Şanlı aprel döyüşlərindən dörd ili ötdü.
Ordumuzun qəhrəmancasına döyüşərək şəhid olan əsgərlərindən biri də müddətdən artıq hərbçi Adil Kamran oğlu Adilzadədir. A.Adilzadə 1993-cü il aprelin 17-də Mingəçevir şəhərində anadan olub. Ailədə bir bacı və bir qardaş olublar. Adil hərbi xidmətini cəbhənin Ağdam istiqamətində başa vurduqdan sonra evə qayıdıb. Bir müddət sonra o, yenidən orduya qayıdıb və MAXE kimi Tərtər rayonundakı hərbi hissələrdən birində xidmətə başlayıb.2016-cı il aprel döyüşləri zamanı Adil də mənfur düşmənə qarşı döyüşə başlayıb. O, Baş-leytenan Qabil Orucəliyev və Cavid Dədəkişiyevlə birlikdə düşməni ağır itkilərə məruz qoyub. Lakin sonda qeyri-bərabər döyüşdə hər üç hərbçimiz qəhrəmancasına şəhid olurlar. Onların nəşi neytral ərazidə qaldığı üçün yalnız aprelin 10-da ərizdən götürülərək Cavid Dədəkişiyev doğulduğu İmişli rayonuna, Qabil Orucəliyev Naxçıvana və Adil Adilzadə isə Mingəçevirə yola salınır. Aprelin 11-də, yəni bu gün hər üç hərbçimiz doğulduqları rayonda böyük izdihamla dəfn edilirlər.
Cavid və Adil subay idi, Qabilin isə bir neçə gün öncə oğlu dünyaya gəlmişdi. Elə Qabil Naxçıvana gedib yeni doğulan oğlunu və həyat yoldaşını xəstəxanadan evə aparmalı idi, amma qismət olmadı. Bir sözlə, Qabil övladının üzünü görmədən şəhid olur. Ailəsi Qabilin adını oğluna qoyurlar.
Adilin atası Kamran Adilzadə indi də övlad itkisinə görə fikir eləyir. Bir neçə ay öncə şəhid atası ürəyindən ağır əməliyyat keçirdi. Bacısı isə ailə quraraq gəlin köçdü.
Göstərdikləri qəhrəmanlığa görə Cavid Dədəkişiyev “İgidliyə görə”, Adil və Qabil isə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif olunublar. Bu gün məhz hər üç şəhidimizin torpağa tapşırılmasından dörd il ötür. Bundan sonra nə qədər illər keçir keçsin, fərqi yoxdur, onlar heç vaxt unudulmayacaq.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Moderator.az