Bu gün əfsanəvi qəhrəman Allahverdi Bağırovun ad günüdür...
Cəmiyyətdə hamının bildiyi və güldüyü bir ağdamlı obrazı yaradılıb - maşın satan, alverçi, hər işdə xeyir güdən və s.Şüurlu surətdə yaradılıb. Qarşı tərəf 15-20 ildən sonra bu ruhlar şəhərinin ölkənin ən ağır günlərində 5 il fasiləsiz düşmənlə üz-üzə dayanmasını, torpaq uğrunda 6 min şəhid verməsini unutdurub, maşın alverçisi obrazını yaddaşlara həkk etmək üçün xeyli iş görüb. Bizə yaxşı bələd olan qonşularımız Ağdamı öz əlimizlə öz yaddaşımızdan cümlə-cümlə silir və biz də ona alət oluruq...
Nə isə, öz işinizdir, alət olmaq istəyirsiniz, olun. Amma bu yazdığımı mütləq oxumağınızı istəyirəm... Hətta xahiş edirəm:
Bir gün hər şey unudulacaq, hamısı elə qəşəng yaddan çıxacaq... Xoş günlər görəcəyik, qan-qadanı unudacağıq... Övadlarımız olmasa da, nəvələrimiz bir yerdə yaşayıb, dost olacaqlar, ailə quracaqlar... Can deyib, can eşidib, süfrəyə bir-birlərindən ayrı oturmayacaqlar... Məşhur "kirvəlik institutu" bərpa ediləcək...
Bizim bu gün kənd-kənd dolaşıb araşdırıb yazdığımız nə varsa, bir kibrit çöpü ilə külə çevriləcək, yaddaşlardan silinəcək...
Artıq qocalıb, əsaya ümid olan biz elə zorla bu günləri xatırlatmaq istəyəndə, gənc nəsil sözümüzü ağzımıza təpəcək: Ta bəsdirin də!
Sonra da qeyzlənib, yüksək səslə deyəcəklər: Ölmür ki, canımız qurtarsın...
Bizim də axı qocalıqdan qulağımız eşitməyəcək... Bəlkə ağıllı bir söz deyir, bu günlərlə bağlı nə isə soruşur deyə "Hıııy" soruşacağıq... O da fikir verməyəcək... Biz də gözümüzü bir nöqtəyə zilləyib ömürdən qalan günləri sayacağıq...
...Ömür qısaldıqca həyat şirinləşəcək, həyatımızın ən yaxşı çağlarının müharibədə heyif olduğunu düşünəcəyik... Dərdimizi kimsəyə deyə bilməyəcəyik ki, evdəki "qonaq" inciyəcək... Nəvələrin qədəhi cingildəyəcək... Ölmək istəyəcəyik, ölüm də heç cürə gəlib çıxmayacaq....
...hər şey unudulacaq... Bütün ağrılar... acilar... faciələr... xəyanətlər...
...bu savaşdan geriyə çox, çox az adam qalacaq... Tarixdən 3, ya 5 adamın adını silə bilməyəcəklər... Onlardan biri Allahverdi Bağırovdur... Çünki bu savaşda hər iki tərəf - əzən də, əzilən də onun böyük sərkərdə olduğunu qəbul edib...
Müsahiblərim həmişə onun adını xüsusi ehtiramla çəkib, xocalılar onun haqqında xilaskarları kimi danışıblar. Bu, doğrudan da belədir. Bir neçə günə 1003 nəfəri girovluqdan azad etmək ağla gətirə bilməyəcəyiniz şücaətdir... Bu sayda əsiri, belə qısa müddətə azad etməyi heç BQXC nümayəndələri də bacarmayıb...
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun 74 yaşı tamam olur, həyatını xilas etdiyi xocalıların yaddaşında isə həmişə 46 yaşındadır...
Ruhunu, xidmətlərini ehtiramla yad edirik...
Nur içində uyu, komandir!