Talesiz şəhərin talesiz sakinləri...

Talesiz şəhərin talesiz sakinləri... backend

Qazilər.az saytı Azərbaycanın tanınmış jurnalisti, yazıçı - publisist, Azərbaycan, rus, ingilis, türk, malay dillərindən nəşr olunan 12 kitab müəllifi, əslən Xocalıdan olan, Xocalı soyqırımın canlı şahidi Səriyyə Müslüm qızının “Onlar heç vaxt böyüməyəcəklər” kitabından esseləri təqdim edəcək. Kitabda 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda qətlə yetirilən 63 uşağın taleyindən bəhs edən kiçik esseləri təqdim edirik. Biz bu balaca hekayələrin dünyada bərabarin görmürük. Heç bir cümləlik tərcümeyi – hala rast gəlmisiniz? Elə isə buyurun!


Talesiz şəhərin talesiz sakinləri...

Çinarə Nazim qızı Abışova 1982-ci ildə Xocalıda anadan olmuşdur.
Çingiz Nazim oğlu Abışov 1986-cı ildə Xocalıda anadan olmuşdur.
1992-ci il fevralın 26-dan sonra onların nə dirisini, nə də ölüsünü görən olub.

...Onlar fevralın 26-da Xocalını tərk edə bilmədilər. Ona görə də Xocalı kimi, onların taleləri də məlum deyil. Çinarənin 10, qardaşı Çingizin 6 yaşı vardı.

Evlərinin böyründən arx axırdı...Arxın qırağı Çinarə ilə Çingizin sevimli yerləri idi. Anaları Məhbubə dərzi idi. Onun rəngbərəng parçalardan tikdiyi paltarların kəsiklərindən Çinarə gəlinciklərinə çoxlu don tikmişdi. Gəlinciyin paltarları çirklənəndə onları arxda yuyub, daşların üstündə qurudardı. Ataları Nazim sürücü idi. O da maşınını arxın kənarında saxlayardı. Çingiz üst-başını islada-islada atasının maşınını yuyardı. Nənələri Mədinənin köhnə Xocalının Qışlaqlar deyilən yerdəki evini ermənilər yandırdıqdan sonra nəvələri ilə birgə yaşayırdı. Dəhşətli faciənin şahidi olan Mədinə nənə nəvələrinə evinin yandırılmasından danışanda Çingiz nənəsindən qorxa-qorxa soruşmuşdu: “Bizim evimizi ermənilər yandırsa, bəs şaxtada çöldə necə qalacağıq?”

Köhnə Xocalını ermənilər yandırıb, adamları qətlə yetirəndə Mədinə nənə sağ qalmışdı...

Mədinə nənə nəvələrini qanadının altına ala bilmədi. Heç özü də xilas ola bilmədi. Həmin gecə oğlu Nazim postda idi. Mədinə nənə, Məhbubə, Çinarə, Çingiz onu gözləyirdilər. Gecədən xeyli keçmişdi. Məhbubə Çingizi kürəyinə şəllədi, Çinarənin isə əlindən tutub, həyat yoldaşı gələnə kimi kənddəki zirzəmilərin birində gizlənməyi qərara aldı. Arxı keçəndə Çinarənin ayaqqabısının bir tayı suya düşüb axdı. Onlar qaçırdılar. Zirzəmilərə doluşan qadınların, uşaqların, qocaların ümidi yalnız Tanrıya qalmışdı.

Həmin gecə əsir düşən Sara Səyavuş qızı Səlimova danışır ki, qardaşım Xəqani polis işçisi idi. Anam, mən, bacım, qardaşım Xəzər evdə onu gözləyirdik. Ermənilər evimizə soxulub bizi əsir götürdülər, Təzəkəndə apardılar. Səhərisi gün məni maşına qoyub kəndimizə gətirdilər ki, adlarını çəkdikləri adamların evlərini göstərim. Milli Ordu əsgərləri yaşayan mədəniyyət evi tamam yandırılmışdı. Bir vaxtlar sovet sədri işləyən rəhmətlik Əliş müəllimin darvazasının ağzında iki uşaq, bir qadın öldürülmüşdü. O, Məhbubə Abışova və uşaqları Çinarə ilə Çingiz idi. Mədinə nənə isə o zülmət gecədə yox olmuşdu.

...Siz yəqin ki, “Naməlum əsgərin məzarı” ifadəsini eşitmisiniz, amma heç vaxt rastınıza “Naməlum uşağın məzarı” kəlməsi çıxmasın. Əgər çıxsa, bilin ki, bu məzar Xocalıda qalıb taleyi məlum olmayan uşaqlara qoyulmuş məzardır...
Diaspora