Epidemiya günlərində Qarabağda "ildırım sürətli" müharibə... – Xanım ekspert mümkün sayırmı?

Epidemiya günlərində Qarabağda "ildırım sürətli" müharibə... – Xanım ekspert mümkün sayırmı? backend

"Belə bir variant əsla mümkün deyil”.

Sfera.az-a açıqlamasında bu sözləri dünya güclərinin diqqətinin koronavirusla mübarizəyə qarışdığı bir zamanda Azərbaycanın Dağlıq Qarabağı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlaması çağırışlarına münasibət bildirərkən politoloq Nəzakət Məmmədova deyib.

Həmsöhbətimizin fikrincə, belə çağırışlar primitiv yanaşmadır: "Virusun Dağlıq Qarabağda yayılması barədə rəsmi məlumatlar yoxdur. Rəsmi məlumatlara görə, burada ancaq bir nəfər yoluxub. Digər tərəfdən, hətta Qarabağda virus tüğyan etsəydi də belə, Azərbaycan hərbi əməliyyatlara başlasa dünya ölkəmizi ikiqat qınayacaq ki, orada virus olduğu, insanlar xəstəlikdən əziyyət çəkdiyi bir zamanda Bakı humanizm prinsiplərini pozaraq hücum edir. Ona görə də virus pandemiyasından istifadə edib, hərbi əməliyyatlara başlamaq çağırışları çox primitiv yanaşmadır. Virus oldu olmadı, torpaqlarımızı azad etməliyik”.

N. Məmmədova bildirdi ki, dünya güclərinin razılığı olmadan sözügedən istiqamətdə addım atmağımız mümkün deyil: "Dünyanın başı indi özünə qarışsa da, elə məsələlər var ki, bu super güclər üçün olmazsa olmaz məsələsidir. Dünya siyasətini idarə edən böyük güclər indi daha ayıq sayıqdır, prosesləri daha ciddi nəzarətdə saxlayırlar. Hər bir şey xüsusi sxem üzrə onların nəzarəti altında baş verir. Qarabağ separatçıları qondarma seçki keçirsə də, beynəlxalq təşkilatlar ona adekvat reaksiya verərək, qondarma prosesi tanımadı. İndiki dünya nizamı nəzəriyyədə dünya güclərinin qoyduğu nizam üzrə gedir. Praktikada isə onlar öz maraqlarına uyğun olaraq başqa cür hərəkət edirlər. Qarabağ məsələsi də dünya güclərinin nəzarətindədir ki, orada keçirilən qondarma seçkilə bağlı dərhal tanımadıqları barədə bəyanatla çıxış etdilər. Düz də edirlər. Belədə, indiki vəziyyətdən istifadə edib Azərbaycan hərbi əməliyyatlara başlasa, bu amil də ajiotaj yaradacaq. Qondarma rejimdə koronavirus yayılmayıbsa, heç nə dəyişməyəcək. Yayılsa belə, Qarabağda hərbi yolla deyil, hansısa formada orada humanitar ekspansiya keçirməyə güc və iradəmiz olsaydı, həmin addımımıza bu cür don geyindirmək olardı. Ümumiyyətlə, böyük dövlətlərin razılığı və icazəsi olmadanbu istiqamətdə addım atmağımız mümkün olan məsələ deyil”.
Diaspora