Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bu gün feysbuk səhifəsində şeirini paylaşıb.
Qaziler.az həmin şeiri təqdim edir:Dilimizdə əsirdir
həqiqətin ər sözü
Ürək pıçıldayır, döz,
açıb tökmə hər sözü!
Düşmən meydan sulayır-
silaha döndər sözü!
Öz içində sorğunun,
vaxtı yetməyib hələ,
İkinci cəbhə açma,
savaş bitməyib hələ!
Ürəyim bu əmriylə
nizamlayır hər işi,
Bu bir könül harayı,
vətəndaş göstərişi.
Səbr, dözüm, ədalət-
müdriklərin vərdişi
Ölüm deyil hər acı,
hər qışın baharı var,
Keçib gedər bu dərdlər,
zülümlər, ayrılıqlar...
Ucalmaq düzlüklədir,
qoy niyyətin düz olsun.
Halal süfrələrində
sörək olsun, duz olsun,
Vətəndaşın Tanrıya
sevgisi sonsuz olsun!
Dağlar halını pozmaz
şimşəklərin səsindən.
Millət yaxşını-pisi
bişirər kürəsində.
Ağız açıb dörd yandan
yüz uçurum, yüz tələ.
Sabahkı günü düşün,
Savaş bitməyib hələ!
Ədalətli bir dava
durdurar nahaq qanı.
Savaş tarix önündə
bir namus imtahanı.
Savaş- ruhun sınağı,
kişiliyin meydanı.
Ədalətsiz dünyaya
haq qandırmaq zamanı.
Ağıllıdır Dəlidağ,
sirr açmaz qutsal yazı.
Daşa dönüb qorunur
türkün susmaq avazı.
Son sözünü deməyib
nə qılıncı, nə sazı,
Axır tarıx çayları,
hər üsyan bir şəlalə.
Dinlə, dağlar deyəni^
Savaş bitməyib hələ!
***
Küçələrdən keçirəm,
millətim kef-damaqda.
Başqa qayğısı yoxdur
oxuyub oynamaqdan.
Şadlıq deyilməz buna,
bezdik yalan soraqdan,
Çatmır kar qulaqlara
yurdların haray səsi.
Sızlatmır ürəkləri
Qarabağ şikəstəsi...
Ey vətəndaş! Silkələn!
Başını qaldır yerdən.
Bu gün xəbər tutdunmu
Laçından, Kəlbəcərdən?
Sözünlə üfürdünmü
küllənmiş ocaqları?
Övladın öyrəndimi,
sevdimi o dağları?
Dünən Cıdır düzündə
gördünmü o Yallını
Niyə vulkana dönüb
püskürmədi al qanın?!
Yerindən dikəldinmi
Çahargahın ziliylə,
Dağdan enib gəldinmi
baharın gur seliylə?
Bülbülün nəğməsindən
külünəcən yandınmı?
“Uvertura” çalındı
yuxudan oyandınmı?
Niyə səsin qısılıb,
damarında donub qan?
Yurdun xilası varmı
Yurd üçün vuruşmasan?
***
Vətən əsir, yaralı,
biz də bir yara vuran
İtən yurdlar adına
dükan, meyxana quran.
“Gedək “Laçın yolu”na,
kababxana yan-yana.
“Ağdam”da yeyib-içək,
baş çəkək “Zəngilana...”
“Bərgüşad” əl altında,
Bakıdan axır Tərtər.
İtən kəndinin adı
bir barda qalsa yetər!
Qeyrət, şüur, heysiyyət
pulun əlində kölə.
Pullara da həkk edək:
“Savaş birməyib hələ!”
Ağır ellər, mahallar
çoxusu Abşeronda.
Sahilimiz şor göllər,
yaylamız Qobustanda.
Zirvələrdə doğulan,
Muğan gəzir, Mil gəzir
Sarayları dağılan.
bir uçuq mənzil gəzir
Vulkan külü üstündə
hərəyə bir daş qəfəs.
Boz təpə dağ yerinə,
Neftli su çaya əvəz.
Qaldımı Qarabağa
yas saxlayıb ağlayan?
Tarın dilində ağı,
sazın dilində tufan...
Zirvənin qarı çəkmir
çadlrda doğulanı.
Araz adlı dərdi yox
dərdində boğulanın.
Evlərimiz talanıb,
qəbristanlar şumlanmış.
Nədən dilin quruyub,
nədən ağzın mumlanmış?
Ekranda şit diringi,
ya uyudan əyləncə.
Hardadır Cəngi dərsi
yol göstərə hər gəncə?!
***
Xalqın qulağı dolub
sülh, atəşkəs sözündən
Uzanan ümidlərdən,
“danışıq” hiyləsindən.
Sülh çiçəyi dibçəkdə...
ATƏT-in ofisində,
Saralır yavaş-yavaş
azadlıq həvəsində.
BMT qətnaməsi
Kağız üstə quru söz!
Millətlərin ayaqda
toz olan qüruru-söz!
Bakıdan İrəvana
kədirbazlıq eləyən,
Bu qədər boş vədəsi
yenə azlıq eləyən
Düşmənin dilmancıykən,
həm də araçı olub.
İkili danışmaqdan
dilləri haça olub.
Təkrar- köhnə nağıllar,
təkrar- sıfır nöqtəsi.
Minsk qrupu bizə,
Avropanın tələsi!
Bir milyon qaçqınımın
duz səpib yarasına
Bütün dünya oynayır
köhnə çar havasına...
(ardı var)