Getdikcə güclənməkdə olan ABŞ-Rusiya qarşıdurması Qarabağ məsələsi ilə bağlı bir detalı xüsusilə gündəmdə saxlayır.
Əsas problemimizin həlli nöqteyi-nəzərindən Azərbaycanın onlardan daha çox hansının yanında olması barədə müxtəlif fikirlər səslənir.Hər iki qlobal gücün vaxtaşırı ermənipərəst mövqedən çıxış etməsi önə çəkilərək, bu qarşıdurmada rəsmi Bakının balanslı siyasət yürütməsinin vacibliyi vurğulanır. Eyni zamanda Rusiyanın regionun əsas söz sahibi olduğu qeyd edilir və Amerikanı tərəf kimi seçməyimizin bizə vəd etdiyi ciddi təhlükələrdən söz açılır.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı tərəf seçməyimizi doğru saymır: “Azərbaycanın bu iki pisdən hər hansı birisinin yanında olmasının mənası yoxdur. Hər ikisi Ermənistanın maraqlarından çıxış edir. Həm də öz maraqlarını Ermənistanın maraqları ilə uzlaşdırır. Biz özümüzü onlara nə qədər yaxın göstərsək də, xeyri yoxdur. Minsk Qrupunun həmsədrlər institutunu yaradanda biz balanslaşdırma mövqeyindən çıxış edir, iki superdövlətin birlikdə məsələni çözəcəyinə inanırdıq. Bu ümidlər özünü doğrultmadı. İndi biz onlardan heç birinin yanında olmadan hər ikisinin imkanlarından istifadə etməyə çalışmalıyıq. ABŞ münaqişənin birmənalı şəkildə Ermənistanın maraqlarına uyğun həllini istəyir.
Akif Nağı: “Azərbaycan bu məqamdan dərhal yararlana bilər”
Çünki bununla Ermənistanı Rusiyanın təsirindən çıxarmağın mümkün olacağını düşünür. Ona görə də bizim Amerikadan nədəsə yararlana biləcəyimiz inandırıcı deyil. Rusiya Ermənistanın ABŞ-a tərəf meyllənməsindən ehtiyat edir. Azərbaycan bu məqamdan yararlana bilər. 1991-ci ildə elə olmuşdu. Azərbaycan Ter-Petrosyanın səhvindən istifadə etdi, az da olsa nəticə əldə etdi. Amma proses yarımçıq qaldı. İndi təxminən eyni vəziyyət yaranıb. Azərbaycan anında vəziyyətdən yararlanmağı bacarmalıdır. Rusiyada ictimai rəy də bir qədər Azərbaycana tərəf meyllənib. Bu da xeyrimizə işləyir. İstənilən halda Azərbaycan üçün xarici amil olaraq Türkiyə və İran vacibdir. Bu iki ölkənin mövqeyi Rusiya tərəfindən də nəzərə alınacaq”.
Əhəd Məmmədli: “Reallığa uyğun hərəkət etməliyik”
Siyasi şərhçi Əhəd Məmmədli də fərqli düşünmür: “Bizə kim sərf edir, ondan yana olmalıyıq. Azərbaycan dünya adlanan böyük okeanda balaca ölkədir. Ona görə Azərbaycan nəhəng akulalar ətrafında manevr edərək üzməyə məcburdur ki, udulmasın. Təbii müttəfiqimiz qardaş Türkiyəmizi çıxmaq şərti ilə, Azərbaycan hamıya eyni məsafədə durmalıdır və ancaq öz maraqlarına uyğun hərəkət etməlidir. Maraqlarımız hara və nəyə cavab verirsə, o yöndə hərəkət etməliyik. Nə qərbpərəst, nə ruspərəst, nə də farspərəst olmaq lazımdır. Gözüyumulu kor-koranə istənilən pərəstliyin tərəfdarı deyiləm. Nə amerikaçı, nə rusçu olmağa ehtiyac var. Azərbaycançı olmaq lazımdır. Reallığa qalsa, Rusiya rəsmən Ermənistanın müttəfiqidir. Reallıq Rusiyanın daha çox ermənipərəst olduğunu göstərir. İstər ordu, istər siyasi, istər iqtisadiyyat, istər sosial, istər media, istər incəsənət, istərsə də idman sahələrində Rusiya Amerika ilə müqayisədə qat-qat ermənipərəstdir. Biz də bu reallığa uyğun hərəkət etməliyik”.
“Yeni Müsavat”