Qarabağ erməniləri bir-birini “qırır” - İrəvan üçün növbəti başağrısı

Qarabağ erməniləri bir-birini “qırır” - İrəvan üçün növbəti başağrısı backend

Ermənistanda koronavirus ajiotajı yaşandığı dönəmdə Azərbaycanın işğal altındakı ərazilərdə “seçki” oyununun “ikinci turu” elan olundu; ermənilər də bu qərara qarşı etiraza başladı; politoloq: “Separatçı rejim bu oyunu tezliklə bitirmək istəyir...”

Dünyanın böyük maliyyə resurslarına malik aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu gün koronavirusun gətirdiyi bəlalar qarşısında aciz qaldıqlarını etiraf etdikləri halda, Azərbaycanın işğal altındakı ərazilərində mövcud olan separatçı-terrorçu qurumun rəhbərləri başlarından böyük iddialarını sürdürməkdədirlər.

Bu günlərdə erməni mediası Qarabağdakı qondarma qurumun başçısı Bako Saakyanın separatçıları başına toplayıb “işgüzar müşavirə” keçirdiyi, “koronavirusa qarşı mübarizə aparmaq”la bağlı məsələlərin müzakirə olunduğunu xəbər verirlər. Təsəvvür edin, gözünü xaricdəki ermənilərin əlinə dikən, diasporun göndərəcəyi ianələri gözləyən və ABŞ-ın ayırdığı maliyyə yardımının kəsilməsindən əndişələnən Qarabağ separatçıları bəşəriyyəti barmağına dolayan COVİD-19-la mübarizə aparacaqlarını zənn edirlər.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, hətta işğal bölgəsində “xüsusi palatalar” da ayrılıb, mətbuatda 3-4 çarpayının fotoşəkillərinin dərcindən belə görünür. Beləcə, erməni işğalçı-separatçı ünsürləri koronavirusla da oyun oynayacaqlarını zənn edirlər, necə ki, belə bir durumda “seçki tamaşası” qurublar.

Dağlıq Qarabağda 31 martda keçirilən 31 mart “prezident və parlament seçkiləri” ilə bağlı oyunlar isə hələ bitməyib. Belə ki, separatçılar dünyaya “demokratiya nümayiş etdirmək üçün” – baxmayaraq ki, dünya bunların şousunu ciddiyə almadı, “seçki” adına oynanılan oyunu tanımadı – 14 apreldə “prezident seçkisinin ikinci turu”nu keçirmək istəyirlər. Erməni mediası yazır ki, “ikinci tur”a keçmiş namizədlərdən biri Araik Arutyunyanın “qələbə qazanması” üçün seçicilərin cəmi 0,8 faiz səsi çatmayıb. O, növbəti turda Mais Mailyanla yarışacaq.

Lakin Qarabağdakı “seçki” şousu elə ermənilərin özlərinin də etirazına səbəb olub. Ermənistanda koronavirus pandemiyası sürətlə yayılır, son məlumata görə, virusa yoluxanların sayı 833 nəfər, ölü sayı 7-dir. İşğalçı ölkə Azərbaycan və Gürcüstandan öndə gedir. Üstəlik, Rusiyadakı ermənilərin koronavirus səbəbindən kütləvi şəkildə Ermənistana qayıdışı başlayıb ki, bu da işğalçı ölkənin yükünü artırır. Eyni zamanda, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Ermənistanla işğal olunmuş Azərbaycan əraziləri arasında əlaqə kəsilib. Belə bir durumda separatçıların “seçki” tamaşası qurması gülüncdür.

Artıq ermənilər özləri də çox təhlükəli oyun oynadıqlarının fərqindədirlər. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilən “parlament və prezident seçkiləri”nin nəticəsindən narazı qalan ermənilər etiraz aksiyası keçiriblər. 200-dən çox erməni Xankəndi şəhərində toplaşaraq “seçki” saxtakarlığına etirazını bildirib. Aksiya iştirakçıları "seçkilərin" nəticəsinin ləğv olunmasını, qondarma qurumun rəhbəri Bako Saakyanın, “polis rəisi” Levon Mnatsakanyan və “təhlükəsizlik şurasının katibi” Arşavir Qaramyanın istefasını tələb ediblər. Narazı ermənilər “seçkilər”in mənasız olduğunu deyiblər. Onlar saxtakarlıq və qanunsuzluğun hökm sürməsindən şikayətləniblər.

Azvision.az xatırladır ki, Qarabağdakı separatçı qurum martın 31-də “prezident və parlament seçkiləri” keçirib. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək “seçkiləri” tanımadıqlarını bildiriblər. Koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın “seçkilər” keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək olub.

“Əgər koronavirus Dağlıq Qarabağa (Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisi - red.) çatsa, bunun məsuliyyətini Ermənistanın baş naziri və səhiyyə naziri daxil olmaqla, 6 nəfər daşıyacaq”.

Bunu isə “ArmNews” telekompaniyasının departament rəhbəri Abraam Qasparyan deyib. Onun sözlərinə görə, Ermənistanın burada böyük məsuliyyəti var: “Bizim məmurların bunun “suveren dövlətin daxili qərarı” olduğunu, Ermənistanın “demokratik dövlətin” işlərinə müdaxilə etməməsini söyləməsi qəbuledilməzdir. Pandemiya Qarabağa çatsa, burada 6 nəfər məsuliyyət daşıyacaq: Ermənistan prezidenti, baş naziri, Təhlükəsizlik Şurasının katibi, səhiyyə naziri, “Qarabağın prezidenti” və “səhiyyə naziri””.

Qasparyan əlavə edib ki, 14 apreldə “seçkilərə” getmək avantüradır: “Ümid edirəm ki, Yerevan siyasi ambisiyalar naminə hər kəsi fakt qarşısında qoyaraq “seçkilərə” getməyin zərərini anlayacaq”.

Qarabağdakı separatçı qurum martın 31-də “prezident və parlament seçkiləri” keçirib. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək “seçkiləri” tanımadıqlarını bildiriblər. Koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın “seçkilər” keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək idi.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “prezidentliyə namizəd” Masis Mailyan əhaliyə müraciət edərək onları “seçkilərin ikinci turu”nda iştirakdan imtinaya çağırıb. İlk turu 31 martda keçirilən saxta “prezident seçkiləri”nin ikinci turu aprelin 14-ə təyin olunub. M.Mailyan da koronavirus pandemiyası ilə bağlı təhlükəni nəzərə alaraq “seçki”lərin təxirə salınmasını istəyib. Hələ mart ayında M.Mailyan risklərdən yayınmaq üçün “seçkilərlə” bağlı təkliflər irəli sürmüşdü. Digər separatçıların “təkrar seçkilər”lə bağlı mövqeyi hələlik bəlli deyil.

Qeyd edək ki, saxta “seçki”lərdə keçmiş “baş nazir” Araik Arutyunyan 49,26 faiz, “eks-xarici işlər naziri” Masis Mailyan 26,4 faiz səs toplayaraq “ikinci tur”a keçiblər. Maraqlıdır ki, “seçki” tamaşasından dərhal sonra hər iki separatçı özünü İrəvana çatdırıb və Nikol Paşinnyanla görüşüblər. Baxmayaraq ki, bu günlərdə koronavirus səbəbindən Ermənistanla Dağlıq Qarabağ arasındakı yollar bağlanıb. A.Arutyundan Ermənistanda olduğunu təsdiqləsə də, gedişinin məqsədini açıqlamayıb. Mailyan isə mətbuatdan yayınıb.

“Dağlıq Qarabağda ermənilərin keçirdikləri “seçki”nin nə dərəcədə oyun olduğu hər keçən gün ortaya çıxmaqdadır. Koronavirusun tüğyan etdiyi günlərdə belə bir tədbir keçirməyin özü “quş” qoymaqdan başqa bir şey deyildi”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Ekspert dedi ki, indi bu “seçkilər”də kütləvi saxtakarlıqlar olduğu barədə ermənilərin özlərinin iddiaları ilə də rastlaşırıq: “Dağlıq Qarabağda yaşayan adamlar belə etirazlarını piketlərlə, mitinqlərlə bildirməkdədirlər. İddia edilən kimi, 14 apreldə ikinci turun təyin olunması da göstərir ki, separatçı rejim bu oyunu tezliklə bitirmək istəyir. İndi 14 aprel avantürası başlanır. Namizədlərdən biri olan Masis Mailyan bu seçkilərin təxirə salınması ilə bağlı rəsmi orqanlara müraciət edib. Amma keçmiş “baş nazir” Araik Arutyunyan artıq özünü qalib hesab edir və Mailyanı “qorxaq” adlandırır. Seçki oyununa qatılanlar onsuz da azdır, virusa görə adamlar ötən seçkidə də getməmişdilər. 63 faiz də fiksiya idi. Bu da Dağlıq Qarabağsayağı bir “demokratiyadır” və iş sonuncunun başa keçməsi ilə nəticələnəcək. Əslində Mailyan az səs toplayıb və qorxur ki, sepataçıların başçısının da onun rəqibinə münasibəti onu məğlub duruma salacaq. Ona görə də virusu əsas gətirib seçkinin ləğv olunmasını istəyir. Amma dediyimi kimi, “seçki” bir oyundur və bunu başa çatdırmaq üçün virus-mirus az rol oynayır”.

Qarabağ klanı ilə Ermənistan hakimiyyəti arasında da ixtilaflar davam edir. “Bu günlərdə Robert Köçəryanın işi ilə əlaqədar anormal bir cinayət mərhələsinə giririk”.

Bu barədə Fransa vəkillər kollegiyasının üzvü, ikinci prezidentin vəkili Sevak Torosyan bildirib (Moderator.az). Vəkil qeyd edib ki, yaxın günlərdə Robert Köçəryana nəsə olarsa, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək: “Mən Nikol Paşinyana, ədliyyə nazirinə və məhkəməyə qarşı iddia qaldırmağa hazıram, çünki bu dövlət səviyyəsində qətlə cəhddir. Ermənistanda kimsə bu fürsətdən (koronavirusdan) bir qətl təşkil etmək üçün istifadə edərsə, bütün beynəlxalq qurumlara şəxsən müraciət edəcəm”.

N.Paşinyan isə Köçəryan-Sərkisyan cütlüyünə yaxın çevrələrdən gələ biləcək təhlükələri əngəlləmək üçün Qarabağın indiki və gələcək “liderləri” ilə münasibətlərini normallaşdırmağa çalışır. Qarabağ separatçılarının bir-birini “qırması”, hələlik bunun ittihamlar şəklində davam etməsi İrəvan üçün ciddi başağrısıdır. Çünki işğal bölgəsində gərginliyin olması Paşinyana heç cür sərf etmir. Buradakı cinayətkar-terrorçu qruplarda kifayət qədər silahlar var və bir gün onlar işə düşə bilər.

Görünür, bunu əngəlləmək üçün Ermənistan diqqəti “xarici düşmənə” - Azərbaycana yönəltmək istəyir. İşğal bölgəsində “seçki” təxribatı davam edərkən təmas xəttində də təxribatlar ara vermir. Ötən gün Ermənistan ordusunun əsgəri Araik Şahpazyan cavab atəşi ilə susdurulub. Erməni hərbçi yaralı halda hospitala çatdırılıb. Ermənistan yenə də həyasızcasına Azərbaycanı günahlandırmağa çalışır, ancaq soruşan gərək, erməni əsgərin Qarabağda nə ölümü var ki, Azərbaycan əsgərinin hədəfinə tuş gəlir?..

P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Diaspora