Madrid prinsipləri sülhün əldə edilmə imkanlarını geriyə atır və yeni müharibə riskini artırır
Axar.az xəbər verir ki, bu sözlər ABŞ-dakı ən böyük erməni diasporu təşkilatı olan Amerika Erməni Milli Komitəsinin İcraçı direktoru Aram Qəmbəryanın “Asbarez” qəzetində dərc olunan məqaləsində yer alıb.“Biz hesab edirik ki, bu prinsiplər assimetrikdir, eləcə də Qarabağdan strateji və geri dönülməsi mümkün olmayan torpaq və təhlükəsizlik güzəştləri tələb edir. Bütün bunlar Azərbaycandan olan qeyri-müəyyən, təxirə salınmış və geri dönən status vədləri üçün edilir”, - deyə məqalədə yer alıb.
O, alternativ olaraq Minsk Qrupunun yeni format hazırlaması gərəkdiyini və Qarabağın bu danışıqlara cəlb edilməsini istədiyini bildirib. Qəmbəryan Vaşinqtonda “xalqları sülhə hazırlamaq bəyanatı”na antiqarabağ təbliğatına gedən ağıllı yol kimi baxıldığını və bunun sayəsində Bakının müttəfiqlərinin azərbaycanyönlü mövqelərini gizlətdiyini söyləyib.
ANKA rəhbəri ABŞ xarici siyasətinin indiki kontekstindən yanaşılacağı təqdirdə xalqları sülhə hazırlamaq bəyanatının İrəvana baha başa gələcəyini bildirib. Qəmbəryana görə, bunun sayəsində ABŞ Dövlət Departamenti Qarabağda güzəştə dair Ermənistan mediasında və vətəndaş cəmiyyətində daimi ictimai diplomatiya və diskussiyalar apara, amma Azərbaycanda bu məsələlərə çox ehtiyatla yanaşa biləcəyini, erməni tərəfindən ərazi və təhlükəsizlik güzəştləri tələb edəcəyini, üstəlik, təmas xəttindəki toqquşmalarda hər iki tərəfin günahkar olduğuna dair saxta təəssüratı gücləndirəcəyini, erməni tərəfinin bütün qırmızı xətlərini pozaraq, Azərbaycana qarşı həssaslıq nümayiş etdirəcəyini, yalnız erməni tərəfinin güzəştə getməli olduğuna dair yorulmadan mesaj verəcəyini qeyd edib. Bununla belə o, ermənilərin bu laqeydliklə razılaşmayacağını və Qarabağdan imtina etməyəcəklərini bildirib.