"Qüdrət Həsənquliyev əvvəllər də MM – də yeganə deputat olub ki, Qarabağ münaqişəsi ilə bağlı müxtəlif zamanlarda məsələ qaldırıb, çıxışlar edib"
Xəbər verdiyimiz kimi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasındakı çıxışında Qarabağla bağlı diqqətçəkən təklif səsləndirib:“...daha vacib istiqamətlər üzrə yeni komitələr yarada bilərik. Belə komitələrdən biri də Qarabağ komitəsi olmalıdır. Bundan başqa təklif edirəm ki, “İşğal edilmiş ərazilərimizin hüquqi statusu haqqında” qanun qəbul edək. Bizimlə eyni aqibətlə üzləşmiş digər keçmiş sovet republikalarında analoji qanunlar artıq qəbul olunub. İşğal olunmuş ərazilərdə məskunlaşdırma siyasəti aparılır, xarici şirkətlər orada fəaliyyət göstərir, sponsorluq edirlər. Ona görə də “İşğal olunmuş ərazilərin hüquqi statusuna haqqında” qanunun qəbul olunmasına böyük ehtiyac var və hesab edirəm ki, bu məsələnin gündəliyə salınması daha doğru olardı”.
Moderator.az millət vəkilinin təklifləri ilə əlaqədar Qarabağ müharibəsinin veteranı, Qarabağ Komitəsinin üzvü, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın rəyini öyrənib:
“Açığı, Azərbaycan müstəqillik qazandıqdan sonra onun parlamentində indiyədək Qarabağ Komitəsinin yaranmaması heç bir məntiqə sığmır. Doğrusu, yeni Milli Məclisin komitələri elan olunanda gözləyirdim ki, 25 illik fasilədən sonra, nəhayət Milli Məclisin Qarabağ Komitəsi yaranacaq. Olmadı, amma təəccüblənmədim də, çünki seçkiqabağı təbliğat zamanı indiki millət vəkillərinin platformalarında Qarabağ probleminin həlli istiqamətində faktiki olaraq əsas xətt kimi heç bir tezislər müşahidə olunmamışdı. Olmamasının səbəbləri təxminən məlumdur - deputat olmaq üçün millətin bir nömrəli problemindən danışmaq zəruri hesab olunmayanda belə olur.
Amma, millət vəkili Qüdrət Həsənquliyevin dünən səsləndirdiyi fikirlər çox tədqirəlayiqdir. Millət vəkilinin istər MM-də Qarabağ Komitəsinin yaradılması ilə əlaqədar, istərsə də “İşğal olunmuş ərazilərin hüquqi statusuna haqqında” qanunun qəbul olunmasına dair təklifləri alqışlanmalı və onun həyata keçməsinə MM rəhbərliyi ciddi yanaşmalıdır. Qeyd edim ki, Qüdrət Həsənquliyev əvvəllər də MM – də yeganə deputat olub ki, Qarabağ münaqişəsi ilə bağlı müxtəlif zamanlarda məsələ qaldırıb, çıxışlar edib. Mən millət vəkilinə bu təklifinə görə təşəkkür edir və qaldırdığı məsələnin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm.
Qarabağ Komitəsinin yaradılması və perspektivdə digər ölkələrin parlamentləri ilə əməkdaşlıq zamanı bu komitənin Azərbaycanın haqq səsini dünyaya çatdırmaq baxımından fəaliyyəti yalnız xeyrimizə ola bilər. Üstəlik, bizim kimi torpaqları separatçılar tərəfindən işğala məruz qalmış Gürcüstan, Ukrayna, Moldova respublikaların parlamentləri ilə əməkdaşlıq edib, parlamentlərarası vahid beynəlxalq qurum yaradıb, BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar qarşısında işğal faktorunu birgə qabartmaqla, müəyyən müsbət nəticələrə nail olmaq mümkündür. Qeyd olunan ölkələrin parlamentlərində müvafiq komitələrinin üzvlərinin qarşılıqlı səfərlərini təşkil etmək, cəbhə xəttindəki vəziyyəti göstərmək və beynəlxalq hüquqa istinad etməklə işğalçıları fakt qarşısında qoymaq, həm də qınaq obyektinə çevirmək olar. Başqa əməkdaşlıq variantları da mümkündür.
Bir məsələni də qeyd etməyi vacib hesab edirəm. Necə millət vəkili olmasından asılı olmayaraq Qarabağ bölgəsini təmsil edən köhnə və yeni deputatlar nədən Qüdrət bəyin təklifini dəstəkləyən çıxışlar etməyib, təklifi səsləndirən millət vəkilinin mövqeyinə MM rəhbərliyinin mütləq müsbət reaksiya verməsinin zəruriliyini vurğulamayıblar? Bu, təəssüf və təəccüb yaradır. Sabah Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Şuşa qaçqınları ilə o yerləri təmsil edən millət vəkilləri lap təsadüfən qarşılaşaşanda nə deyəcəklər onlara? Deyəcəklər ki, işğal altında olan torpaqlarımızın azad edilməsi yolunda, ilk növbədə o yerlərin təmsilçisi deputat kimi üzərinə düşən hansı sözün, təklifin yiyəsidirlər? Mən Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edən gənc deputat Tural Gəncəliyevdən fəal mövqe gözləyirəm. Sıravi deputat kimi yox, məhz Qüdrət bəyin təklif etdiyi MM Qarabağ Komitəsinə rəhbərlik edəcək millət vəkili olmasını arzulayıram. MM rəhbərliyi bunu nəzərə almalı, mütləq belə bir Komitənin fəaliyyətinə ehtiyac olduğunu daha səlahiyyətli şəxslər qarşısında əsaslandırmalıdır. Bu komitə sabah XİN-lə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir və inanıram ki, Gəncəliyevə keçmiş iş təcrübəsi yeni statusunda effektiv formada istifadə etməyə imkan verəcək.
Bir daha millət vəkili Qüdrət Həsənquliyevə bizim ən əsas problemimizlə bağlı verdiyi dəyərli və zəruri təklifə görə təşəkkür edir, inanmaq istərdim ki, MM rəhbərliyi deputatın hər iki təklifinə müsbət reaksiya verəcək”.