Qarabağın işğaldan azad edilməsinin 100-cü ildönümüdür.
Məhz 100 il bundan öncə 1920-ci ilin martın 21 -də erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. O zaman Azərbaycan ordusu Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrini geri oturtmaq üçün Əsgəranda böyük zəfərə nail olmuşdu.Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə Əsgəran zəfərini əks etdirən məqalə yazıb. 1920-ci il aprelin 6-da dərc olunan məqaləni tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova paylaşıb.
Modern.az Məhəmməd Əmin Rəsulzadənin “Ordumuz zəfərdə” məqaləsini təqdim edir:
“Ordumuz zəfərdə
Müşkülatlı günlərdə dəxi qərəzləri unuda bilməyən, hesablarını sabaha qoymaq istəməyən "siyasi"lərimizin, giriftarlığımızdan istifadə eləməyi unutmayan rəqiblərimizin, talein qaş çatmasını görüncə zəhərxəndələrlə gülən düşmənlərimizin bilərək-bilməyərək əfkari-ümumiyyədə doğurduqları böyük bir şübhə vardı. Əcəba, Əskəranı təkrar alacaq, Qarabağ üsyanını basdıra biləcəkmiyiz?!... Aprelin birində Məclisi-Məbusan kürsüsündə hökumət naminə məlumat verən daxiliyyə naziri hər kəsi düşündürməkdə olan bu suala: "Yaxın bir zamanda Qarabağda bərhəm olan intizam və asayiş təkrar bərqərar olur!" deyə cavab veriyordu. Fəqət ürəkləri siyasəti-vəsvas ilə dögünən, dilləri isə xeyrə pək də alışqın olmayan münəqqid məbuslar isə bu mətin bir etimadla söylənən bəyanata qarşı zəhərxənd istehza fırlataraq: -Bu hökumət yapamayacaqdır! - diyorlardı. Məbusanda bu qədərlik bir kinayə ilə millətin ümid və imanına rəxnə vuran "bədniyyətlik" əfkari-ümumiyyəyi yasamiz xəbərlərlə əziyor, ümumi bir həyəcan doğuruyordu. İmanları qəvi, təbiətləri nikbin olanlarımız hər nə qədər bunun "iki günlük" bir məsələ olduğunu bəyan ediyorlardısa da təvəhhüm tamamilə ortadan qalxmıyordu. Böylə ikən mübahisəyə gənc ordumuz müdaxilə etdi. Bütün Azərbaycanı başdan-başa sürürə qərq edən bir xəbər gəldi: - Əskəran alındı! Əskəran erməni asilərinin əhdi-şəkinanə bir surətdə gecə basqını yaparaq ələ keçirdikləri bir istehkam idi. Bu istehkam bir boğaz üzərində vaqe olub iki tərəfində vaqe olan yüksək sərtlər tamamilə erməni köyləri tərəfindən məskundur. Qarabağın Dardanelini təşkil edən bu keçid tarixdə çox böyük orduların qabağını saxlıyaraq çox böyük müdafiələrə şahid olmuşdur. Burada beş yüz fədakar və müsəlləh adam olursa firqələrin qabağını saxlaya bilər. Keçidin ətrafı dəxi asi erməni küylərindən ibarət olunca təsəvvür etməlidir ki, cavan Azərbaycan əskəri nə kibi bərk bir səngəri almaq vəzifəsilə müvəzzəfidi. Qəhrəmanlarımız öhdələrinə götürdükləri vəzifəyi parlaq bir surətdə ifa eldilər. "Ya Allah, Əskəran yenə bizimdir!" deyə millətin qəlbinə girib də vəsvəsələr çıxaran xənnası susdurdular. Cəbhədən dönüb gələn bir arkadaşımız əskərlərimizin xudapəsəndanə bir surətdə dögüşdüklərini anlatırkən diyordu ki, Daş Başı hücumuna hazırlanan bir əskərə "haraya gediyorsunuz" - deyə sorduğum zaman "Daş Başına gediyoruz ki, onu baş daşı edəlim" cavabını verdi. İştə həpimizə nümunə olacaq əzm və ümidin şairanə bir misalı! Əskəran zəfəri ordumuzun yapdığı təcrübələr içərisində demək olur ki, ilk zəfərdir. Lənkəran səfəri yalnız ordunun səlaməti ilə həll olunmuş, orada silah sınamağa ehtiyac qalmamışdı. Zəngəzur hadisəsi hər nə qədər ordumuzun şücaətini göstərmişdisə də, nəticə etibarilə bir zəfər olamamışdı. Əskəran artıq gənc ordumuz üçün həqiqi bir sınaq oldu. Lillahilhəmd ki, bu sınaq Azərbaycanın laleino inanan bütün mömin qəlblərə sevinc verdi, vəsvəsəli ürəklərə dayaq oldu. Düşmənin xəyanətinə qarşı mahiranə bir surətdə müqabilə edən Şuşa və Xankəndi qarnizonları ilə vuruşacaq bu qəhrəman qüvvəllərimiz artıq əmin olalım ki, erməni macəraçılığına qəti bir intəha verərək Qarabağ məsələsini birdəfəlik həll edəcəkdir.
- Yaşasın gənc ordumuz! Ulu tanrı zəfərlərini çoxaltsın!... Ordumuzun zəfərindən bəhs edərkən məmləkətin hər tərəfindən axıb gələn fədakar könüllülərimizdən uzun-uzadıya bəhs elmək istəmədim, çünki ordu millətin qabiliyyəti-müdafiəsini təsdiq edən bir qüvvətdir. Ordunun zəfəri millətin, millət fədailərinin zəfəri deməkdir. Müzəffər ordumuza verilən səlah ordu ilə bərabər qanını axıdan bütün fədailərə aiddir. Səyləri məşkur, ruhlar şad olsun!
M.Ə. Rəsulzadə, "Azərbaycan", 6 nisan (aprel) 1920, №68
Firqə - bölük, dəstə
Təvəhhüm - vahimələnmə
Müvəzzəf- vəzifəli
Xənnas-iblis, şeytan
Vəsvas -yoldan çıxaran, iblis
Məşkur-təşəkkürə layiq, yaxşı
Sürur-şadlıq, sevinc”.