Şəhid heykəltəraş Samir Kaçayevin əziz xatirəsinə…
Yazmaq istəyirəm. Amma nədənsə alınmır. Yazıram, silirəm və yenidən, və yenidən bu proses təkrarlanır. Ancaq birdən üzərimdə bir baxış hiss edirəm, bir titrəmə gəlir bədənimə. Başımı qaldırıb baxır və şəkillərdəki donuq baxışları ilə, həyat eşqinin alovlandığı gözləri ilə mənə baxanın Samir olduğunu anlayıram.Şəkildən baxır və sanki mənimlə söhbət edir:
– Bu qədər çətindir yazmaq?
– Bəlkə hə, bəlkə də… Hə, çətindir.
Susur. Ancaq baxışları üzərimdədir. Üzündə təbəssüm var. Bir an keçir və birdən o təbəssüm silinir, yox olur, sifəti bulanıqlaşır və rəng çoxluğunun arasında itir gözdən, uzaqlaşır. Uzaqlaşarkən bir səs eşidirəm: “Nə var ki burada, yazarsan” – deyir o səs. Samir idi bunu deyən.
Səssizlikdir. Düşünürəm. Külək əsir və küləyin səsindən canıma daha da çox titrəmə düşür… Başlayıram…
Bir gün gözlərini açıb görəsən…
1994-cü ilin 6 martında ailəsinin dünyasına bir günəş kimi doğdu o. Sonsuz işığa malik bir günəş. Bilmirəm, haradansa eşitmişəm, belə bir cümlə var ki, günəşin işığını görməsən də, onun orada olduğunu bilmək yetərlidir. Bəlkə də başqa cür idi bu cümlə, amma indi belə xatırlayıram.
Bəli, martın altısında doğan o günəş, 2 apreldə bir daha doğmamaq üzrə parlayacaqdı.
Samir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi. Əl işləri onun üçün çox gözəl gələcək vəd edirdi. Azərbaycan mədəniyyətinə bənzərsiz incilər bəxş edəcəkdi o, tanınacaqdı və tanıdacaqdı mədəniyyətimizi.
Amma bir gün qapısı döyüldü Samirin. Yaxınlaşdı qapıya. Əlini dəstəyə atıb qapını açmaq istəyəndə duruxdu. Bir neçə saniyə gözlədi və gözlükdən baxdı ki, görsün kim gəlib. Baxdı. Gələn ölüm idi. Samir heç tərəddüd etmədən qapını və qapı ilə birlikdə ölümə qucağını açdı.
22 yaşı var idi onun. 22 yaşında belə adından söz etdirməyi bacarmışdı. Bu yaşına, bu illərə bir ömür sığdırmışdı Samir.
Haşiyə
2019-cu il, may ayının 20-si. O gün jurnalist dostumun dəvəti ilə bir şəhidimizin anasını ziyarətə getmişdik. Şəhid Vüqar Arif oğlu Hüseynovun. Şəhid olanda 20 yaşı var imiş. Söhbət əsnasında kimsə bir cümlə işlətdi, – “Ölümü yaşından böyükdür”, – dedi. Çox təsirləndim bu cümlədən. Elə idi. 20 yaşında şəhid olan Vüqar Hüseynovun ölümünün yaşı 26 idi. Özündən böyük idi yoxluğunun yaşı.
Samir Kaçayev. 22 yaşında şəhid olan Samir Kaçayev bəs? Qəribədir, 1994-cü ildə doğulan Samir Kaçayev 1998-ci ildə doğulan və 22 yaşında olan mənimlə yaşıddır.
Ölümü yaşamaq
Yaşamaqdan qorxmadığın kimi ölməkdən da qorxmamalısan. Ancaq ölümü yaşamaq var bir də. Samir şəhid oldu. Doğum günündən cəmi bir ay sonra şəhidlik zirvəsinə ucalan Samirin ölümünü isə onun ana-atası yaşayır. Nə bitməz bir acı, nə sonsuz bir ölüm…
“Hara getsəm, nə eləsəm, hər şey onu xatırladır. Budadığı yasəmən də, əkdiyi alma ağacı da, göbələk yığdığımız düzlər də, oturub dincəldiyi ağac kötüyü də… hər şey… hər şey…” – deyir atası Ziyatin kişi. Köksünə oturan o acının heç vaxt oradan qalxmayacağını da çox gözəl bilir.
Oğlunu “evimin çırağı”, “evimin dayağı” deyə əzizləyən Əminə anamızın acısını da bu dünyanın heç bir dava-dərmanı dindirə bilməz. Dərdi verən Allah, dərmanı onlara “Şəhidlik” adı ilə verdi.
Ölümü çətinləşdirən xatirələrdir. O xatirələrə məhkum olmaq isə…
“Bir gün
Gözlərini açıb görəsən
Göy üzü yaxından yaxındı sənə.
Bir ilıq meh əsib
Son nəfəs kimi
Son dəfə…
Son dəfə toxundu sənə” – Samir o mehi hiss elədi, yaşadı və o meh hələ də onun məzarının üstündə əsməyə davam edir.
Əslində, Samirə qapını açdıran da, ölümü qucaqlatdıran da elə bu mehin özü idi. Samir onu duymuşdu və İlahidən gələn mehi yaşatmaq üçün o qapını açdı…
Samir yaşayır. O mehdə yaşayır, əsərlərində yaşayır, tamamlanmağı gözləyən “yarımçıq” əl işlərində yaşayır.
Ulduzlar… “Ulduz düşdü” deyirlər ha, bəzən ulduzlar yerə yox, yerdən düşür. Yerdən düşür ulduzlar. Samir də parlaq günəş və yerdən göyə düşən bir ulduz idi.
Onun sənət işığı isə cəbhədə parladı!
Ruhun şad olsun, şəhidim!
QEYDLƏR:
– Yazıdakı fotolar Yenicag.ru-nun əməkdaşı Rüstəm Qasımovun Samir Kaçayev üçün hazırladığı materialdan götürülüb;
– Həmçinin, Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində çap edilmiş kitabdan istifadə edilib;
– Şeir: Elçin Mirzəbəyli – “Bir gün”.
Aqil BƏKİR
Yenicag.az