“Ermənistanın əraziləri boşaltmaqdan başqa yolu yoxdur” - Elmar Məmmədyarov

“Ermənistanın əraziləri boşaltmaqdan başqa yolu yoxdur” - Elmar Məmmədyarov backend

“Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bütün vasitələrlə bərpa eləmək hüququna malikdir”.

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov “Yeni Müsavat” Media Qrupuna daxil olan Minval.az saytına verdiyi eksklüziv müsahibədə bildirib.

Azərbaycanın xarici siyasət idarəsinin başçısı geniş müsahibədə həmçinin Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağla bağlı son bəyanatını şərh edib, işğalçı Ermənistanla konfliktin dinc nizamlanması şanslarını dəyərləndirib. Habelə, pandemiya dönəmində diplomatlarımızın gördüyü işlərdən, o sırada xaricdəki vətəndaşlarımızın evakuasiyası ilə bağlı tədbirlərdən danışıb. Təbii ki, Dağlıq Qarabağ mövzusu əsas diqqət mərkəzində olub.

“Azərbaycan münaqişənin nizamlanmasına dair əsaslı və nəticəyə hesablanmış danışıqların tərəfdarıdır. Biz həmişə bəyan etmişik ki, dinc nizamlama imkanları qaldıqca danışıqlar yolundan istifadə edəcəyik. Eyni zamanda, bir şey tamamilə aydındır: həm öz dövlətimizin ali qanununa, həm də beynəlxalq hüquqa istinad edən Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bütün vasitələrlə bərpa eləmək hüququna malikdir – hansı hüquq ki, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyasında və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində əksini tapıb”, - deyə nazir qeyd edib.

Rusiya xarici işlər naziri S.Lavrovun Qarabağla bağlı son bəyanatı və ona erməni həmkarı Zoqrab Mnatsakanyanın verdiyi məlum reaksiya ilə bağlı Məmmədyarov deyib: “Ermənistanın xarici işlər naziri cavab replikasında bildirib ki, torpaqların qaytarılması məsələsi müzakirə olunmur, həmçinin təhlükəsizlik və xalqların öz müqəddəratını təyinetmə məsələlərinə toxunub. Aydındır ki, belə ritorik hücumu o, daxili auditoriyanı sakitləşdirmək üçün edib. Əks halda, həmin o Mnatsakanyan bu bəyanatdan bir neçə saat sonra video-konfrans şəklində danışıqların davamına qoşulmazdı. Əgər soruşsanız ki, Azərbaycan XİN-i bu xüsusda nə edib, deyərdim: Azərbaycan tərəfi göstərdi ki, onun sözü ilə əməli üst-üstə düşür, onun mövqeyi dəyişməzdir. Bizim yeganə hədəfimiz - beynəlxalq səviyyədə tanınmış əraziləri azad, məcburi köçkünlərimizin hüquqlarını isə bərpa etməkdir. İşğalçı ölkə indiyədək tamamilə əsassız olan, özünü beynəlxalq birliyi aldatmağa yönəlik çoxlu sayda bəyanat verib. Lakin həqiqət sarsılmazdır: beynəlxalq hüququ kobud şəkildə tapdamağın və təməl insan haqlarını kütləvi şəkildə pozmağın ardınca təhlükəsizlik və öz müqəddəratı təyinetmə hüququ haqda boşboğazlıq etmək beynəlxalq birgəyaşayışın heç bir qanunu və normasına sığmır və heç vaxt da sığmayacaq”.

E.Məmmədyarov hesab edir ki, danışıqlar prosesi çərçivəsində özünü dalana qovulmuş hiss edən Ermənistan prosesi pozmağa yönəlik addımlar atır, təxribatlar törədir: “Onların nail olmaq istədiyi də budur – nizamlama prosesinə zərbə vurmaq və bu zaman məsuliyyəti Azərbaycanın üzərinə atmaq. Ancaq təkrar edirəm: Azərbaycan öz sözləri və hərəkətlərində yekdildir. Biz həmişə vicdanlı şəkildə və qoyulan hədəfə doğru dönmədən hərəkət edirik. Bu işdə beynəlxalq hüquq və ədalət bizimlədir”.

Lakin nazir danışıqların detallarını açmaqdan imtina edib: “Bəllidir ki, danışıqlar konfidensial xarakter daşıyır və detallar açıqlanmır. Ancaq bu günədək həmsədrlər tərəfindən, həmçinin həmsədr dövlətlərin rəhbərləri səviyyəsində verilən bəyanatlarda nizamla prosesinin ümumi çərçivələri cızılıb. Onların hamısında konfliktin mərhələli həllinin elementləri, yəni münaqişənin nəticələrinin addımbaaddım aradan qaldırılması əksini tapıb. Orada ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad olunması və həmin ərazilərdən qovulan azərbaycanlıların öz doğma yurdlarına qayıtması, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması yer alır. Dağlıq Qarabağın hər iki icmasının müəyyən müddətə birgə yaşayışı üçün şəraitin təmin edilməsi, sonrakı mərhələlərdə isə Azərbaycanın ərazi bütövlüyü gözlənilməklə regionun statusuna baxılması nəzərdə tutulur. Guya bu elementlərin müzakirə edilmədiyini və danışıqlar stolu üzərində heç bir sənədin olmadığını iddia edən erməni tərəfi öz həmvətənlərini aldatmaqdansa, yaxşı olar, boş yerə vaxt itirmədən öz xalqını beynəlxalq ictimaiyyət qarşısında razılaşdığı kimi, sülhə hazırlasın”.

Yaranmış duruma rəğmən, Azərbaycanım baş diplomatı konfliktin sülh danışıqları ilə həllinin mümkün olduğunu söyləyib.

“Bundan ötrü isə yalnız tərəflərin siyasi iradəsi gərəkdir. İşğal faktı aradan qalxmadan təhlükəszilikdən, yüz minlərlə insanın təməl haqqı bərpa edilmədən isə insan haqlarından danışmaq mümkün deyil. Əgər biz sülh, təhlükəsizlik, normal qonşuluq münasibətləri arzusundayıqsa, nəhayət, tərəqqi istəyiriksə, o zaman konfliktin dediyim ağır nəticələri aradan qaldırılmalı, dövlətlər bir-birinin beynəlxalq səviyyədə danınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə sayğı göstərməlidir. Sülhün başqa formulu mövcud deyil”, - deyə E.Məmmədyarov sonda vurğulayıb.

P.S. Nazirin müsahibəsinin rusca versiyası ilə BU LİNKDƏ tanış ola bilərsiniz.
Diaspora