“Xocalıda cəmi iki nəfər ölüb” xəbəri: Mütəllibovun informasiya xidməti ilə Rəhim Qazıyevin işbirliyi - FOTO

“Xocalıda cəmi iki nəfər ölüb” xəbəri: Mütəllibovun informasiya xidməti ilə Rəhim Qazıyevin işbirliyi - FOTO backend

Bu ilin fevralın 26-da Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunacaq.

Yenə tarixə qanlı hərflərlə yazılan o günü anacağıq, 28 ilin kədərini dilə gətirəcək, Xocalı dəhşətini göstərən kadrlara baxıb kövrələcək və Ermənistanın insanlıq düşməni olduğunu bir daha xatırlayacağıq.

Soyqırımını Ermənistanın törətdiyi təkzibolunmaz dəlillərlə sübut olunub.

Erməni ideoloji maşını nə qədər bunu təkzib etməyə çalışsa da, rəqəmlər və faktların dili əsl həqiqəti bəyan edir.

Ermənilər 366-cı motoatıcı alayın dəstəyi ilə Ermənistanın imza atdığı soyqırımı faktını gizlətməyə çalışır. Amma erməni fantaziyasının sərhədləri nə qədər hüdudsuz olsa da, bir məsələdə defisitdir.

Ermənistan tərəfi həmişə iddia edir ki, guya dinc əhalinin dəhlizlə çıxması üçün şərait yaradılıb.

Xocalı erməni fantaziyasını qısırlaşdırdı

Amma bu iddianın nə qədər absurd olduğu ortadadır. Birincisi, əgər dəhliz açılmışdısa, Ermənistan bu barədə mühasirəyə düşən tərəfi məlumatlandırmalı idi. Ermənistan isə bu barədə Azərbaycan tərəfinə heç bir informasiya verməyib.

İkincisi, həmin vaxtlar erməni komandan olan, daha sonralar Ermənistanın prezidenti vəzifəsinə qədər yüksələn Serj Sarqsyan britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibədə Xocalıda soyqırımı törədildiyini etiraf edib.

O, ermənilərin Xocalıda nə qədər qəddar və amansız davranışlar sərgilədiyinə haqq qazandırıb, bununla belə, erməni hiyləsinə sığınaraq bildirib ki, guya qurbanların sayı şişirdilib.

“Ancaq zənnimcə, əsas məsələ tamam başqadır. Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik. Bax, bu da baş verdi”, - deyə Serj Sarqsyan həyasızcasına bildirib.

Bu da fakt – yəni mülki əhalini qırmağı hədəfləyən bir düşüncə hansı dəhlizdən söhbət aça bilər?!

Sarqsyan özü ermənilərin fantaziyasına məxsus tezisləri darmadağın edir.

Tomas De Vaal isə Sarqsyanın mövqeyindən belə nəticə çıxarır ki, bu kütləvi qırğın qismən də olsa, əvvəlcədən düşünülmüş qorxutma aktı idi.

Azərbaycan tərəfi ən mötəbər tribunalarda Xocalı soyqırımı barədə məsələ qaldırıb, Ermənistanı ifşa edən dəlillər ortaya qoyulub.

Bütün bunlar öz yerində, amma Xocalı faciəsi Azərbaycana ağır siyasi-psixoloji zərbə vurması ilə, Qarabağın işğalını stimullaşdıran hadisə kimi yadda qaldı.

Kim həqiqəti söyləyir?

Elə həmin dövrdə Azərbaycan hakimiyyəti Xocalıda cəmi iki nəfərin öldürüldüyünü və Xocalıda ermənilərə qarşı müqavimətin göstərildiyini bəyan etdi.

Bu barədə AzTV-də informasiya səslənmişdi. Bəzi versiyalara görə isə, iki nəfərin öldürülməsi xəbərini AzTV-yə Daxili İşlər naziri Tofiq Kərimov ötürüb.

1992-ci ilin fevralın 27-də Azərbaycan Prezidentinin (Ayaz Mütəllibov) mətbuat xidməti məlumat yaymışdı ki, Xocalıda vəziyyət gərgin olsa da, müqavimət davam edir.

Azərbaycanın o zamankı rəhbərliyi bu informasiyanı yayarkən Şuşanın hərbi komendantı Rəhim Qazıyevə istinad etmişdi.



“Xocalının erməni hərbi birləşmələri tərəfindən tutulması haqqında şayiələr həqiqətə uyğun deyildir. Şuşanın hərbi komendantı Rəhim Qazıyev məlumat vermişdir ki, Xocalı müqavimət göstərir”, - deyə qəzet səhifəsində çıxan materialda yazılır.

Xocalı rayon Rabitə Şöbəsinin rəisi işləmiş Cavid Əliyev isə Rəhim Qazıyevin populist olduğuna diqqət çəkir.

“Bizim tərəfimizdən Mərkəzi Komitəyə göndərilən məlumatlara reaksiya versəydilər, qüvvələrin bölünməsinə imkan yaratmasaydılar, Rəhim Qazıyev kimisinin biri gəlib Şuşada oturmazdı. Bizə zəng vurub deyirdi ki, əgər Xocalıya bir güllə atılsa, mən Xankəndinin altını-üstünə çevirərəm. Halbuki faciənin baş verdiyi həmin gecə mən Şuşa ilə əlaqə yaratdım, lakin Rəhim Qazıyev cavab vermək əvəzinə, qaçıb gizləndi. Sonra öyrəndim ki, milis şöbəsinin zirzəmisində gizlənib. Bizimlə əlaqə yaratmadı. Əksinə, Xocalıya kömək məqsədilə Şuşadan atəş açanları cəzalandıracağını bildirmişdi”, - deyə Cavid Əliyev söyləyir.

Xocalı soyqırımı, ardınca isə iki nəfərin öldürülməsi xəbəri sonradan Ayaz Mütəllibovun boynundan asılan “daşa” çevrildi, cənab Mütəllibovu ittihamların episentrinə gətirdi.

Ayaz Mütəllibova qarşı səsləndirilən fikirlərdə emosionallıq ola bilər, amma nəticə olaraq Mütəllibov prezident kimi hadisəyə görə məsuliyyət daşıyırdı.

Ayaz Mütəllibova inansaq, fevralın 25-dən 26-na keçən gecə nə özünün, nə Daxili İşlər naziri Tofiq Kərimovun, nə də Milli Təhlükəsizlik naziri İlhüseyn Hüseynovun Xocalıda baş verənlər barədə tam təsəvvürü olub.

Eks-prezidentin sözlərinə görə, həmin dövrdə Müdafiə Nazirliyinin baş qərargah rəisi postunu tutan Şahin Musayev iki nəfərin ölməsi xəbərini verib.

Guya Şahin Musayev Ayaz Mütəllibovu pis vəziyyətə qoymamaq üçün bu “tarixi nailiyyətə” imza atıb.



“Ondan bəri elə hey deyirlər ki, ölənlərin sayı qəsdən gizlədilib. Mən isə başa sala bilmirəm ki, baş verənlərdən xəbərim olmayıb. Niyə gizlətməli idim ki?! Bu cür qətliamı gizlətmək olar?! Mütəllibov kim idi ki, bunu gizlədə?!”

Şahin Musayevin bioqrafiyasında onun reputasiyasına xal qazandırmayan faktlar var.

Belə ki, o, Şuşanın işğalından sonra Azərbaycandan qaçıb. Hazırda Şahin Musayevin hansı ölkədə yaşadığı dəqiq məlum deyil.

Kimdir müqəssir?

Təbii ki, Ermənistan. Ermənistan bunun üçün hüquqi və mənəvi məsuliyyət daşımaqla, beynəlxalq tribunal qarşısına çıxarılmalıdır. Lakin Azərbaycan tərəfindən niyə qeyri-dəqiq məlumat yayılmasının səbəbləri barədə deyilənlər qarşılıqlı ittihamlardan və siyasi maraqların toqquşmasından o yana getmir.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Diaspora