"Hökmən Şuşaya geri dönəcəyik" - BƏYANAT

"Hökmən Şuşaya geri dönəcəyik" - BƏYANAT backend

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşanın işğalının 28-ci il dönümü ilə bağlı bəyanat yayıb.

Qaziler.az-ın məlumatına görə, bəyanatda deyilir:

"1992-ci ilin 8 may tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində strateji baxımdan ən əhəmiyyətli yerlərdən biri olmuşdur. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, Şuşa rayonunun 24 mindən artıq əhalisi məcburən köçkünə çevrilərək Azərbaycanın 58 rayonunda məskunlaşıb.

Özünün unikal şəhərsalması ilə seçilən Şuşada 17 məhəllə var idi: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər bir məhəllədə hamam, məscid, bulaq var idi.

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşanın işğalından 28 il keçir. Biz ümidimizi itirmirik və inanırıq ki, hökmən Şuşaya geri dönəcəyik və dağıdılmış şəhərimizi bərpa edəcəyik.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Şuşa rayonunun 30 mindən çox olan azərbaycanlı icması adından dünya birliyini Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu gün də davam etdirilən təcavüz hərəkətlərinə son qoymasını və işğala obyektiv hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

Bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişənin ədalətli həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasından sonra mümkündür. Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində birgə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər!".
Diaspora