“Yaqub Məmmədovu da, Rəhim Qazıyevi də xəbərdar etsək də, heç bir tədbir görmədilər...”
" Ermənistan rəhbərliyi ilə danışıb diplomatik yolla əsirlərimizi xilas etmək mümkün olardı..."Bəlli olduğu kimi, işğalçı və terrorçu ermənilər hər il aprelin 24-də qondarma “erməni soyqırımı”nın “anım” mərasimini qeyd edirlər.
Halbuki, türkləri haqsız yerə soyqırımında günahlandıran düşmənlərimiz özləri son 3 əsrdə bəlkə də milyonlarla türkü, azərbaycanlını, ümumiyyətlə, kürd, ləzgi, talış, avar, tat və s. fərq qoymadan əllərinə keçən hər bir müsəlmanı olmazın işgəncələrlə qətlə yetiriblər. Hələ 31 Martı, Xocalını demirik, elə həmin qondarma “soyqırımı” ildönümlərində minlərlə dinc insanı “qurban” kimi edam etmələrindən danışmaq kifayətdir...
Moderator.az əməkdaşı 28 il öncə - qondarma “erməni soyqırımı” günündə yüzlərlə azərbaycanlı əsirin misli görünməmiş amansızlıqla edamı səhnələrini gözləri ilə görmüş Şuşadakı 777 saylı hərbi hissənin kəşfiyyat rəisi, polkovnik Azay Kərimovun ürəkdağlayan söhbətini dinləyib:
“1992-ci ilin aprelin ortalarında ermənilər içərisindəki agentura şəbəkəmiz və radio-kəşfiyyat vasitəsilə ayın 24-də, yəni qondarma “genosid” günü ermənilərin yüzlərlə azərbaycanlı əsiri qətlə yetirəcəyi haqda məlumat aldıq. Kütləvi qətl “mərasimi”nin Xocalı və Xankəndi arasında yerləşən Ballıca kəndi yaxınlığında icra ediləcəyi gözlənilirdi. Dəqiqləşdirdik ki, kütləvi qətliam Berd adlanan bir yüksəklikdə təşkil olunacaq. Aprelin 20-də mən bir neçə əsgərlə həmin yerin yaxınlığında olub müşahidələr apardım. Gördük ki, artıq orada hazırlıq işləri gedir, dar ağacları qurulur. Amma Şuşadan həmin yüksəkliyə hər hansı bir bölük, yaxud tağım sızdıraraq əsirləri xilas etməyə çalışmaq mənasız idi; çünki ətrafda, hər yerdə erməni qüvvələri var idi. Yəni Berd yüksəkliyinə gedib çıxa bilsək də, real nəticə əldə edə bilməyəcəkdik. Bu məsələ, dövlət, Müdafiə Nazirliyi səviyyəsində həll olunmalı idi. O yüksəkliyə vertolyotla desant atmaq və qısa müddətdə, operativ şəkildə, digər istiqamətlərdən düşmənə yayındırıcı zərbələr endirməklə əsirləri xilas etmək olardı. Digər daha optimal yol isə həmin soydaşlarımızı siyasi-diplomatik yollarla, Ermənistan rəhbərliyi ilə danışıqlar sayəsində ölümdən qurtarmaq idi... Ona görə də aprelin 20-dən başlayaraq iki dəfə mən özüm, bir dəfə də komandirimiz Elçin Məmmədov Prezident səlahiyyətlərini icra edən, o vaxtkı faktiki Ali Baş komandan Yaqub Məmmədovla telefonla danışıb vəziyyəti məruzə etdik. Sonda Yaqub müəllim əsəbiləşib səsini qaldıraraq bizə dedi ki, bir də mənə zəng etməyin, gedin Rəhim Qazıyevlə əlaqə saxlayın, sizin naziriniz odur. Dedik, axı biz Rəhim Qazıyevlə əlaqə yarada bilmirik, vəziyyət də belədir; 150 dar ağacı qurulub, yüzlərlə soydaşımızın növbəti qətliamı gözlənilir...
Xülasə, Azərbaycan rəhbərliyi səviyyəsində heç bir tədbir görülmədi və bizə yalnız gözümüz görə-görə yüzlərlə azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə qətliamını, sadəcə, müşahidə etmək qaldı. İnanın yadıma düşəndə, bağrım çatlayır, ürəyim partlayır, yerə-göyə sığmıram...
Aprelin 24-də 4 hərbçi ilə birgə yenə də nəsə bir iş görmək ümidi ilə gizli şəkildə qarlı havada ağ masxalatlarla Berd yüksəkliyinə tərəf yollandıq. Təxminən 150 metr məsafədən baş verən amansız səhnəni müşahidə etdik. Əvvəlcə düşmənlər bir böyük daşın üzərinə bir qırmızı parça sərdilər. Bilmirəm, bəlkə “Daşnaksütyun”un, yaxud “ASALA”nın bayrağı idi. Həmin əski parçasının üzərinə bir tapança qoydular. Sonra 5-6 erməni axçiyi nəsə oxudu və hərəsi həmin tapançadan göyə 3 güllə atdı. Əsirlərin əksəriyyəti qadınlar idi, başlarına yüz oyun açıb, hamısını lüt şəkildə dar ağacından asırdılar... Ah-nalədən, qışqırtıdan qulaq tutulurdu. Çox dəhşətli mənzərə idi... Hərbçi və mülki ermənilər sayca bizdən qat-qat çox idi. Ona görə də bizim – 5 nəfərin bu qətliamın qarşısını alması mümkün deyildi...
Bu barədə 2000-ci illərdə “ANS”dəki məşhur “Ən yeni tarix” verilişində də danışmışam və hər şeyi birbaşa Yaqub Məmmədovun üzünə demişəm. O da etiraf edib ki, bəli, yadımdadır, siz mənə bu barədə zəng edib dediniz, mən də Rəhim Qazıyevə dedim, lakin, təəssüf ki, o, bir tədbir görmədi. Sonrakı illərdə Rəhim Qazıyevlə görüş və söhbətlərimizdə, o cümlədən “youtube”yə yüklənmiş video-debatımızda ona da hər şeyi demişəm. Təəssüf ki, indi həmin video “youtube”dən silinib...”
“Bütün bu deyilən, deyilməyən tarixi faktlardan sonra bizim ermənilərlə hər hansı danışıq-filan aparmağımız özümüzü dolamaqdır, axmaqlıqdır, sadəcə. Yalnız gerçək döyüşlə, müharibə ilə biz yüzlərlə şəhidimizin, əsirimizin, zorlanmış qız-gəlinlərimizin qisasını ala bilərik. Qalan hər çey mənasızdır. Bizim indiki yaşamımız, nəfəs almağımız kimi...”- deyə peşəkar kəşfiyyatçı polkovnik vurğulayıb.