Azad İsazadə: “Azərbaycan ordusunun gücü, arsenalındakı müasir texnika buna imkan verir”
Xəbər verdiyimiz kimi, mayın 21-də separatçı rejim rəhbərinin Şuşada andiçmə məraisimi keçiriləcək. Hansı ki, bəzi siyasilər düşmənin bu təxribatına cavab olaraq ölkəmizin hərbi müstəvidə hansısa addımlar atmasını nəinki məqbul, hətta zəruri hesab edir.Maraqlıdır, düşmənin Şuşadakı təxribatını əngəlləmək, erməni separatizminin şouya çevirdiyi bu təxribata layiqli cavab vermək üçün Azərbaycan ordusu gərəkli texniki imkanlara malikdirmi? Düşmənin Şuşadakı toplantısını hansısa raket zərbəsi, dron hücumu və ya digər vasitə ilə yas mərasiminə çevirmək mümkündürmü?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə, Azərbaycan ordusunun texniki göstəricinin yüksək olduğunu və bu göstəricinin belə bir addıma imkan verdiyini vurğuladı:
“Andiçmə məraisimi daha çox nümayişkəranə bir addımdır. Lakin bunun həm də bir təxribat olduğu, danışıqlar prosesinə mənfi təsir göstərəcəyi məlumdur.
İndiki şəraitdə Azərbaycanın bu təxribata hansı şəkildə cavab verməsinin daha məqsədəuyğun olduğunu deyə bilmərəm. Amma ordumuzun texniki potensialı bu kimi təxribatlara cavab verməyə imkan verir. Texniki imkanlarımız andiçmə məraisimini pozmaq, digər uğurlu həmlələr həyata keçirmək üçün kifayətdir. Azərbaycan ordusunun gücü, arsenalındakı müasir texnika buna imkan verir”.