“Ənvər Seyidov Şuşa və Laçının işğalıyla bağlı məhkəməni bazara, şouya döndərmişdi...”

“Ənvər Seyidov  Şuşa və Laçının işğalıyla bağlı məhkəməni  bazara, şouya döndərmişdi...” backend

“Oyun gedirdi və mənim, digər gerçək şahidlərin dediklərinin əhəmiyyəti olmurdu...”

“Bu fikirlərimi məhkəmə proseslərində də, mətbuatda da demişəm. Şuşa və Laçın rayonlarının işğalıyla bağlı məhkəmə prosesinə sədrlik edən hakim Ənvər Seyidov həmin prosesi bazara, şouya döndərmişdi...”- bu sözləri Şuşa və Laçın rayonlarının işğalı ilə bağlı 1994-1995-ci illərdə aparılmış məhkəmə prosesi haqda Moderator.az-a açıqlama verən sabiq Müdafiə və Daxili İşlər naziri, Şuşanın işğalından sonra Turşsu qəsəbəsində və Laçında baş vermiş bir sıra olayların şahidi olmuş polis generalı Tahir Əliyev söyləyib.

“Ənvər Seyidov şahidləri öyrədirdi, vəkillərə, prokurora təzyiq edirdi. Bir sözlə, məhkəmə prosesini istədiyi istiqamətdə yönləndirilirdi. Mən həmin məhkəmə iclaslarında şahid kimi iştirak edərək Şuşanın da, Laçının da işğalıyla bağlı gördüyüm, bildiyim faktları söyləmişəm. Amma dediyim kimi, orada oyun gedirdi və mənim digər gerçək şahidlərin söylədiklərinin əhəmiyyəti olmurdu. Özləri bildikləri kimi nəticələr, qərar və qətnamələr çıxarırdılar...

İkincisi də, ötən söhbətimizdə dediyim kimi, mən Şuşa və Laçın rayonunun işğalında heç bir hüquqi məsuliyyət daşımırdım, mən cəbhə zonasına könüllü getmişdim. O vaxt Prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov məni hələ 1992-ci il aprelin 25-də Daxili İşlər naziri vəzifəsindən azad etmişdi. Bununla belə, yüksək vəzifələrdə olduğum, o dövrdə də Gömrük Komitəsinin sədri işlədiyim üçün məhkəmədə guya məni dolaşdırıb, nədəsə ittiham edərək nəsə “qoparmağa” çalışanlar vardı. Təbii ki, buna nail ola bilmədilər...

Onu da deyim ki, Ənvər Seyidov yuxarıların gözünə girmək üçün Şuşa və Laçının işğalında “OMON” döyüşçülərini də günahlandırmağa çalışırdı. Bu günlər guya “OMON”un Şuşanın azad edilməsi üçün heç nə etməməsi haqdakı söz-söhbətlər də məhz buradan qaynaqlanır...

Ənvər Seyidovun Şuşa-Laçın məhkəməsindəki saxtakarlıqları, eləcə də onun bu rayonların işğalı haqda televiziyadakı əsassız faktlarla dolu çıxışları barədə mən məhkəmə gedən illərdə Respublika Baş Prokuruna ətraflı şikayətlə müraciət etmişdim. Eyni zamanda 2002-ci ildə yenidən keçirilmiş Şuşa-Laçın məhkəməsində də bu haqda danışmışdım. Təəssüf ki, bu günədək həmin şikayətlər əsasında heç bir tədbir görülməyib. O da təəccüb doğurur ki, bəhs edilən məhkəmə prosesinin getdiyi illərdə Ali Məhkəmənin sədri olan Xanlar Hacıyev Ənvər Seyidovun bir hakim olaraq kimliyini bilmirdi ki, Vətən üçün, xalq üçün belə taleyüklü məsələni ona həvalə edirdi...”- deyə sabiq nazir bildirib.
moderator.az
Diaspora