“Türkiyə böyük güc imici əldə etməyə cəhd edən dövlətdir və o, bu böyük regionda (Böyük Yaxın Şərq nəzərdə tutulur - red.) bütün problemlərin həllində rol oynadığını göstərməyə çalışır. Məhz bu səbəbdən Ankaranın maraqları regionda vacib rol oynayan Moskvanın maraqları ilə tez-tez toqquşur”.
Bu sözləri britaniyalı politoloq Nil Makfarleyn deyib (Axar.az). Rusiya və Türkiyə liderlərinin son görüşündən bəhs edən Makfarleyn Putin və Ərdoğanın təkcə İdliblə bağlı yox, bəlkə də qeyri-rəsmi şəkildə Qarabağdakı vəziyyətlə bağlı danışıqlar apardıqlarını da qeyd edib: “Türkiyə çalışır ki, Cənubi Qafqazda öz təsirini artırsın, həmçinin mövqelərini gücləndirərək, Rusiya ilə danışıqlar üçün əlavə mövzular yaratsın. Bu, Türkiyənin siyasi ambisiyalarını nümayiş etdirən praktik əhəmiyyətli taktiki addımdır. Türkiyədən bu məsələdə dəstək gözləyən Azərbaycan faktorunu nəzərə almaq lazımdır. Türkiyə bu dəstəyin mövcud olduğunu açıq şəkildə göstərir. Bu kontekstdə Ankara Moskva ilə Qarabağ məsələsində danışıqların mümkünlüyünü görür. Türkiyə Azərbaycanın maraqlarını irəli sürərək mövcudluq məsələsini həll edir, amma Rusiyaya da onun regiondakı unikal rolunu etiraf etməyə mane olmur”.Elçin Mirzəbəyli: “6 saatlıq bir görüşdə...”
Siyasi şərhçi Elçin Mirzəbəyli Ərdoğan-Putin görüşündə hansı məsələlərin müzakirə edildiyinin tam məlum olmadığını söylədi: “Prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə görüşündə Dağlıq Qarabağ probleminin həlli, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı hansı kontekstdən müzakirələr apardığı bəlli deyil. Hər halda, 6 saatlıq bir görüşdə Dağlıq Qarabağla bağlı müzakirəyə də vaxt ayrıldığı inandırıcı görünür. Amma bu müzakirənin gündəlikdə olan mövzularla yanaşı hər iki tərəf üçün nə qədər prioritet təşkil etdiyini söyləmək çətindir. Hər iki prezidentin birgə mətbuat konfransında da hansı məsələlərin detallı müzakirə olunduğu, hansı məsələlər ətrafında tam və qismən razılaşmaya nail olunduğu barədə konkret fikirlər səsləndirildi. Bu fikirlər arasında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələnin yer almaması onu deməyə əsas verir ki, liderlər daha çox onları birbaşa narahat edən məsələlərə, ölkələrinin maraqlarına fokuslanıblar. Bütövlükdə Türkiyə-Rusiya münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyi qənaətindəyəm. Əgər hər iki dövlət Suriya böhranının həllində qarşılıqlı maraqlara ziyan vermədən uzlaşmaya nail olarlarsa və bu, özünün praktik nəticəsini verərsə, o zaman yaranmış vəziyyət Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz töhfəsini verə bilər”.
Elxan Şahinoğlu: “Türkiyə həmişə Qarabağ məsələsini gündəmdə saxlayıb”
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu: “Ərdoğan Moskvaya əsas İdlibi müzakirə etmək üçün getmişdi. Ola bilsin ki, bir çox məsələlər barədə, o cümlədən Qarabağla bağlı hər hansı bir müzakirə olub. Amma hazırda Rusiya və Türkiyəni narahat edən əsas məsələ Suriyadakı İdlib ətrafındakı vəziyyətdir. Mətbuata prezidentlərin verdiyi açıqlamadan aydın olur ki, əsas bu məsələ müzakirə olunub. Doğrudur, Türkiyə hər zaman Qarabağ məsələsini gündəmdə saxlayıb. Rusiyanın bu mövzuya maraq göstərdiyini düşünmürəm. Çünki Ərdoğanın bu barədə açıqlaması var ki, bir neçə dəfə Qarabağ məsələsini Putinlə müzakirə etmək istəmişəm, amma qarşı tərəf buna maraq göstərməyib”.
musavat.com