Rusiyalı ekspert koronavirusun Qarabağ məsələsinə mümkün təsirləri haqda

Rusiyalı ekspert koronavirusun Qarabağ məsələsinə mümkün təsirləri haqda backend

Qarabağ münaqişəsinin tərəflərinin güzəştlərə və kompromislərə getmək niyyətində olmaması indiki müharibə vəziyyətini daha da uzadacaq.

Virtualaz.org xəbər verir ki, bu mövqe ilə Rusiya Elmlər Akademiyasının elmi əməkdaşı, qafqazşünaslar Elmi cəmiyyətinin prezidenti Aleksandr Krılov “Arminfo”ya müsahibəsində çıxış edib.

Onun sözlərinə görə, münaqişədə olan cəmiyyətlərdə hökm sürən barışmaz əhvalı nəzərə alaraq indiki vəziyyətin diplomatik yollarla dəyişdirilməsi imkanı mövcud deyil. Bununla belə münaqişə ətrafındakı situasiyaya koronavirus pandemiyası öz korrektələrini edə bilər. Krılovun fikrincə, COVİD-19 virusunun beynəlxalq münasibətlərdə artıq indidən gətirməkdə olduğu radikal dəyişiklikləri nəzər almaqla analoji dəyişikliklərin Cənubi Qafqazda da baş verəcəyini təxmin etmək olar.

Bu kontekstdə Krılovun mövqeyinə görə, Azərbaycan və Ermənistan hakimiyyətlərinin koronavirus epidemiyası ilə mübarizəsinin effektivlik dərəcəsinin, onun dağıdıcı təsirlərinin aradan qaldırılmasının Qarabağ münaqişəsi baxımından prinsipial əhəmiyyəti olacaq. Ekspert hesab edir ki, tərəflərin virusla mübarizəsinin nə dərəcədə uğurlu olması baxımından postkoronavirus dövründə mövcud qüvvələr balansında dəyişikliklər ola bilər. “Koronavirus münaqişənin epidemiyadan ən az itkilərlə çıxan tərəfinin mövqelərini möhkəmləndirəcək”, - Krılov bildirib.

Rusiyalı ekspert qeyd edib ki, danışıqlara əsaslanan kompromis hələ də indiki situasiyadan çıxış yollarından biri kimi qalır. Lakin güc ssenarisi də hələ aktualdır. “Və bu ssenari işə düşərsə sülhün yeni şərtlərini qalib tərəf diqtə edəcək”, - Krılov deyib. Onun fikrincə, ABŞ-ın regiona öz sülhməramlı qüvvələrini yeritməsi və münaqişə tərəflərinə öz şərtlərini diqtə etməsi artıq aktuallığını itirib.

Krılov deyib ki, Qarabağa NATO sülhməramlı qüvvələrinin yeridilməsi birqütblü dünya və Amerikanın Yaxın Şərqin sərhədlərinə nəzarət etmək planları kontekstində müzakirə edilirdi. Lakin beynəlxalq vəziyyətin radikal şəkildə dəyişməsindən sonra son bir neçə ildə bu plan haqda heç danışan da yoxdur.
Diaspora