“Milli Məclis, heç olmasa, qəti bir qərar versin ki, Azərbaycanın quru və hava sərhədlərini pozan erməni texnikası vurulmalıdır...”
“Suvorov deyirdi ki, nə qədər çox rahatlıq olursa, insanın cəsarəti bir o qədər azalır...”"Vahid Əhmədovun Milli Məclisdəki son çıxışı bir qazi kimi bizlərə çox ağır təsir etdi... Söhbət Azərbaycan dilini bilib-bilməməkdən getmir. Lap erməni dilini də bilmək olar... Düşmənin dilini bilmək - savaşda ən güclü silahlardandır...”
Bu fikri Moderator.az-a açıqlamasında 29-cu ildir işğal altında qalan Şuşa bölgəmizin sakini, tanınmış Qarabağ qazisi, istefada olan polkovnik Azay Kərimov söyləyib.
“Əsas bizi yandıran məsələ odur ki, Azərbaycanın müvafiq qurumları 30 ilə yaxındır, Respublikanın 20 faizlik ərazisinin quru və hava sərhədlərini qoruya bilmir. Söhbət bundan gedir...
Parlamentdə bəzi deputatlar hay-küylə deyirlər ki, ordunun müharibəyə başlaması üçün mütləq Milli Məclis qərar verməlidir. O halda parlamentimiz müharibə qərarı verməyə risk etmir, heç olmasa, qəti bir qərar versin ki, Azərbaycan Respublikasının quru və hava sərhədlərini pozmaq olmaz. Və bunun əsasında Müdafiə Nazirliyinə icazə verilsin ki, Respublika ərazisinə Ermənistanın təyyarə, vertolyot, yaxud, tankı-topu, digər hərbi texnikası daxil olacağı halda xəbərdarlıq etmədən vurulsun... Niyə 26 il ərzində bu qərarları vermirlər? Yoxsa?..
Azərbaycan Respublikası suveren dövlətdirsə, nəyə görə onun rəsmi icazəsi olmadan xarici bir ölkənin prezidentti, baş naziri, müdafiə naziri və s. qırıcı təyyarə və ya vertolyotla gəlib onun ərazisinə, şəhərinə, kəndinə düşməlidir?.. Yoxsa, bunlara Milli Məclis gizli icazə verib?.. Onda xalqa açıqlama versinlər ki, filan qanuna, filan şərtlərə, razılaşmaya görə biz Paşinyanın, Sarkisyanın, eləcə də ermənilərin quruda, havada hərəkət edən texnikasının Azərbaycan Respiblikasının ərazisinə daxil olmasına icazə vermişik... Axı bizim ümummilli namusumuz-qeyrətimiz, əsgər, zabit, general şərəfimiz tapdalanır?!.”
“Belə bir gündə Azərbaycanın əsgərdən, çavuşdan tutmuş polkovnikinə, generalına qədər heç bir hərbi qulluqçusu rahat yatmamalıdır...
Generalismus Suvorov deyirdi ki, nə qədər çox rahatlıq olursa, insanın cəsarəti bir o qədər azalır... Buna görə də o, əsgər və zabitlərini yağışlı havada mismar çalınmış taxtanın altında yatızdırırdı. Özü isə bütün döyüşləri boyu quru samanın üstündə yatıb...
Görəsən, Vahid Əhmədovu, az qala, Vətənə xəyanətdə günahlandıran deputatlar bilirlərmi ki, Şuşada ermənilərin yeyib–içdiyi Cıdır Düzünün bir tərəfi, eləcə də qədim qala divarlarının bu biri yanı, yəni ermənilərin Şuşanın işğalı günü və qondarma “prezident”lərinin andiçməsindən sonra ziyafət verdiklləri məkanın düz yanında Azərbaycan türklərinin qəbiristanlıqları var... Oralarda da ayaqyolu-filan yoxdur... Bir sözlə, ermənilər yeyib-içəndən sonra ehtiyaclarını dədə-babalarımızın, ana-nənələrimizin məzarlarının üzərinə ödəyirlər, onları murdarlayırlar... Buna dözmək olmur, axı qardaş... Yoxsa Qarabağdan seçilmiş bəzi deputatlara bu deyilənlər təsir etmir?.. Axı bu xalqda kütləvi ruh düşkünlüyü yaradır ki, mənim belə güclü dövlətim, ordum ola-ola nədən düşmən bizim mənliyimizi, qeyrətimizi, tariximizi, bütün qürur və heysiyyatımızı tapdalamalıdır?.. Bu, mənəvi cəhətdən xalqın məhv olunmasıdır...”- deyə keçmiş döyüşçü polkovnik təəssüflə vurğulayıb.