Ermənilər Xocalı Soyqırımına görə məsuliyyəti üzərlərinə götürüblər - TARİX

Ermənilər Xocalı Soyqırımına görə məsuliyyəti üzərlərinə götürüblər - TARİX backend

Ermənistan rəhbərliyi Xocalı Soyqırımına görə siyasi məsuliyyət daşımaqdan boyun qaçırmaq istəyir.

Müharibə illərində Qarabağda həm iştirak etdiyi, həm də birbaşa dəstək verdiyi, faktiki isə nəzarəti altında saxladığı hərbi birləşmələrin ərazi işğalları, etnik təmizləmə siyasəti, kütləvi qətliamları və s. cinayətləri bu gün Yerevanın qəbul etmək istəmədiyi, hər vəchlə yayınmaq istədiyi reallıqdır.

Ancaq Ermənistan rəhbərliyi Xocalıya görə siyasi məsuliyyəti hələ 1992-ci ilin martında, Xocalı soyqırımından 10 gün sonra üzərinə götürmüşdü.

Modern.az xəbər verir ki, hələ 1992-ci ilin martında 613 sakinin qətlə yetirildiyi soyqırımı ilə bağlı Dağlıq Qarabağdakı qondarma rejim Azərbaycan xalqına başsağlığı verib.

Bu faktı Rusiyanın ”İzvestiya” qəzetinin 1992-ci il martın 6-da çıxan buraxılışı sübut edir.

“Dağlıq Qarabağ Respublikasının Ali Soveti aeroportun alınması zamanı yaxınlıqda yerləşən Xocalı qəsəbəsində dinc sakinlərin ölümünə görə yaxınlarına başsağlığı verir”-deyə bəyanatda deyilirdi.

Təbii ki, guya Xankəndində oturan separatçı rejimin verdiyi bu rəsmi açıqlama, reallıqda Levon-Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan hökumətin hərbi cinayətləri üzərinə götürməsi anlamına gəlir. Sadəcə, Ermənistan o zaman Xocalı Soyqırımına görə məsuliyyəti üzərindən atmaq üçün Qarabağda yaşayan erməniləri qabağa verib.

Soyqırımın erməni hərbi birləşmələri (Reallıqda Ermənistana məxsus ordu – V.İ) tərəfindən törədilməsi Rusiyanın məşhur hüquq təşkilatı “Memorial” tərəfindən də təsdiqlənib.

Araşdırmada Dağlıq Qarabağ rəsmilərinin Xocalıda vəhşilik törədilməsini inkar etmədikləri vurğulanır.

“Bizim müşahidəçilərlə söhbət zamanı Qarabağ hakimiyyətinin rəsmi nümayəndələri Xocalı alınan zaman vəhşiliklərin törədildiyini inkar etmirdilər, belə ki, erməni silahlı dəstələrinin tərkibində yaxınları azəırbaycanlılar tərəfindən öldürülən, yaxud məhkumluq keçmişi olan şəxslər var idi”-deyə hesabatda deyilir.

Cinayət faktı istər prezident Serj Sarkisyanın araşdırmaçı Tomas De Vala açıqlamasında, istərsə də, digər eks-prezident Robert Koçaryanın xatirə kitbarında təkzib olunmur.

Xocalı Soyqırımı ilə bağlı Ermənistan təbliğat maşınının “humanitar koridorun mövcudluğu”, qırğının “erməni hərbi birləşmələrinin nəzarəti altında olmayan ərazidə baş verməsi” və s. barədə iddiaları 2000-ci illərinə əvvəllərində peyda olub və hökumət səviyyəsində tirajlanıb.

Lakin 1992-ci ilə aid sənədlər, şahid ifadələri, videogörüntülər və erməni tərəfinin bəyanatları Xocalı Soyqırımının təşkilatçı və icraçılarının kimliyində şübhə yeri qoymur.
Diaspora