“Şəhid olduğunu bilirdim, amma buna inanmaq istəmirdim” - Aprel şəhidimizin atası...

“Şəhid olduğunu bilirdim, amma buna inanmaq istəmirdim” - Aprel şəhidimizin atası... backend

“Onu aprelin 11-də dəfn etdik və yeddi mərasimi də doğum gününə təsadüf etdi”.

Qazilər.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan hərbçimiz Adil Adilzadənin atası Kamran Adilzadə deyib. Şəhid atası bu gün doğum günü olan şəhidimizlə sonuncu dəfə aprelin 1-də danışdığını deyib:

“Doğum günü münasibətilə Adilin məzarını ziyarət etdik, başqa əlimizdən nə gəlir ki? Onunla sonuncu dəfə 2016-cı il aprelin 1-də axşam saat 17:40 radələrində danışdıq. Dedi ki, ata, nə olub hər gün zəng vurursunuz? Dedim ki, Adil, sənin üçün darıxdıq, səsini eştimək istədik. O, da cavabında dedi ki, Qarabağı qoruyuram, kefə gəlməmişəm ki? Mən də dedim ki, Qarabağa da qurban olum, sənə də. Həmin gün bir çox hərbçilərimiz evlərinə zəng vurub danışıblar, amma o, bizə heç nə deməyib ki, narahat olmayaq. Bizim sonuncu danışığımız bu oldu”.

Şəhid atası deyir ki, aprelin 2-də o, döyüşlərin başladığından xəbər tutub:

“Aprelin 2-də səhər işə gedəndə atışma səsləri eşitdim, çünki atışma səsləri aydın eşidilirdi. İki dəfə hərbi hissəyə getdim, amma məlumat ala bilmədim. Buna baxmayaraq ürəyimdə hiss etmişdim ki, Adilə nəsə olub, yenə də inanmaq istəmirdim. Telefonlarına da zəng çatmırdı, amma hər gün zəng vururdum. Bunları evdəkilər bilməsin deyə susmuşdum. Aprelin 8-də mənə Adilin şəhid xəbərini dedilər. Aprelin 10-da isə onun nəşi neytral ərazidən götürülərək bizə verildi. Aprelin 11-də isə Adili Mingəçevirdəki Şəhidlər Xiyabanında böyük izdihamla dəfn etdik. Bu gün isə Adilin doğum günüdür, Adilin yeddi mərasimi də ad gününə təsadüf etmişdi. Allah bütün şəhidlərimizi rəhmət eləsin!”

Qeyd edək ki, Adil Adilzadə 1993-cü il aprelin 17-də Mingəçevir şəhərində anadan olub. Şanlı aprel döyüşləri zamanı şəhid olan hərbçimizin bir bacısı yadigar qalıb. Ölümündən sonra şəhid Adil Adilzadə ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif olunub”.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Diaspora