“Hesab edirəm ki, təzminat məsələsi fərdi qaydada aparılmalıdır”.
Bu fikirləri Modern.az-a Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xocalı soyqırımından zərər çəkən Xocalı sakinlərinin Ermənistandan təzminat almaları məsələsindən danışarkən deyib.Onun sözlərinə görə, bəzi vətəndaşlarımız var ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib:
“Buna misal olaraq “Çıraqovların işi”ni göstərmək olar. Onlar müraciətlərində Laçın rayonunun Ermənistan tərəfindən işğal olunduğunu və öz evlərinə gedə bilmədiklərini qeyd etmişdilər. Bununla bağlı Ermənistan dövlətinə maddi və mənəvi ziyanın ödənilməsi tələbini irəli sürmüşdülər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi onların tələbini təmin etmişdi. Eyni qayda ilə Xocalı və Dağlıq Qarabağa daxil olan digər rayonların sakinləri də müraciət edə bilər”.
Xüsusi istintaq şöbəsinin rəisi bildirib ki, bu günə kimi hansısa xocalılı təzminatla bağlı belə bir müraciət etməyib:
“Müraciət edilməməsinin səbəbi barədə bir söz deyə bilmərəm. Bir daha təkrar edirəm. Təzminat məsələsi istintaqın işi deyil. Onlar fərdi qaydada müraciət etməlidirlər. Hər halda, müraciət etsələr, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məsələyə baxacaq”.