Sevdikləri qızların adlarını da şəhid etdilər...

Sevdikləri qızların adlarını da şəhid etdilər... backend

1992-ci il iyun ayının 12-də şəhid olan Rzayev Namiq Eldar oğlunun sinif yoldaşları onun xatirəsini yad ediblər...

Minlərlə şəhiddən bir şəkil. Baxın baş daşlarına, baxın təvəllüdlərə: ömürlərinin ən gözəl çağları, sevib-sevilən yaşları idi o oğlanların.
Vətənini, el-obasını sevən minlərlə gənc şəhid oldu. Sadəcə özlərinimi şəhid etdilər? Amma düşünmürük ki, özləri ilə birlikdə öz sevgilərini də şəhid etdilər, şəhidlik zirvəsinə daşıdılar. Sevdikləri qızların adını belə kimsəyə demədilər: nə bir dosta, nə bir yoldaşa, nə anasına, nə bacısına... Son nəfəslərində belə demədilər. Nə Namiq, nə Sənan, nə Vüqar. Sevdikləri qızın adını kimsəyə demədən özləri ilə şəhid etdilər. Çünki o oğlanlar bir qeyrət simvolu idi.
İndi o qızların hər biri anadır; neçə-neçə namiqlər, sənanlar, vüqarlar böyüdürlər.
İndi Ağdamın küçələrində, məhəllələrində şəhid ruhu dolanır...
Ruhlar şəhəri Ağdam və şəhid sevgilər şəhəri Ağdam. Hərdən fikirləşirəm ki, biz sizinçün nə edə bilərik? Övladlarımızın adını Namiq, Sənan, Vüqar qoyduq. Bu, yalnız özümüzçün bir təsəlli oldu.
Siz duanın müstəcəb, qəbul olunduğu bir məqamdasınız. Bizi bağışlayın ki, “ruhlar şəhəri”ni azad edib baş daşlarınıza zəncirlənmiş sevginizin ruhunu azad edə bilək.
Namiq sənin haqqında çox şey yazmaq olar. Çoxları səni tanımadı. On il bir məktəbdə oxuduq, bir sinifdə dərs aldıq. Amma biz belə səni tanıya bilmədik; dəcəlliyinlə, mərdliyinlə yadımızda qaldın, sənə dərs deyən müəllimlərin, sənə vətən sevgisi öyrədən valideynlərinin haqqını itirmədin.

Sonda səni iki kəlmə ilə xarakterizə etmək istəyirəm:
Rzayev Namiq Eldar oğlu – 1970-ci il dekabrın 7-də Ağdamda anadan oldu. 1992-ci il iyunun 12-i Ağdamda şəhid oldu. Namiq kimsəyə bənzəmədi, amma çoxları ona bənzəmək istədi...

Sinif yoldaşları adından Sərvan Rüstəmov
Diaspora