İdlibdən sonra sıra Qarabağındır - Ermənistanda Türkiyə xofu güclənir

İdlibdən sonra sıra Qarabağındır - Ermənistanda Türkiyə xofu güclənir backend

Moskva-Ankara əməkdaşlığı Dağlıq Qarabağ üçün yeni “Yol xəritəsi”ni aktual edib; erməni hərbi ekspert: “Rusiya qoşunları olmasa...”

Keçən həftə Moskvada Türkiyə və Rusiya liderləri arasında əldə olunan İdlib anlaşmasına hələ ki əməl olunur. Bir neçə gündən sonra - martın 15-dən tərəflər bölgədə birgə patrul xidmətini həyata keçirməyə başlayacaq. Ondan sonra atəşkəsin daha davamlı və etibarlı olacağı gözlənilir.

Bütün hallarda reallıq belədir ki, 6 saatlıq müzakirələrin ardınca imzalanan 5 mart Moskva anlaşması ilk növbədə Türkiyənin ortaya qoyduğu siyasi və hərbi güc hesabına mümkün olub. Qardaş ölkə həm də özünün milli PUA-ları ilə hərb sənətinə yeni səhifə yazaraq bir daha Rusiyaya, Qərbə, dünyaya nümayiş etdirdi ki, bölgədə onun iradəsindən kənar heç bir böyük proje, coğrafi dəyişiklik reallaşa bilməz. İstənilən güc Türkiyə ilə hesablaşmaq zorundadır.

*****

Qardaş məmləkətin öz hərbi qüdrətini, nüfuzunu artırması sözsüz ki, Azərbaycanın da güclənməsi, Dağlıq Qarabağ məsələsində özünü daha inamlı hiss eləməsi, Türkiyənin nizamlama prosesinə artan təsiri deməkdir. Adekvat surətdə işğalçı Ermənistanın Rusiya faktoru hesabına manevr imkanlarının daralması deməkdir. Çünki Türkiyə Azərbaycanın və Ermənistanın yerləşdiyi Cənubi Qafqazla da həmsərhəddir və buradakı vəziyyətə laqeyd qala bilməz. Ankaranın Dağlıq Qarabağla bağlı prinsipial mövqeyi də İrəvana çoxdan məlumdur.

İşğalçı tərəfi ən çox əndişələndirən məqam da Ankara və Moskva arasında münasibətlərin Suriya, İdlib məsələsinə rəğmən, bütün sahələr üzrə inkişafda olmasıdır. Ona görə ki, iqtisadi-ticari, siyasi-diplomatik, humanitar-mədəni və hərbi sferalar üzrə dərin əməkdaşlıq regional və qlobal problemlərlə bağlı ortaq mövqe tapmağı da asanlaşdırır. Moskvadakı İdlib anlaşması bu səbəbdən erməniləri əməllicə pərt edib. Hər halda, onlar Türkiyə-Rusiya əlaqələrinin təzədən böhrana girəcəyinə ümidli idilər. Nəinki ümidli idilər, bunun üçün var gücləri ilə çalışırdılar. Xüsusən də səfər ərəfəsi Rusiya KİV-lərində kök salan erməni mənşəli və erməni yanlı politoloqlar əllərindən gələni etdilər ki, iki ölkə arasında Suriyadan qaynaqlanan gərginlik davam eləsin, Ərdpoğan-Putin anlaşması baş tutmasın.

Ancaq bu cəhdlərin hamısı boşa getdi. Rusiyanın siyasi rəhbərliyi məkrli erməni lobbisi və dəstəkçilərinin küyünə uymadı, milli mənafeyi əsas götürdü. Milli mənafe isə Moskvanın Ankara ilə münasibətləri yüksək səviyyədə saxlamağı diktə edir. Geniş və dərin əlaqələr isə indi hətta Türkiyədən çox, onun özünə lazımdır. Nəzərə alsaq ki, bu yandan da neftin dünya bazarındakı qiyməti kəskin enib, o zaman Türkiyə kimi vazkeçilməz dövlətin Rusiya üçün önəmi ikiqat artıq görünər.

*****

Vurğulandığı kimi, iki qüdrətli dövlətin isti münasibətləri aktual olan və öz həllini gözləyən regional problemlərlə bağlı ortaq mövqe tapmağı asanlaşdıra bilər. Onlardan biri də 30 ildən çoxdur tüstülənən Qarabağ konfliktidir. Yeri gəlmişkən, Moskva görüşü zamanı Ərdoğanın Putinlə İdliblə yanaşı, Qarabağ mövzusunda da danışdığı haqda məlumat yayılıb. Məsələn, britaniyalı politoloq Nil Makfarleyn əmindir ki, Putin və Ərdoğan təkcə İdliblə bağlı yox, qeyri-rəsmi şəkildə Qarabağdakı vəziyyətlə bağlı da söhbət ediblər.



“Türkiyə çalışır ki, Cənubi Qafqazda öz təsirini artırsın, həmçinin mövqelərini gücləndirərək, Rusiya ilə danışıqlar üçün əlavə mövzular yaratsın. Bu, Türkiyənin siyasi ambisiyalarını nümayiş etdirən praktik əhəmiyyətli taktiki addımdır. Türkiyədən bu məsələdə dəstək gözləyən Azərbaycan faktorunu nəzərə almaq lazımdır. Türkiyə bu dəstəyin mövcud olduğunu açıq şəkildə göstərir. Bu kontekstdə Ankara Moskva ilə Qarabağ məsələsində danışıqların mümkünlüyünü görür. Türkiyə Azərbaycanın maraqlarını irəli sürərək mövcudluq məsələsini həll edir, amma Rusiyaya da onun regiondakı unikal rolunu etiraf etməyə mane olmur”, - deyə politoloq qeyd edib.

Siyasi şərhçi Elçin Mirzəbəyli də 6 saatlıq Moskva görüşündə Dağlıq Qarabağla bağlı müzakirəyə vaxt ayrıldığını mümkün sayır. “Bütövlükdə Türkiyə-Rusiya münasibətlərinin normallaşmasının Qarabağ probleminin həllinə müsbət təsir göstərəcəyi qənaətindəyəm. Əgər hər iki dövlət Suriya böhranının həllində qarşılıqlı maraqlara ziyan vermədən uzlaşmaya nail olarlarsa və bu, özünün praktik nəticəsini verərsə, o zaman yaranmış vəziyyət Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz töhfəsini verə bilər” - politoloq deyib.

“Türkiyə həmişə Qarabağ məsələsini gündəmdə saxlayıb”. Bunu isə “Yeni Müsavat”a “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu söyləyib: “Ərdoğan Moskvaya əsas İdlibi müzakirə etmək üçün getmişdi. Ola bilsin ki, bir çox məsələlər barədə, o cümlədən Qarabağla bağlı hər hansı müzakirə olub. Amma hazırda Rusiya və Türkiyəni narahat edən əsas məsələ Suriyadakı İdlib ətrafındakı vəziyyətdir”.

*****

Moskvada əldə olunan Türkiyə-Rusiya anlaşması Ermənistan mediasının da əsas mövzularındandır. Erməni təhlilçilər ələlxüsus Dağlıq Qarabağ ixtilafı kontekstində İdlib anlaşmasının mümkün təsirlərini hesablamağa çalışırlar. “Yeni Müsavat”ın erməni KİV-ə istinadən verdiyi xəbərə görə, o sırada analitik Ervand Bozoyan bir neçə məqama diqqət yönəldib.

Onun sözlərinə görə, Ərdoğan Moskva üçün ən sərfəli siyasi fiqurdur: “Türkiyənin istənilən başqa hökuməti Moskva ilə anlaşmalara az meylli və daha qərbyönlü olacaq. Bu da o deməkdir ki, Kreml Ərdoğanla daha çevik və çoxsəviyyəli siyasət aparmalıdır”.

Bozoyana görə, iki ölkə münasibətlərində ən zəif “həlqə” məhz Qarabağdır: “Ona görə ki, Rusiyanın ”təhlükəsizlik çətiri" bu bölgəyə şamil olunmur. Putinlə görüşdən gözlədiyindən azını alan Ərdoğan çalışacaq ki, Qarabağ “kartı”nı oynasın. Türklər öz qafqazlı qardaşlarına (Azərbaycana - “YM”) ən geniş köməyi göstərəcək. Artıq məlumdur ki, Ərdoğanın son Bakı səfəri zamanı tərəflər arasında hərbi-texniki sahə üzrə müqavilə imzalanıb. Ankara Bakını ən müasir pilotsuz döyüş aparatları ilə təmin eləməyə hazırlaşır. Yeri gəlmişkən, həmin dronlar Suriyada uğurlu şəkildə tətbiq olunur. Cəmi iki gün ərzində Türkiyənin PUA-ları Suriyada 100-dən çox hərbi texnika növünü məhv edib".

Bütün bunları nəzərə alan erməni ekspert bu qənaətə gəlir ki, Azərbaycan-erməni təmas xəttində gərginlik artacaq.

*****

Bu arada düşmən ölkədə, ümumiyyətlə, Türkiyə xofunun artdığı müşahidə olunmaqdadır.

“Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın qərb sərhədində təhlükəsizliyi qoruyur. Şərq hissəsində isə Türkiyə tərəfindən real təhlükə mövcuddur. Bu ölkənin ordusu Suriyadan sonra Ermənistana girə bilər”.

Belə bir iddia ilə erməni hərbi ekspert Mqer Akopyan yerli mediaya verdiyi açıqlama zamanı çıxış edib. Söz düşmüşkən, hazırda sosial şəbəkələrin erməni kəsimində ən çox müzakirə edilən məsələlərdən biri Türkiyənin Suriyadan sonra “Ermənistanla məşğul olmaq istəyəcəyi” ilə bağlıdır.

Akopyan isə bir az qabağa gedərək deyib ki, onda olan etibarlı məlumata görə, hazırda əsas erməni qüvvələri sərhədin şərq hissəsində cəmləşdirilib. “Bizim ordumuz bu və ya başqa hədəyə qarşı durmaq üçün həddən ziyadə zəifdir. Əgər qərb sərhədində Rusiya qoşunları olmasa, Ermənistan üçün təhlükə ikiqat böyük olardı...”

*****

Doğrudan da, xain xoflu olur. Məsələ ondadır ki, nə Türkiyə, nə də Azərbaycan ordusu İrəvana qədər getməyə hazırlaşmır. Buna ehtiyac yoxdur. Həm də o səbəbə ki, Ermənistan KTMT-nin üzvü kimi Rusiyanın təhlükəsizlik çətiri altındadır. Başqa yandan, ermənilərə ünvanlı məntiqli sual ortaya çıxır: əgər Türkiyədən bunca qorxursunuzsa, o zaman Azərbaycan torpaqlarını niyə işğal altında saxlayırsınız? Axı bu gün cəbhə xətti Qarabağdan keçirsə, sabah İrəvandan da keçə bilər...

“Yeni Müsavat
Diaspora