Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasına məktub göndərib.
Qaziler.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli Konqres üzvü,
Mən, Amerika Birləşmiş Statları Konqresinin Erməni lobbisinə yaxın olan nümayəndələri - Frank Pallone, Jake Spayer, Qus Bilirakis və Adam Şiffə - Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz “təbrik məktubu” göndərmələrini qınayıram və etiraz edirəm.
Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun qeyri-qanuni şəkildə işğalına davam edərkən Azərbaycan icması 28 ildən çoxdur ki, etnik təmizlənmə yolu ilə zorla evlərindən qovulmuş və təməl insan haqlarından məhrum edilmişdir.
Bu kontekstdə 31 mart və 14 aprel tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərindəki "seçki şousu"nu qanuniləşdirməyə cəhd etmək məsuliyyətsizlikdir, çünki beynəlxalq ictimaiyyət, o cümlədən Amerika Birləşmiş Ştatları, yekdilliklə qanun və ədalətin tərəfini tutaraq “seçki şousu”nu qəti şəkildə rədd etmiş, Azərbaycanla həmrəy olduğunu ifadə etmişdir. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin etnik təmizlənməsinin və qanunsuz işğalının nəticələrini qəbul etməyəcəyi barədə çox güclü bir mesaj göndərir.
İnsanların hüquqlarına, ümumbəşəri dəyərlərə və qanunun aliliyinə sadiq olduqlarını sübut etmək üçün həmin nümayəndələr yaxşı olardı ki, Ermənistanı vəziyyəti daha da ağırlaşdıran qanunsuz əməllərdən çəkinməyə, işğal olunmuş ərazilərdən çəkilməyə və konstruktiv şəkildə sülh danışıqlarını davam etdirməyə çağırış edə bilərdilər.
Lakin bunun əksinə, yuxarıda adı çəkilən nümayəndələr ABŞ-ın əsas insan haqlarına hörmət və ümumbəşəri dəyərlər üzərində qurulan dövlətçiliyinin təməl prinsiplərinə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilərn etnik təmizlənmə siyasətini dəstəklərini göstərdilər. Təəssüf ki, bu şəxslərin hərəkətləri Ermənistan cəmiyyətində tarixən bir etnik qrupun digərindən üstünlüyü haqqında bədnam rəvayətlər irəli sürənlər tərəfindən dəstəklənməkdədir. Bu isə nə Ermənistan üçün, nə də ümumilikdə regionun gələcəyi üçün müsbət heç nə vəd etmir.
Hətta həmin nümayəndələri bu “seçki şousu”nun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki sakinlərin COVID-19 infeksiyasına yoluxma riskinin yüksək olduğu bir vaxtda keçirilməsi belə narahat etmirmiş. Bu amillər isə həmin nümayəndələrin işğal altındakı ərazilərdəki sakinlərə ümumiyyətlə əhəmiyyət vermədiklərini, ancaq xüsusi bir siyasi qrupun maraqlarına xidmət etdiklərini göstərir.
Təəssüf ki, faktlar və arqumentlər sübut edir ki, belə bir məktubun göndərilməsinin əsl mahiyyəti ABŞ-da yaşayan erməni diasporunun bəzi üzvlərinin təşviqi ilə bütün mənəvi və siyasi prinsiplərə, ləyaqətə zidd olaraq, sırf şəxsi qazanc məqsədi ilə həyata keçirilmişdir.
Qısacası, Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirən, Azərbaycanlılara qarşı həyata keçirilmiş ayrıseçkilik və etnik təmizləməyə təşviq edən məsuliyyətsiz “məktub” həm mənəvi, həm qanuni və həm də siyasi baxımdan tamamilə yalnışdır. Konqres üzvlərinin edə biləcəyi ən yaxşı şey, bütün məcburi köçkünlərin əsas insan hüquqlarınının təmin edilməsi üçün və həm erməni, həm də azərbaycanlı icmaları arasında dinc yanaşı yaşamağa xidmət edəcək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək addımlar atmaqdır. Bu ABŞ-ın siyasi rəhbərliyi tərəfdən həm müsbət bir nümunə, həm də davam edən ayrıseçkilik üzərində insan haqlarının qələbəsi olardı.
Sonda vurğulayıram ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması münaqişənin dinc yolla həllinin və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dinc yanaşı yaşaması və inkişafı yolunda səylərini əsirgəmir, bu məqsəd üçün yorulmadan çalışır. Beynəlxalq ictimaiyyətə, o cümlədən ABŞ-da bizim haqqlı mübarizəmizi dəstəkləyənlərə minnətdarlığımızı bildirir və ədalətin əleyhinə olanları isə bu yalnış yoldan çəkinməyə çağırırıq".