“Ermənistanın Şuşa təxribatı müharibə çağırışlarının kəskin artmasına səbəb oldu”

“Ermənistanın Şuşa təxribatı müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” backend

29 may 2020-ci ildə ATƏT Parlament Assambleyası (ATƏT PA) rəhbərliyinin videokonfrans formatında görüşü baş tutub.


Qaynarinfo xəbər verir ki, bu barədə ATƏT PA-nın rəsmi saytı məlumat yayıb.

Onlayn tədbir çərçivəsində COVID-19 pandemiyası dönəmində çoxtərəfli diplomatiya, dövlətlərarası dialoq və qarşılıqlı əlaqələrin davamlılığının təmin edilməsi, eləcə də regionda davam edən münaqişələrin həlli və təhlükəsizliyə dair ATƏT-in hər 3 ölçüsü (hərbi-siyasi; iqtisadi və ətraf mühit; insan ölçüsü) üzrə fəaliyyətin davam etdirilməsinin mümkün yollarına dair müzakirələr aparılıb.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iclasda çıxış edərək bir sıra vacib məsələlərə münasibət bildirib. İlk növbədə çoxtərəfliliyin (multilateralism) ciddi sınaq qarşısında olduğunu, bəzi ölkələrin qlobal təhlükəsizliyə cavabdeh olan 6 beynəlxalq müqavilədən birtərəfli qaydada çıxdığını və beləliklə dünya təhlükəsizlik arxitekturasına real təhdid yarandığını deyib. Azay Quliyev ATƏT-in Baş katibi Qreminqerə təklif edib ki, dövlət başçıları və xarici işlər nazirləri ilə görüşdə bu məsələni xüsusi diqqətdə saxlasın. A. Quliyev ATƏT PA olaraq bu mövzuda hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib.

Daha sonra Azay Quliyev pandemiya və post pandemiya dövründə dünya iqtisadiyyatının bərpası üçün bağlılığın (connectivity) təşviqinin, nəqliyyat dəhlizlərinin və yük daşımalarının əhəmiyyətindən danışaraq bu sahədə ATƏT-in gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında məsələ qaldırıb və ATƏT PA-da fəaliyyət göstərən İpək Yoluna Dəstək Qrupunun bu sahənin inkişafına verdiyi önəmi qeyd edib.

Azay Quliyev ATƏT ərazisində münaqişələrə, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də ayrıca toxunaraq Ermənistanın danışıqlara ciddi zərbə vuran təxribatçı əməllərindən Azərbaycan xalqının ciddi narahat olduğunu iclas iştirakçıların diqqətinə çatdırıb: "Ermənsitan martın 31-də Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ regionunda təşkil etdiyi qanunsuz "seçkini” dünya ictimaiyyəti haqlı olaraq tanımadı və birmənalı şəkildə rədd etdi. Ermənistan təəssüf ki, bundan nəticə çıxarmadı. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın Xarici İşlər Naziri Segey Lavrov münaqişənin mərhələli həllinin və Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin geri qaytarılmasının vacibliyini söylədi, Ermənistan bu dəfə də bu çağırışa etiraz etdi. Daha sonra bütün dünyanın qeyri-qanuni adlandırdığı 31 mart "seçkiləri”nin nəticələri ilə təkrar manipulyasiya edərək mayın 21-də Azərbaycanın tarixi şəhərində, hazırda işğal altında olan Şuşada oyuncaq qurumun qondarma "başçısına” "inaqurasiya” mərasimi təşkil etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazisinə gələrək belə bir qanunsuz tədbiri təşkil etməsi bu ölkənin bütün beynəlxalq hüquq normalarını və dəyərlərini ayaqlar altına atması demək idi. Ermənistanın bu təxribatı Azərbaycan xalqının haqlı qəzəbinə, ölkədə müharibə çağırışlarının kəskin artmasına səbəb oldu. Mən ATƏT-in Baş katibindən soruşmaq istəyirəm ki,Ermənistanın bu cəzasızlığı nə vaxta kimi davam edəcək? ATƏT bu işğalçı ölkənin beynəlxalq hüquqa hörmət etməsi üçün hansı təsirli addımlar atmalıdır?”

ATƏT-in Baş katibi Tomas Qreminqer qeyd olunan məsələlərlə bağlı bildirib ki, multilateralizmlə bağlı vəziyyət həqiqətən narahatedicidir və bu məsələ ATƏT-in gündəliyindədir. O, ikinci məsələ, bağlılığın (connectivity) təşviqinin, nəqliyyat dəhlizlərinin və yük daşımalarının ATƏT üçün xüsusi əhəmiyyət daşıdığını, bunun üçün ATƏT-in Mərkəzi Asiya ilə Cənubi Qafqazı və Avropanı birləşdirən "Yaşıl Port” adlı layihəsi olduğunu diqqətə çatdırıb. T. Qreminqer bu mövzunun gələcəkdə də ATƏT üçün prioritet təşkil edəcəyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Baş katib bildirib ki, bölgədə gərginliyin artması hamını narahat edən məsələdir və O, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bütün səylərini və çağırışlarını dəstəkləyir: "İlin əvvəlində həmsədrlərin ümidverici planları vardı, lakin pandemiyaya görə münaqişə tərəfləri ilə canlı görüşlərin keçirilməsi mümkün olmadığından hələlik bu istiqamətdə hər hansı bir praktik addım atılmır. Ümid edirəm ki, pandemiyanın təsirləri aradan qalxandan sonra danışıqlar yenidən bərpa ediləcək”.

Daha sonra ATƏT PA-nın Büro üzvlərinin iclasında İpək Yoluna Dəstək Qrupunun fəaliyyəti və rəsmi statusu məsələsi də ətraflı müzakirə edilib. ATƏT PA-nın prezidenti Corc Sereteli, vitse-prezidenti Lord Piter Bones, iqtisadiyyat komitəsinin sədri Doris Barnet və Baş katib Roberto Montella bu Qrupun yaradılmasını və keçən müddət ərzində Qrupun Asiya-Avropa əməkdaşlığını daim diqqətdə saxladığını təqdir etdiklərini bildiriblər. Onlar qeyri-formal statusa malik Qrupun statusunun yüksəldilməsi və ATƏT PA-nın rəsmi orqanına çevrilməsini təklif ediblər. ATƏT PA-nın vitse prezidenti və Qrupun sədri Azay Quliyev göstərdikləri dəstəyə və xoş sözlərə, o cümlədən Qrupa rəsmi statusun verilməsi təklifinə görə bütün həmkarlarına təşəkkür edərək bildirib ki, gələn həftə, iyunun 3-də Qrupun onlayn iclasında bu təklifi məmnuniyyətlə qrupa üzv olan 27 ölkənin nümayəndə heyəti ilə müzakirə edəcək.

Görüş daha sonra ATƏT PA-nın gələcək fəaliyyəti haqqında fikir mübadiləsi ilə davam etdirilib.
Diaspora