Türkiyənin Suriyadakı kimi Qarabağda hərbi əməliyyat aparmasını əngəlləyən səbəb

Türkiyənin Suriyadakı kimi Qarabağda hərbi əməliyyat aparmasını əngəlləyən səbəb backend

Tofiq Abbasov: “Qarabağ münaqişəsinin həlli bölgə dövlətlərinə yox, ATƏT-in Minsk Qrupuna tapşırılıb”

Ramiyə Məmmədova: “Ankara Qarabağ üçün NATO dövlətlərindən dəstək almalıdır, Suriyada isə...”

Türkiyənin Suriyada hərbi əməliyyatlar həyata keçirməsi aktual bir məsələni gündəmə gətirib: strateji tərəfdaşımız olan ölkənin ordusu Qarabağda da belə əməliyyatlar keçirə bilərmi? Əgər buna əngəl Rusiyadırsa, Ankara ilə Moskva Suriyada da toqquşur. Türkiyə ərəb ölkəsində cəsur və iddialı əməliyyatlar keçirdiyi halda Qarabağda təkrarlamasını tormozlayan səbəb nədir? NATO ölkəsi olması, yoxsa başqa səbəblər var?

Nəzərə alsaq ki, Ankara ilə Bakı arasında birgə hərbi təlimlər keçirilir, ərazi bütövlüyümüzün bərpa olunmasında Türkiyə həmişə Azərbaycanı dəstəkləyir, bu baxımdan qardaş dövlətin ordusunun Qarabağda da hərbi əməliyyatlara başlaması ilk baxışda real görünür.

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, nəzəri baxımdan mümkün olmayan məsələ yoxdur. Onun fikrincə, Türkiyə Qarabağda gedən proseslərin Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf etməsinə dəstək verə bilər. “Lakin Qarabağ münaqişəsinin həlli bölgə dövlətlərinin yox, BMT-nin mandatı əsasında ATƏT-in Minsk Qrupuna tapşırılıb. Türkiyənin bu konfliktin həllinə böyük diqqəti var. Sadəcə, Ankara problemin beynəlxalq qanunvericilik normaları çərçivəsində həll olmasını istəyir”, - deyə T.Abbasov vurğuladı.



Onun sözlərinə görə, Türkiyənin məsələnin həllində iştirak etməsi üçün ilk növbədə Minsk Qrupunun mövqeyi olmalıdır: “Türkiyə istəyir ki, Minsk Qrupunun həmsədrlər heyətində təmsil olunsun. Ancaq ABŞ, Fransa və Rusiya səlahiyyətlərindən imtina etməyib. Bizim üçün Türkiyənin Qarabağ məsələsinə diqqəti vacib rol oynayır. Ankara ərazi bütövlüyümüzün bərpasını tələb edir və strateji tərəfdaşımızdır. Buna görə kimsə bizə irad tuta bilməz. Kiminsə Türkiyənin Azərbaycana olan münasibətindən xoşu gəlmirsə, öz işidir. Qardaş ölkənin haqqı çatır ki, bölgədə əmin-amanlıq bərqərar olsun, sərhədlərində sülh yaransın”.

İstanbulda yaşayan azərbaycanlı politoloq Ramiyyə Məmmədova hesab edir ki, hər şey Azərbaycanın da mövqeyindən asılıdır. Onun sözlərinə görə, Qarabağda antiterror əməliyyatları başlansa, Türkiyənin dəstəyi olacaq. “İndiki şəraitdə tərəflər danışıqlar yolu ilə münaqişənin həll variantını fikirləşirlər. 2020-ci ildə isə Azərbaycan-Ermənistan arasında danışıqlarda hələ ki, bir qarış irəliləyiş olmayıb. Belə halda Türkiyənin Qarabağda və Naxçıvanda hərbi əməliyyatları başlaması regionda böyük bir prosesin başlanğıcı ola bilər. Sadəcə, Ankaranın NATO üzvü olmasını da nəzərə almaq lazımdır. Çünki Türkiyə əməliyyatlara start verdiyi halda NATO dövlətlərindən ən azı siyasi dəstək almalıdır”.



R.Məmmədovanın fikrincə, Suriyadakı proseslər tam fərqlidir: “Suriya Yaxın Şərqin qapısı hesab edilir. Bu region uğrunda təkcə Türkiyə deyil, bizə qonşu olan İran və Rusiya da mübarizə aparır. O mənada Türkiyənin Suriyadakı hərbi əməliyyatları ilə Qarabağdakı situasiyanı eyniləşdirməyin tərəfdarı deyiləm”.

Ekspertə görə, Türkiyə Qarabağda hərbi əməliyyatlar başlamaqla Rusiya ilə növbəti münaqişə ocağında toqquşa bilər: “Suriya və Liviyada Ankara ilə Moskvanın olduğu mövqelər fərqlidir. Qarabağda da müharibə başlasa, tərəflər arasında yeni gərginlik yaşanacaq. Əgər vəziyyət kritikləşəcəksə, Rusiya Ermənistanı qoruyacaq”.

“Yeni Müsavat”
Diaspora