Rusiyanın Qarabağla bağlı aktivləşməsinin pərdəarxası

Rusiyanın Qarabağla bağlı aktivləşməsinin pərdəarxası backend

Həmsədrlərin “taym-aut” götürdüyü koronaviruslu dönəmdə Moskvada səslənən açıqlamalar nədən xəbər verir? Politoloq: “Həmişəki kimi, Rusiya Ermənistanın sözçüsü kimi çıxış edir...”

Ötən həftə Rusiyadan Qarabağla bağlı növbəti açıqlamalar gəldi. Əslində ilin-günün bu vaxtında, yəni koronavirus pandemiyasının dünyaya hökmranlıq etməsi səbəbindən konflikt ocaqları daxil, bir çox mövzular arxa plana keçib. Amma bu durumda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvadakı brifinqdə bildirdi ki, koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir.

Düzdür, rusiyalı diplomat XİN rəhbəri Sergey Lavrovun son həftə ərzində İrəvan və Bakı ilə telefon əlaqəsi saxlaması, hər iki həmkarı ilə apardığı danışıqlar səbəbindən brifinq keçirib. Amma istənilən halda, elə S.Lavrovun Ermənistan və Azərbaycan XİN başçıları ilə telefonlar danışmasının səbəbi də çox maraqlıdır. Özü də Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla üç günlük fasilə ilə iki dəfə danışdı.

M.Zaxarova isə deyib ki, müzakirə mövzusu Qarabağ olub. Sitat: “Həqiqətən, koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir. Sualda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri cənab Məmmədyarovla telefon danışıqları xatırlandı. Belə ki, daha əvvəl, aprelin 8-də Lavrovla onun erməni həmkarı cənab Mnatsakanyan arasında telefon danışığı olub. O cümlədən nizamlanma ilə bağlı məsələlər də nəzərdən keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, Fransa və ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Kaspşik tərəflər ilə müntəzəm əlaqə saxlayırlar. Davam edən məsləhətləşmələr seriyasında koronavirus infeksiyası mövzusu, onun danışıqlar prosesinə təsiri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bəzi məsələləri diqqət mərkəzindədir. Sərhəddə, təmas xəttində vəziyyət müzakirə olunub. Həmsədrlərin ortaq fəaliyyəti barədə məlumatı onların 19 mart tarixli birgə bəyanatından almaq olar. Bəyanat ATƏT-in saytında yerləşdirilib”.

Rusiya XİN rəsmisi, həmçinin Rusiya və Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizədə əməkdaşlığını şərh edərkən deyib: “Yeni koronavirus infeksiyasına qarşı mübarizədə və onun sosial-iqtisadi fəsadlarının aradan qaldırılması sahəsində ölkələrimizin səylərinin əlaqələndirilməsi məsələləri hazırda hər iki tərəfin gündəliyində duran mühüm mövzudur. Rusiya və Azərbaycan arasında bu sahədə sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub. Mövzu bir neçə dəfə iki ölkənin hökumət başçıları – cənab Mişustin və cənab Əsədov, xarici işlər nazirləri – müvafiq olaraq, cənab Lavrov və cənab Məmmədyarov tərəfindən müzakirə edilib. Rusiya və Azərbaycanın sahəvi qurumları da əlaqə saxlayır. Virusun laboratoriya şəraitində diaqnostikası məqsədilə cari ilin mart ayının əvvəllərindən Rusiya tərəfindən Azərbaycana 12 min tədqiqat üçün 120 dəst test sistemi verilib. Biz bundan sonra da tərəfdaşlarımıza lazımi köməklik göstərməyə hazırıq. Moskva və Bakı ölkələrimizin vətəndaşlarının öz vətənlərinə qayıtmaları məsələsində sıx əməkdaşlıq edirlər. Biz bu məsələdə göstərilən köməyə görə Azərbaycan tərəfinə minnətdarıq. Bu, birgə səylərdir. Bir sözlə, işləyirik”.

Koronavirusla bağlı məsləhətləşmələr və əməkdaşlıqlar normaldır. Lakin Minsk Qrupu həmsədrlərinin koronavirus səbəbindən danışıqlarda “taym-aut” götürdükləri və hətta ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin regiondakı fəaliyyətinə ara verərək, başının dəstəsi ilə ölkəsinə döndüyü indiki məqamda Rusiya XİN-in bu münaqişə bölgəsinə diqqət artırması maraqlıdır. Özü də Rusiya daha çox erməni separatçıların Dağlıq Qarabağda “seçki” oyunu keçirdiyi dönəmdə hərəkətə keçdi. Baxmayaraq ki, Rusiya daxil, dünyanın heç bir ölkəsi bu şounu ciddi qəbul etmədi və nəticələrini tanımadı. Amma ortada Lavrov faktı olması narahatlıq doğurur. Çünki Ermənistanın himayədarlarından biri olan baş diplomat bir neçə il əvvəl “Dağlıq Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” deməklə əsəblərimizi tarıma çəkmişdi. Ötən ilin payızında isə S.Lavrov İrəvanda olarkən “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma imzalana bilməz. Ermənistan sadəcə bunu imzalamayacaq. Biz də bunu nəzərə alırıq” - deməklə işğalçı Ermənistanın “ürəyinə su səpdi”.

Bütün bunların fonunda Lavrovun Qarabağla bağlı fəaliyyətindən Azərbaycana xeyir gələcəyinə kimisə inandırmaq çox çətindir. Özü də ABŞ və Fransanın başının koronavirus məsələlərinə qarışdığı bir məqamda Rusiyanın təkbaşına fəaliyyəti yaxşı perspektiv vəd etmir.

M.Zaxarova seperatçı rejimin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirdiyi “seçkilərə” münasibət bildirərkən deyib ki, Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. “Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir. Bununla da ATƏT-in Minsk Qrupu məşğul olur” - sözçü əlavə edib. Rusiya XİN sözçüsü bununla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatının olduğunu xatırladıb: “Hesab edirik ki, seçkilər əhalinin normal həyat fəaliyyəti üçün vacibdir. Bununla yanaşı, Rusiya Federasiyası, bildiyiniz kimi, Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir. Hesab etmirik ki, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra sülh yolu ilə nizamlanması prosesi hansısa mənada adıçəkilən tədbirdən asılıdır”.

M.Zaxarova məlum məsələyə münasibət bildirməsinin Rusiya XİN-in öz təşəbbüsü olmadığını, onlara ünvanlanan suala cavab olaraq bildirildiyini söyləyib.

Rusiya rəsmisi Qarabağdakı azərbaycanlı girovların məsələsinə də toxunub: “Əsirlərin dəyişdirilməsi məsələsi hər zaman danışıqların gündəmindədir”.

Zaxarova bu gün keçirdiyi brifinqdə “Azərbaycanla Ermənistan arasında əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi məsələsində hansı problem var” sualına cavabında belə deyib. Rusiya XİN rəsmisi bildirib ki, əsirlərin dəyişdirilməsi mövzusu bu ötən aprelində Moskvada keçirilən görüşdə müzakirə olunub: “Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və Minsk Qrupu həmsədrləri görüşdə iştirak ediblər. Görüş zamanı tərəflər həbsdə saxlanılan şəxslərin yaxınlarının onlarla görüşə bilməsi barədə qarşılıqlı razılığa gəlib. Bildiyiniz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə keçən ilin iyun ayında Azərbaycan və Ermənistan vətəndaşları vətənlərinə dönüb. Biz olduqca vacib olan bu aksiyanı alqışlayırıq və buna həbsdə saxlanılan şəxslərin dəyişdirilməsi istiqamətində ilk adım kimi baxırıq”.

Rusiya XİN rəsmisinin sözlərinə görə, digər həbsdə saxlanılanlarla bağlı da iş gedir: “Əgər bu barədə razılıq əldə olunsa, biz sözsüz ki, bunu dəstəkləyəcəyik”.

Göründüyü kimi, Ermənistanı hər cür himayə etməsinə rəğmən, Rusiya rəsmisi işğalçının iradəsindən kənar hansısa ifadə işlətməyib. Hətta separatçıların oyunbazlığına da olduqca soyuqqanlı davranış sərgilənib.

Narahatlıqlar var ki, dünyanın başının koronavirus pandemiyasına qarışdığı bir məqamda Rusiya Qarabağla bağlı özünə sərf edən hansısa variantların reallaşması üçün hərəkətə keçə bilər.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı Musavat.com-a bildirdi ki, Rusiya bizim bölgə ilə bağlı siyasətində prioritet istiqamət kimi Qarabağ məsələsinə önəm verir: “Artıq biz şahidik ki, rəsmi Moskva digər həmsədr ölkələrin fəallaşmasını qısqanclıqla qəbul edir. Qeyri-rəsmi də olsa, digər ölkələr Cənubi Qafqaz siyasətində Rusiyanın aparıcı rolunu qəbul edir. Bu bizim siyasətimizdə də özünü göstərir. Dağlıq Qarabağ məsələsinin həllində Rusiyanın söz sahibliyini qəbul edirik. Birincisi, ona görə ki, Rusiya Ermənistanın strateji müttəfiqidir. İkincisi, Dağlıq Qarabağ Rusiyanın yardımı ilə işğal olunub və onun da iştirakı ilə işğaldan azad olunması ümidləri var”.

Q.Çaxmaqlı Rusiyadan gələn Qarabağ bəyanatlarını təsadüfi saymır: “İndi dünyanın başının koronavirusa qarışdığı vaxtda belə, Rusiyanın Qarabağla bağlı proseslərə diqqət etməsi bu məsələyə önəm verdiyinin göstəricisidir. Məncə, Rusiya ehtiyat edir ki, bu mərhələdə Azərbaycan hərbi güclə problemi həll etməyə girişə bilər. Zaxarovanın çıxışına mən də baxmışdım və Qarabağ məsələsinə xüsusi olaraq yer ayırmasının səbəbləri olduğunu da açıq sezdirmişdi”.

Politoloq Rusiya XİN rəhbəri Sergey Lavrovun son həftədə həm İrəvan, həm də Bakı ilə telefon əlaqəsi saxlamasını da təsadüfi saymır: “Rusiya XİN rəhbərinin də məsələləri aydınlaşdırmaq istəməsi buradakı durumun bizim bilmədiyimiz yöndə inkişafına bir işarədir. Həmişəki kimi, Rusiya Ermənistanın sözçüsü kimi çıxış etməkdədir. O biri həmsədrlərdən hələ səs çıxmır”.

Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov növbəti dəfə rəsmi Bakının prinsipial mövqeyini xatırladıb.

“Azərbaycan beynəlxalq ictimaiyyətdən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsiilə bağlı qəbul etdiyi qətnamələrin icrası üzrə təsirli addımlar atılmasını gözləyir” - nazir “The London Post” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfindən davam edən hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fonunda Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının açıq şəkildə pozulmasıdır.

Məmmədyarov daha sonra deyib: “Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki xüsusiyyətləri dəyişdirmək məqsədilə məqsədyönlü fəaliyyət aparılır. Bu cür hərəkətlər, o cümlədən qondarma seçkilər beynəlxalq hüquq normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulması deməkdir. Aydındır ki, bu cür siyasət və təcrübələr heç bir halda münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədləri ilə uzlaşmır və geniş beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsində təsbit edilmiş qaydalara əsaslanan dövlətlərarası münasibətlərin norma və prinsiplərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər görməsini tələb edir”.

Nazir əlavə edib ki, Azərbaycanın beynəlxalq münasibətlərin aparıcı iştirakçılarından gözləntisi BMT Təhlükəsizlik Şurasının tələblərinin icrası ilə bağlıdır. Şübhəmiz yoxdur ki, S.Lavrovla telefon danışığında da məhz Azərbaycan dövlətinin bu mövqeyi ifadə olunub. Azərbaycanın güzəşt limiti bitib, işğalçı və himayədarları bunu nə qədər tez anlasalar, yaxşıdır...

Qeyd: yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb.


Musavat.com
Diaspora