Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycanın dilbər guşəsi, qədim yaşayış məskənlərindən biri olan Laçın rayonu haqqında Özbək dilində bölmə istifadəyə verilib.
Qaziler.az bildirir ki, mərkəzin Vikipediya heyəti tərəfindən yaradılmış bölmədə Laçının Azərbaycan təbiətinin möcüzəsi, Laçın rayonunun tarixi, maddi mədəni irsi, tarixi, memarlıq abidələri, muzeyləri, rayonun tanınmış şəxsiyyətləri, rayon haqqında mənbələr və s. məlumatlar öz əksini tapıb.Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri ilə məşhur olan Azərbaycanın bu füsunkar diyarının adını ilk dəfə olaraq tanınmış yazıçı, pedaqoq Tağı Şahbazi Simurğ seçmiş və adlandırmışdır.
Rayonun Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddiası və hərbi təcavüzünün nəticəsi olaraq 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğu qeyd olunur. Səhifədə xüsusi ilə Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər vurulduğu, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildiyi vurğulanır.
Rayon ərazisində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidənin vandalizmə məruz qalması faktlarla öz əksini tapır.
“Wikipedia”da Laçın rayonu haqqında yaradılmış özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Lachin linkində tanış olmaq mümkündür.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət MərkəziAMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.