Böyük sülh anlaşmasının ləngiməsi Azərbaycan və Türkiyəni daha çox hərbi əməkdaşlığa sövq edir; işğalçının qorxulu kabusu - “Akınçı” PUA-ları gəlir, Bakı öz silah arsenalını böyüdür...
Artıq bəllidir ki, qardaş Türkiyənin istehsalı olan “Akınçı” pilotsuz döyüş təyyarələri (PUA) bir həftədir ki, Suriyanın İdlib bölgəsində Əsəd rejiminin qüvvələrinə qan uddurur. Bu zərbə dronlaru hətta Bəşər Əsədin 1 nömrəli müttəfiqi Rusiyanın siyasi-hərbi isteblişmentini də təəccüb içərisində qoyub.Rusiyanın daha bir marioneti isə Cənubi Qafqazdadır - Ermənistan. Artıq işğalçı ölkədə də gözlənildiyi kimi, Türkiyənin hərb tarixində yeni uğura imza atmasından ciddi narahat olublar. Axı belə dronlardan heç Rusiyada da yoxdur. Şimal qonşumuzun istehsal elədiyi PUA-lar isə Türkiyə və İsrail analoqlarından geri qalır.
Şübhə yox ki, arsenalında İsrail dronları olan Azərbaycan qardaş ölkə ilə birgə “Akınçı”nın birgə istehsalı yönündə də addımlar atacaq. Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı prezident İlham Əliyev qardaş ölkədən yeni silahların alınacağını bəyan eləməklə yanaşı, türkiyəli həmkarı ilə iki ölkənin birgə silah istehsalı ilə bağlı müzakirə aparıldığını da söyləmişdi. Həmçinin o da bəyan edilmişdi ki, 2020-ci ildə iki qardaş ölkənin birgə hərbi təlimləri keçən illə müqayisədə (13) daha çox sayda nəzərdə tutulub.
*****
Azərbaycan eyni zamanda özünün yerli hərbi sənaye kompleksini inkişaf etdirmək, hər il yeni hərbi hissələr inşa etməklə hərbi potensialını artırmaqdadır. Söz düşmüşkən, martın 4-də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Ağstafada yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə və ordumuzun arselanında olan yeni və müasir silahlar, hərbi texnika ilə tanış olub.
Bildirilib ki, tank əleyhinə idarə olunan raket kompleksi “SPİKE-ER” qurğusu döyüş maşını üzərində quraşdırılan, müxtəlif relyef şəraitinə uyğunlaşdırılan, 400 metrdən 8000 metrə qədər gündüz, gecə və məhdud görmə şəraitində düşmən tanklarını, piyadaların döyüş maşınlarını və zirehli texnikalarını məhv etmək üçün təyin olunmuş raketburaxıcı sistemdir. 122 millimetrlik “HAUBİTSA 2A18 D-30", 122 millimetrlik ”ÖAQ 2S1" və 122 millimetrlik “YARS BM-21 V” qurğuları düşmənin açıq və qapalı yerlərdə yerləşən canlı qüvvəsini, atəş vasitələrini, uzunmüddətli örtülü açıq tipli müdafiə qurğularını məhv etmək, minalanmış sahələrdən keçid açmaq, düşmənin artilleriyasını və tank bölmələrini atəşə tutmaq üçün təyin olunub. “RM-70 döyüş maşını m-21OF” qəlpələnən-fuqas mərmisi ilə atış apararkən toplanma rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq tapşırıqlarını yerinə yetirir. Özüyeriyən top, haubitsa qurğusu 152 millimetrlik “DANA M1M” avtomatik doldurmaya malik olan yeni artilleriya qurğusu olub, düşmənin artilleriya qurğularını, atəş vasitələrini, komanda və idarəetmə məntəqələrini, istehkam qurğularını, tank və zirehli texnikalarını məhv etmək üçün təyin olunub. 306 millimetrlik “Ekstra” taktiki raket sistemidir.
İqlim şəraitindən asılı olmayaraq, 30-150 kilometr məsafəyə raket buraxmaqla cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə raket bölmələrini, ordu komanda məntəqələrini, mövqelərdə hava raket hücumundan müdafiə bölmələrini məhv etmək üçün təyin olunub. Əməliyyat-taktiki raket kompleksləri “POLONEZ” və “LORA” düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunlarının əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq, dənizsahili istiqamətlərdə isə bundan əlavə, düşmən donanmasının yerləşmə məntəqələrini dağıtmaq və onun döyüş gəmilərini məhv etmək üçün təyin olunub. “MKAP-19" səhra komanda və idarəetmə məntəqələrinin daxilində və bir-biriləri arasında, həmçinin stasionar idarəetmə məntəqələri ilə İP texnologiyaları əsasında səs, data və video məlumat mübadiləsini təmin edən kompleksdir.
Daha sonra hərbi hissədə Ali Baş Komandan İlham Əliyevin, müdafiə naziri, Baş Qərargah rəisi və birlik komandirinin iştirakı ilə operativ müşavirə keçirilib. Yeni hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü, dünyanın isə 52-ci ordusu kimi, istənilən an torpaqlarımızı erməni işğalından azad etməyə qadirdir....
*****
“Türkiyənin Suriya qüvvələrinə qarşı hücumda ”dron dəstələri" istifadə etməsi xəbəri Azərbaycanda da geniş maraq doğurub. Artıq sosial şəbəkələrdə “biz niyə bu texnologiyadan istifadə etməyək” məsələsi ətrafında müzakirələr gedir".
Bunu hərbi ekspert Rəşad Süleymanov deyib. Ekspert qeyd edib ki, dron istehsalı sahəsində fəaliyyət göstərən yerli bir şirkətimiz tərəfindən bu sahədə işlər aparır: “GPS olmayan ərazilərdə uçuş edə bilən dronlar yaradılıb. Hazırda bu dronlar üçün üz tanıma alqoritmləri işlənir. Səbir edək, yaxın bir neçə aya müasir texnologiyalara sahib yerli dronlarımız düşmənin kabusuna çevriləcək”.
Qardaş Türkiyə Azərbaycanın öz hərbi qüdrətini və döyüş hazırlığını artırmasına real dəstək verməklə yanaşı, ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ ixtilafının dinc həlli yolunda da səylərini əsirgəmir. Xəbər verildiyi kimi, martın 2-də Minsk Qrupunun həmsədrləri Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüblər. Görüşdə Türkiyə XİN başçısının Ermənistan-Azərbaycan münaqişəsi haqda səsləndirdiyi fikirlər Ermənistanda etiraz və təlaş yaradıb.
Qeyd edək ki, nazir çıxışında “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” fikirlərinə yer verib. Çavuşoğlunun açıqlamasına etiraz edən ermənilər Minsk Qrupunu Azərbaycan və Türkiyənin maraqlarına xidmət etməkdə ittiham edib. Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan da türk həmkarının fikirlərini sərt reaksiya ilə qarşılayıb. Halbuki Mövlud Çavuşoğlu qeyri-adi, beynəlxalq hüquqa zidd heç bir açıqlama verməyib.
“Münaqişənin həlli üçün mandatı olan ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşləri və iş planı barədə əvvəlcədən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə məlumat verilir”. Bunu isə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan həmsədrlərin Türkiyə səfəri barədə jurnalistlərə açıqlamasında söyləyib. “Tərəflərə ATƏT-in Minsk Qrupu həmsədrlərinin ATƏT-ə üzv dövlətləri və beynəlxalq qurumlarla əlaqələrini ehtiva edən iş planı barədə məlumat verilir”, - Naqdalyan vurğulayıb.
Ankaradakı görüş Ermənistanda Qarabağ münaqişəsi ilə bağlı bir sıra iddiaların ortaya çıxmasına da səbəb olub. Görüşdən bir neçə gün keçməsinə baxmayaraq, erməni mediası hələ də Dağlıq Qarabağın öz gerçək sahibinə - Azərbaycana qaytarılması üçün Rusiya və Türkiyə prezidentlərinin də iştirak etdiyi gizli prosesin getməsindən yazır.
*****
Ancaq enində sonunda Dağlıq Qarabağ konflikti ilə bağlı onsuz da əsasında ölkəmizin ərazi bütövlüyü prinsipi duran “Yol xəritəsi” hazırlanmalı olacaq. Bunu ya Rusiya etməli olacaq, ya da Rusiya və Türkiyə ilə birgə.
Əslinə qalsa, münaqişənin dinc həlli prosesində pozitivə doğru dönüşdə ən çox erməni tərəfi maraqlı olmalıdır. Çünki həll edilməmiş konfliktin altını hamıdan çox erməni əhali çəkir - istər Ermənistanda olsun, istərsə də işğal altındakı ermənilər.
Söz düşmüşkən, artıq dolanışığın ağırlığı, işsizlik Dağlıq Qarabağdakı olan-qalan əhalini da bezdirib. Bölgədən gələn xəbərlərdə hətta yerli separatçı rejimə qarşı üsyan hazırlandığı deyilir.
“Dağlıq Qarabağda inqilabdan əvvəlki gərginlik hökm sürür. Qarabağda yaşayan ermənilər mövcud rejimdən narazılıqlarını bildirmək üçün küçələrə çıxmağa hazırlaşır”. Bu barədə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələn erməni jurnalist Vaxram Ağacanyan yazıb. Jurnalist qeyd edir ki, “Qarabağ İnqilab Partiyası” ermənilərə müraciət edərək, Bako Saakyan rejiminə qarşı kütləvi itaətsizliyə çağırır.
“Qarabağda yaşayanlar illərdir kredit dəliyindən çıxa bilmir. İrəvan və Saakyan rejimi Qarabağ ermənilərini əsarətdə saxlayır. İnsanlar illərdir banklara olan ən kiçik borclarını belə geri ödəmək gücündə deyillər. İnsanlar ən adi istehlak kreditini götürmək üçün az qala özlərini girov qoymaq məcburiyyətində qalırlar. Etirazçıların sırası günbəgün artır” - məlumatda deyilir. O da bildirilir ki, vəziyyətin xaotik səviyyəyə çatdığını görən Saakyan rejimi Qarabağda kütləvi həbslərə başlayıb. Həbs edilənlərin əksəriyyətinin taleyinin naməlum olduğu bildirilir.
*****
Şübhəsiz, konflikt uzandıqca Azərbaycan vətəndaşları olan Dağlıq Qarabağ ermənilərinin vəziyyəti daha acınacaqlı olacaq. O da gün kimi aydındır ki, martın 31-də separatçı bölgədə nəzərdə tutulan növbəti “prezident seçkisi” tamaşası da vəziyyəti yaxşıya dəyişə bilməz. Çünki kriminal qurumun başında kimin durması önəmli deyil, - istər Bako Saakyan olsun, istərsə də qeyrisi, - önəmlisi azərbaycanlılarla dil tapmaq üçün dinc-yanaşı yaşamağın formulunu tapmaq, “Yol xəritəsi” hazırlamaqdır.
Formul isə çoxdan bəlli. Azərbaycanın Konstitusiyasına və qanunlarına hörmət eləmək, silahı yerə qoymaq, Bakının təklif elədiyi muxtariyyət təklifinə qane olmaq. Əks halda, düşmən tərəf növbəti müharibəyə hazırlaşmalıdır. Savaş istəyən savaşı alacaq, sülh istəyən isə -sülhü... (musavat.com)