracağı, belə fəaliyyətlə məşğul olan fərdlərə və şirkətlərə qarşı Azərbaycanda müvafiq hüquqi tədbirlərin, o cümlədən cinayət işinin açıla biləcəyi, eləcə də həmin fərdlərin gələcəkdə Azərbaycana səyahət etmək imkanlarına təsir edə biləcəyi vurğulanıb".
Qeyd edək ki, qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı xəbərdarlıq bir neçə aspektdən əhəmiyyət kəsb edir. Birincisi və ən əsası Dağlıq Qarabağ və ətraf ərazilər üzərində Azərbaycanın suverenliyi, bu ərazilərə münasibətdə Azərbaycan qanunvericiliyinin qüvvədə olduğu bir daha təsbit edilib. İkincisi, bir qayda olaraq Britaniya XİN-in Azərbaycana səyahət bölməsində daha çox turistlərə yönəlmiş, işğal edilmiş ərazilərə səyahətdən çəkinməklə bağlı müvafiq mövqe bəyan edilsə də, konkret olaraq bu ərazilərdə iqtisadi fəaliyyətin doğura biləcəyi nəticələr barəsində qeydlər yer almayıb. Bu daha çox Britaniya rəsmi qurumlarının özəl biznesin fəaliyyətinə müdaxilə etməməyə üstünlük verməsi ilə izah olunur. Bu baxımdan xəbərdarlıq Britaniyanın sırf qanunsuz iqtisadi fəaliyyətlə bağlı ilk mövqeyi kimi qəbul oluna bilər.