Vətən uğrunda qəhrəmancasına şəhid olmuş övladının meyidini geri almaq, onu öz əlləri ilə torpağa tapşırmaq üçün Əvəz kişinin ən böyük istəyi idi.
Hüseynov Əvəz Həsi oğlu 1948 il martın 25-i Xocavənd rayonun Muğanlı kəndində anadan olmuşdu.Qaziler.az bildir ki, Əvəz Həsioğlunu Dağlıq Qarabağın həm azərbaycanlı, həm də erməni əhalisi arasında demək olar tanımayan yox idi. O, yeddi rayonun su-artizan quyularının təmiri ilə məşğul idi.
Əvəz Hüseynov barəsində danışıb onun xarakterini müəyyən etməyə çalışsaq yəqin ki, əsas məqamlar ilk növbədə bunlar olar. O qeyri-adi bir ata, qeyrət sınağından alnıaçıq, üzüağ çıxmış əsil Azərbaycan kişisi idi. Hələ gənclik illərindən öz qabiliyyəti və işgüzarlığına görə həmyaşıdlarından çox fərqlənirdi, davranışı, saf və təmiz mənəviyyatı ilə elin-obanın hörmətini qazanmışdı. Ən çox sevdiyi və sevindiyi günlərdən, anlardan biri kənddə kiminsə övladının hərbi xidmətə yola düşməsi, hərbi qulluğa getməsi idi. Hərbi xidmətə gedən hər bir kənd sakinini Təkqəbir adlanan yerdən ən sonda təntənə ilə o yola salardı. Onun üçün əsgər adı bir şərəf, əsgəri xidmət isə kişilik məktəbi idi. Belə qayğıkeş və mehriban ailə başçısı kimi bütün çətinliklərin öhdəsindən halal zəhməti, bir də dəmir iradəsi sayəsində gələn bu həyatsevər insanı əslində qorxuda, çəkindirə biləcək demək olarki heç nə yox idi.
Lakin ən acı sınaqlar və əsil çətinliklər hələ qarşıda idi. Mənfur qonşularımızın başladığı savaşın ən qanlı günləri bu məmləkəti, milləti qeyrət sınağına çəkirdi. Belə bir vaxtda Əvəz Hüseynov kənarda qala, xalqımızın başına gətirilən faciələrə seyirci mövqedə dura bilməzdi.
O ilk günlərdən Muğanlı özünümüdafiə dəstəsinin ən fəal üzvlərindən biri idi. 1991-ci ilin payızında “ZİL” maşınında ermənilərin basdırmış olduqları minaya düşməsi də çəkindirməmişdi bu yoldan onu.
Öz nəslindən olan bütün kişilərlə birgə yağı düşmənlə mübarizəyə qalxanda iki oğlu- Müşfiq və 16 yaşlı Elşəndə onunla çiyin – çiyinə idilər. Fəxr edirdi onlarla və hər zaman deyirdi ki, oğulun ən şərəfli borcu Vətəni müdafiə etməkdir.
Əvəz Hüseynov Qarabağ müharibəsində oğlunun yaralarını öz əlləri ilə sarıyan bəlkədə ilk Ata idi (Böyük oğlu Müşfiq ermənilərlə döyüşdə bir neçə dəfə elə öz yanında yaralanmışdı). Lakin tam qətiyyətlə demək olar ki, 19 yaşlı oğlunun döyüş paltarını, zirehli gödəkcəsini geyinməyinə kömək edən, sığal çəkən, qumbaraları onun kəmərinə öz əlləri ilə bərkidən və düşmən arxasında döyüş əməliyyatına göndərən, özü isə əsas qüvvələrin tərkibində həmin döyüş əməliyyatında düşmənlə üzbə- üz döyüşən Ata Əvəz Hüseynov idi.
26 yanvar 1994-cü il tarixdə Nərgiztəpə uğrunda gedən döyüşlərdə kəşfiyyat bölüyü ilə düşmən arxasına keçən, ermənilərin səngərinə hamıdan əvvəl girən və onları öz səngərlərində məhv edən artıq 21 yaşlı Elşən, düşmən snayperi tərəfindən başından vurulmuşdu. Əməliyyatdan qayıdan döyüşçülər içərisində oğlu Elşənin olmadığını görərkən bütün varlığı alt-üst olsa belə bunu digərlərinə sezdirməmək, vüqar və əzəmətini uca tutmağı bacarmaq da Əvəz kişinin taleyi, əsil qeyrət sahibinin qisməti idi.
Həmin günlər bacısı oğlu Cəsarət şəhid olmuş, oğlu Müşfiq, bacısı oğlu Ədalət, qardaşı oğulları Əbülfət və İbad döyüşlərdə aldıqları ağır yaralardan Mərkəzi hərbi hospitalda müalicə olunurdular. Vətən uğrunda qəhrəmancasına şəhid olmuş övladının meyidini geri almaq, onu öz əlləri ilə torpağa tapşırmaq üçün Əvəz kişinin ən böyük istəyi idi. Onun 52 yaşında həyatdan köçməsinin əsas səbəbi də oğul dərdi, öz oğullarından seçmədiyi onlarla igidlərimizin dərdi və Vətən dərdi idi.
Allah rəhmət eləsin