Fevralın 27-də 34 türk əsgərinin şəhid olması, Rusiya ilə münasibətlərin yenidən qırılma həddinə gəlməsi xəbər məkanımızı yenidən xeyli yaxınlaşdırıb. Çünki Türkiyə qardaşımız, Rusiya isə əzəli qonşumuzdur.
Bu gün iki ölkə prezidentinin görüşündə hansı nəticələrin əldə olunacağını demək çətindir, Ərdoğan «çərt qoz», Putin isə «sərt oğlandır». Bizim Türkiyə adına bu görüşdə umacağımız ilk növbədə atəşkəsin əldə edilməsi, yəni şəhidlərin olmamasıdır. Məlumdur ki, İdlibdəki ağır itkilər, ölkənin 21 şəhərinə şəhid tabutlarının gətirdiyi hüzn və qəzəb iqtidarla müxalifət arasında sərt ittihamlara səbəb olub.Martın 4-də isə həmin ittihamlar Türkiyə Böyük Millət Məclisində əlbəyaxa dava ilə bitib. Bilməyənlər üçün deyim ki, ittihamlara səbəb Türkiyə prezidenti Tayyib Ərdoğanın şəhidlərə bağlı dediyi fikirlərdir. Türkiyə prezidenti İdlib şəhidləri haqda danışarkən deyib ki, «Şəhidlər Təpəsi» heç vaxt boş qalmayacaq. Həmin çıxışa canlı yayında baxdığım üçün Ərdoğanın nə demək istədiyinə şahidəm, amma onun sözlərinin ciddi etiraz doğuracağını da təxmin etmək olardı. Bundan dərhal sonra ana müxalifət lideri Kamal Kılıçdaroğlu prezidentin bu mövqeyini sərt tənqid edib, «niyə əsgərlərimiz yad torpaqda şəhid olmalıdır» soruşub, CHP və müttəfiqlərinin hakimiyyətə gələcəyi təqdirdə «Şəhidlər Təpəsi»nin yeni məzarlarla dolmayacağını vəd edib. Sonrakı günlərdə CHP lideri «hansı millət vəkilinin, hansı məmurun oğlu İdlibdə döyüşür?» sualı gərginliyi daha da artırıb. Ərdoğan və AKP yetkililəri günlərdir bu ifadələrə izahat verirlər.
Ərdoğan kritik Moskva səfərindən öncə dedi ki, onun fikirlərini xalq yaxşı başa düşür. Ərdoğan partiyasının qrup toplantısında şəhidlik zirvəsinə ucalmaq istəyənlərlə bağlı videorolik göstərib, sosial şəbəkədə minlərlə gənc «şəhid olmağa hazırıq» mesajları yazıb. Bunların AKP-nin trolları olduğunu düşünən varsa, ya türkün tarixini bilmir, ya ruhun. Ərdoğan üstüörtülü deyib ki, onu qınayanlar İdlibin tarixən türkün torpaqları olduğunu unutmasınlar.
Bu sərt müzakirələr təəssüf ki, İdlibdə şəhid olan bir əsgəri geri qaytarmayacaq, bir şəhid anasının göz yaşlarını qurutmayacaq. Türklər üçün şəhidlik o qədər həssas mövzudur ki, onun içinə girsən, özün itərsən. On minlərlə insan var ki, yeddi arxa dönənin şəcərəsini axtarıb tapıb, ta nəsil-nəcabəti Osmanlıdan bəri şəhid verirlər bu torpaqlar üçün. Onların ulu dədələrinin şəhid məzarları Osmanlının ərazisi olan hər yerdə var, əsgərinin şəhadət məzarı Şamaxıda da var, Göyçayda da… Türkiyə imperiya varisidir və onun şəhid məzarlarının Avropanın dörd bir yanında olması təbiidir. «Şəhidlər Təpəsi» ilə bağlı müzakirələr adamı incidir, axan qan kimidir. Hər iki tərəf öz arqumentlərinə görə haqlı görünür. Amma bir həqiqət də var-Türkiyə, ordu, xalq, şəhid…Bunlar bir-birindən ayrılmazdır, bir-birini tamamlar.
Bu müzakirələrə niyə diqqət etdim? Allahı sevərsiz, soruşmayın niyə? Niyəsimi var? Şəhidlər Xiyabanı(Təpəsi) , Qarabağ, işğal…Bunlar sizə hər şeyi deyir. Deyirmi? Əlbəttə deyir! Azərbaycan dünyada bəlkə yeganə gövlətdir ki… indi öz tarixi torpaqlarl ilə sərhəddi. Dərdə bax-bir tərəfi Dərbənd, bir tərəfi Zəngəzur, bir tərəfi Təbriz…
Azərbaycan son müstəqilik savaşında, Qarabağ müharibəsində ciddi itkilər, müharibədə minlərlə şəhid verib- ölkənin hər tərəfində şəhidlər məzarlığı var. Ürəyimiz partlar, amma nə qədər şəhid məzarlarımız düşmən tapdağındadır. Qaçqınlar qəbiristanlıqları da ölkənin hər yerində dolur…Qazilər məzarlığı deyərdim onlara…
Azərbaycan hakimiyyətinin mövqeyi məlum və dəyişməzdir. Qarabağ sülh yolu ilə azad edilməzsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə almaq haqqını özündə saxlayır. Bunu beynəlxalq sənədlər də deyir.
Müharibə ağır işdir-bu, yalnız güclü silah, güclü dəstək demək deyil. Bu, millət olmaq, şəhid vermək, Şəhidlər Xiyaban(lar)ının boş qalmayacağını qəbullanmağa hazır olmaq deməkdir.
İndi «niyə müharibə etmirik» deyən psevdovətənpərvərlər, ya da «sən müharibədə nə etmisən» deyənlər varsa, onlara verəcək cavabım yoxdur. Amma bildiyim odur ki, bu millətin o damarının üstünə basmaq lazımdır-torpaq sevgisi, düşməndən qısas almaq yanğısını deyirəm. Bu millət aprel döyüşlərində bir daha göstərdi ki, şəhid verməyə də, şəhid olmağa da hazırdır. Yetər ki, Şəhidlər Təpəsi boş qalmasın, ta torpağımızın hər bir qarışı azad olanadək…
Həftənin çərşənbə axşamı yayımlanan «Qurtuluş Osman» serialında çox ibrətamiz bir səhnə yadıma düşdü: Torpağa su qatarsan palçıq olar, qan qatarsan vətən…
Nazim SABİROĞLU
musavat.com