Keçmiş döyüşçü Aprel zəfərindən yazdı - Amma...

Keçmiş döyüşçü Aprel zəfərindən yazdı - Amma... backend

Son illərin ənənəsinə uyğun, bu günlərdə 2016-cı il Aprel döyüşləri haqqında fikirlərimi bölüşürəm.

Bu il başlamaq istəyirəm başqa bir müharibənin epizodı ilə, Vyetnam müharibəsinin gedişinə həlledici təsir etmiş məşhur "Tet hücumu" ilə. Dönüş yaratmış bu təsir psixoloji faktorla bağlı olmuşdu:

ABŞ komandanlığı amerikan ictimayətinə Vyetnamda (o zaman artıq üç il idi gedən müharibədə) hər şeyin nəzarətdə olduğunu bəyan etdiyi zaman, 1968-ci il yanvarın 31-i Tet (Vyetnamda Yeni il bayramı) atəşkəsi günü kommunistlərə aid partizanlar (vyetkonqçular) Cənubi Vyetnamın şəhərlərinə gözlənilmədən hücuma keçib, bəzi yerləri tutmuşdular. Baxmayaraq ki, partizanlar heç bir ciddi uğura nail olmadılar və tamamilə darmadağın edildilər, amerikan komandanlığının “hər şey nəzarətdədir” bəyanatları fonunda vyetkonqun genişmiqyaslı hücumunun baş tutması ABŞ cəmiyətində hakimiyətə dərin inamsızlıq böhranı yaratdı. Cəmiyyətdə əvvəldən olan anti-müharibə əhvalı geniş vüsət aldı. Müstəqil amerikan jurnalistlərinin döyüşlərdən apardıqları reportajlar sayəsində isə ABŞ və Cənubi Vyetnam ordularının qələbəsi amerikan cəmiyyətinə məğlubiyət kimi təqdim olundu. Amerikada geniş yayılmış anti-müharibə, pasifist hərəkatı yeni ABŞ administrasiyasını Vyetnamdan çıxmağa məcbur elədi və sonda məğlub olması təsəvvürünü yaratdı. Sonrakı amerikan ədəbiyatı və bədii filmlər hamıda birmənalı təsəvvür yaradıb ki, Amerika Vyetnama məğlub olub. Halbuki, bu məğlubiyət hərbi deyil, srateji-siyasi məğlubiyət olmuşdu.

“Tet basqını” müasir hərbi tarixdə qüdrətli ölkənin zəif rəqibi üzərində şəksiz hərbi uğurları fonunda psixoloji və informativ məğlubiyyətinin strateji məğlubiyyətində həlledici rol oynamasının örnəyi kimi qalıb.

2016-cı ilin Aprel döyüşləri Azərbaycan ordusunun birmənalı uğuru olmasına baxmayaraq, psixoloji baxımdan cəmiyətimizdə bütövlükdə uduzduruldu. Bunu isbat etməyə xüsusi ehtiyac yoxdur. Psixoloji məğlubiyyətin əsas səbəbi cəmiyətin geniş kəsimlərinin hakimiyətə inamsızlığı fonunda Müdafiə Nazirliyinin əməliyatların informativ təminatını təşkil etməməsi olmuşdu. Tet basqınında amerikan jurnalistlərinin rolunu bizdə iqtidarın bəzi siyasi opponentləri, o cümlədən xarici ölkələrə sığınmış bəzi keçmiş hərbçilər və düşmənin informasiya strukturları oynamışdı. Aprel əməliyatları, torpaqlarımızın azad olunmasının ümumi strategiyasının tərkib hissəsi kimi təqdim olunmadı. Əvəzində, beyinlər, “hakimiyətin baş qatmaq oyunu”, “iki təpəyə görə say-seçmə oğlanları qırdırdılar”, “satdılar”, “fəlakət”, “faciə”, “Rusiyanın əmri ilə geri qayıtdılar” və digər məlum dil əzbəri olmuş əsk-təbliğat şablonlarla dolduruldu. Aprel döyüşlərinin gedişi, nəticələri və əhəmiyəti təhrif olundu. Cəmiyyətin hərbi maarif səviyəsinin son dərəcə aşağı olması, rəsmi mənbələrə etimadın olmaması, bədbinliyə və panikaya meyillilik da psixoloji məğlubiyətimizdə ciddi rol oynamışdı.
Həmçinin, ordumuzun və DSX-nin 2016-cı ildən sonra müxtəlif istiqamətlərdə həyata keçirdiyi bir sıra uğurlu əməliyatların və irəliləyişlərin qabaqlayıcı informasiya təminatının olmaması ciddi boşluqlar yaratdı ki, bunları doldurmuş təhriflərin təkzibi cəhdləri “arxadan atılmış daş” effekti yaradır və inandırmır.
Göstərilən faktorların hamısı hazırda da mövcuddur və özünü koronavirus pandemiyasının qarşısının alınmasına yönəlik tətbirlərə cəmiyətin reaksiyasında göstərir və getdikcə daha çox göstərəcək.

Əminliklə demək olar ki, işğalçı və onların havadarları və eyni dərəcədə iqtidarın siyasi opponentləri bu nöqsan və qüsurlardan gələcəkdə də istifadə edəcəklər. Təkcə sosial mediada yalan məlumatları yayanların təqibi ilə heç bir ciddi nailiyyət əldə etmək mümkün deyil. Fövqaladə vəziyyətlərdə sosial medianın hətta tam bağlanması informasiya və məlumatlandırmada əks-effekt yaradacaq.
Məsələnin həlli cəmiyətin hakimiyətə və rəsmi mənbələrə inamının yaradılmasında və çevik, qabaqlayıcı məlumatlandırma siyasətinin aparılmasındadır. İnformasiya siyasəti peşəkarlara tapşırılmalı, bu sahədə “pul silinməsi” və korrupsiya ləğv edilməlidir. Qarabağ müharibəsi və Silahlı Qüvvələrimizin son zamanlardakı uğurları, irəliləyişləri haqqında həqiqətləri əks etdirən yüksək səviyyəli bədii filmlər, sənədli filmlər çəkilməlidır. Bir sözlə, informasiya sahəsində həm dünyanın, həm öz mənfi təcrübəmizdən nəticələr çıxarılmalıdır.

Nazim Bayram
Diaspora