"Mərhələli variant ətrafında danışıqlar prosesi artıq son tura yaxınlaşır, çünki..."

"Mərhələli variant ətrafında danışıqlar prosesi artıq son tura yaxınlaşır, çünki..." backend

Ermənistan xüsusi xidmət orqanının keçmiş rəhbəri, siyasi xadim David Şahnazaryan erməni saytına müsahibə verib.

David Şahnazaryan indiki hakimiyyətə müxalif mövqedədir. Qarabağ ətrafında gedən danışıqların Ermənistanın əleyhinə olduğunu sübut etməyə çalışır. Şahnazaryanın dediklərində subyektiv yanaşmalar olsa da, həqiqət payı da az deyil. Müsahibə həm də Ermənistanda siyasi qüvvələr arasında münasibətləri, Qarabağ probleminə yanaşmada mümkün fərqli mövqeləri bilmək baxımından da maraqlı təsir bağışlayır.

Qeyd olunanları nəzərə alaraq Moderator.az müsahibədəki fikirləri diqqətinizə çatdırır.

“Mənim üçün gözlənilməz heç nə baş vermədi, çünki həmişə demişəm ki, Paşinyan məhz mərhələli variantı müzakirə edir. Bu, hər şeydən əvvəl, Lavrovun dediyi kimi, Artsax Silahlı Qüvvələrinin (əslində isə Ermənistan silahlı qüvvələri-tərcümə) ərazilərdən (beş rayondan) çıxarılması və ikinci növbədə, işləməyəcək bəzi kommunikasiyaların açılması, Azərbaycanın tərkibinə daxil olmağı istisna olmamaqla Dağlıq Qarabağın hansısa müvəqqəti statusu. Hiss olunur ki, bu ərazilər azərbaycanlılara qaytarılacaqdır.

Qalan məsələlər - hansısa müddətə referendum yolu ilə həyata keçirilməli olan Dağlıq Qarabağın statusu, hətta sülhməramlılar məsələsi, o cümlədən Dağlıq Qarabağ ərazisində ermənilərin və azərbaycanlıların birgə yaşayış zonalarının yaradılması məsələsi bu sənəddə öz əksini tapacaqdır.



Xatırlayırsınızsa, Paşinyan hakimiyyətə gələn ilk günlərdə danışıqları əvvəlki hakimiyyətdən qalan nöqtədən davam etdirməyəcəyini dedi, guya o öz nöqtəsindən danışıqlar aparır. Lavrov Paşinyanın bu “maddəsini” aşkar etdi, bu da bəzi ərazilərin qaytarılmasını, qalan məsələlərin, o cümlədən Dağlıq Qarabağın statusunun gələcək danışıqlar üçün buraxılmasını bildirir. Ermənistanın hazırkı hökumətinin danışıqlarının mahiyyəti budur. Lavrov, keçən il aprelin 15-də Moskvada bir toplantıdan bəhs etdi, bu müddətdə belə bir sənəd danışıqlar masasında idi və bundan sonra da məhz bu sənəd ətrafında müzakirələr aparmağı davam edirlər.

Sonrakı danışıqlar 4 iyunda Vaşinqtonda, 24 sentyabrda Nyu Yorkda, 4 dekabrda Bratislavada, bu il 28-30 yanvarda Cenevrədə davam etdi, bu maddələrin həyata keçirilməsinin elementləri ətraflı müzakirə edildi.

Ermənistan Xarici İşlər Nazirliyi və ümumilikdə erməni tərəfi reallığı gizlətməkdə davam edir, yalan danışmaqda davam edir. Absurd, bir-birinə zidd olan açıqlamalar verilir: Nikol Paşinyan deyir ki, qərar Ermənistanı, Artsaxı və Azərbaycanı qane etməlidir, Zohrab Mnatsakanyan iddia etdi ki, "heç bir danışıq yoxdur", "bu məsləhətləşmədir", "masada sənəd yoxdur”.

Və 2016-cı ilin aprel döyüşlərindən sonra danışıqlar masasında ərazilərin nizamlanması və ya təslim edilməsi məsələsi deyildi, ancaq bir gündəm var idi - Artsax-Azərbaycan arasındakı təmas xətti boyunca beynəlxalq elementlərin tətbiqi. Vyana, Sankt-Peterburq, Cenevrə görüşlərinin gündəmində olanlar.

Bu, bütün danışıqlar prosesində Ermənistan tərəfinin xeyrinə olan maksimum nailiyyət idi. Bu vəziyyətdən çıxmaq üçün Bakı 2016-cı ilin aprel ayında yeni bir müharibəyə başladı, lakin sərt bir cavab alaraq, tamamilə erməni tərəfinin gündəmini rəhbər tutmağa məcbur oldu.

Əminəm ki, mərhələli variant ətrafında danışıqlar prosesi artıq son tura yaxınlaşır, çünki Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu sənədin masada olduğunu, danışıqların olduğunu və imzalanmalı olduğunu söylədi. Bu, Ermənistan hakimiyyətinə, hər şeydən əvvəl Paşinyana, respublika cəmiyyəti ilə səmimi olmağın, reallığı gizlətməmyin çağırışı oldu, çünki baş nazir artıq iki ildir ki, belə edir.

Bəzi mənada bu bir xəbərdarlıq idi ki, əgər Ermənistan hökuməti reallıqları cəmiyyətdən gizlətməyə davam edərsə, Rusiya sadəcə erməni cəmiyyətinin özü ilə danışmağa başlayacaqdır. Lavrov öz adından danışmadı, ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışdı və həmsədr ölkələrin yekdil rəyini təmsil etdi və bu, Ermənistan Respublikası hakimiyyəti üçün də həddən artıq gözlənilməz oldu. Lavrov Ermənistan-Rusiya münasibətlərini də açıqladı”.

Sözardı: İlk baxışdan müsahibədə qeyd edilənlər ola bilsin ki, bizim üçün xoş təsir bağışlasın və sanki Şahnazarovun dediklərinin günü sabah həyata keçəcəyinə inandırsın. Nəzərə alın ki, David Şahnazaryan Ermənistan Təhlükəsizlik xidmətinin keçmiş sədri olub, Azərbaycan torpaqlarını prezidentliyi dövründə işğal edən Ter-Petrosyanın qudasıdır və Paşinyan hakimiyyətinin tezliklə Moskva tərəfindən uzaqlaşdırılacağına ümid edən və yenidən hakimiyyətə gəlmək üçün çalışan siyasətçidir. Bu müsahibə ilə erməni cəmiyyətini Paşinyana qarşı qaldırmaq niyyəti açıq hiss olunur, eyni zamanda bizi də arxayın salmaq niyyətini güdür. Beynəlxalq görüş zamanı iki günlük söhbətlərimizdə onun çox hiyləgər olduğunu şəxsən müşahidə etmişəm. Şahnazaryan həmsöhbətinə xoş gələn sözlər deməyi sevir. Məsələn, mənə “Qalatasaray” klubunun UEFA çempionu olanda, guya əvvəldən türk klubuna azarkeşlik etdiyini deyən kimi. Bunu vurğulamaqda məqsəd odur ki, tələsik “Qarabağı qaytarırlar” eyforiyasına girməyəsiniz, çünki artıq bunu “sensasiya” kimi qiymətləndirən saytlar müşahidə olunur. Sadəcə, vəziyyəti dəyərləndirib düzgün siyasi-hərbi addımlar atmaqda gecikməmək lazımdır.

Tərcümə və sözardı: İlham İsmayıl
Diaspora