Şəhid Paşazadə Orxanın atası Nazim Paşazadə oğlunun adını əbədiləşdirmək üçün öz həyətində muzey tikir.
Qazilər.az bildirir ki, bu haqda Moderator.az-a danışan şəhidimizin atası muzeydə oğluna məxsus əşya və fotoların yerləşdiriləcəyini bildirib:“Öz yaxınlarımızla və şəhid oğlum Orxanın dostlarıyla qərara gəldik ki, həyətimdə onun muzeyini tikək. Artıq işə başlamışıq və bir-iki aya muzeyi tamamlayacağıq. İstəyirik ki, muzeydə Orxana məxsus foto və əşyalar olsun. Vətənsevər insanlar bir şəhid ailəsi kimi bizi ziyarət edirlər. Bununla yanaşı, istəyirik ki, məktəblilər də bizə gələndə Orxanın döyüş yolu haqqında məlumat ala bilsinlər. Muzeyi öz vəsaitimiz hesabına tikirik. Bu gün Qarabağ qazisi, ağsaqqal, daim şəhid ailələrinə baş çəkən, onların qayğısıyla maraqlanan Maşalla Əliyev növbəti dəfə bizə gəldi, söhbət etdik. O, da şəhidin muzeyinin tikilməsinin təqdirəlayiq olduğunu bildirdi”.
Qeyd edək ki, O.Paşazadə 1996-cı ildə Cəlilabad rayon Cəfərxanlı kəndində anadan olub. O, “Naxçıvan” Universitetinin ingilis dili fakültəsini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini baş vurmağa üç ay qalmış, bu il martın 5-də Qazax rayonu istiqamətində ermənilərlə sərhəddə şəhid olub. Orxan Paşazadə ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!