Ermənilər Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunduqdan sonra da ərazi iddiaları ilə Qarabağa hücumlara başlamışdı. Lakin həmin dövrdə, bütün çətinliklərə baxmayaraq Azərbaycan hökuməti ermənilərin təcavüzkar hücumlarına hərbi-siyasi tədbirlərlə layiqincə cavab verib.
1920-ci ilin aprelində artıq bütün Qarabağ erməni silahlı dəstələrindən azad olunmuşdu və bununla da Azərbaycan Qarabağ üzərində suveren hüquqlarını tam şəkildə bərqərar etmişdi.Bu il həmin tarixi hadisədən, Qarabağın erməni işğalından azad edilməsindən 100 il keçir.
Biz bu tarix haqqında nələri bilirik? Qələbənin bir əsrlik ildönümündə Qarabağın işğaldan azad olması üçün hansı addımları atmalıyıq?
1920-ci il uğurlu Qarabağ əməliyyatının 100 illiyi tamam olur
Mövzu ilə bağlı Modern.az-a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarixçi alim Firdovsiyə Əhmədova bu hadisənin siyasi əhəmiyyətindən söz açıb:
“Tarixi hadisələrlə bağlı bütün vətəndaşların məlumatlı olması çox arzuediləndir. Azərbaycan tarixinin orta və ali məktəblərdə tədris olunmasına baxmayaraq, konkret faktlar var ki, onun əhəmiyyəti haqqında vətəndaşlar eyni səviyyədə bilgili olmur.
1920-ci ildə həyata keçirilmiş uğurlu Qarabağ əməliyyatının 100 illiyi tamam olur. Həmin əməliyyatın bu gün də siyasi əhəmiyyəti var, aktuallığını saxlayan mövzudur. Ona görə ki məhz 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra ermənilər tərəfindən Azərbaycan Cümhuriyyətinin torpaqlarına da iddialar başlanmışdır.
Elə həmin dövrdə Ararat Respublikasının məhz əzəli Azərbaycan torpaqlarında yaradılmasına baxmayaraq, ermənilər artıq dövlət səviyyəsində Azərbaycan xalqına qarşı təcavüzkar siyasətini davam etdirirdilər, yeni ərazı iddiaları ilə çıxış edirdilər. 1920-ci ildə onların Qarabağla bağlı planlaşdırılmış xüsusi bir təcavüzkar əməliyyatı olmuşdu, geniş bir plan nəzərdə tutulmuşdu.
Qarabağın yuxarı, dağlıq hissəsində erməniləri ayağa qaldırmaqla yanaşı Ararat Respublikasından nizami qüvvlərin hərbi müdaxiləsi və Azərbaycanın digər ərazilərində, o cümlədən Gəncədə yaşayan erməniləri də ayağa qaldırmaqla Qarabağı işğal etmək üçün böyük bir plan hazırlanmışdı. Bu, həm də bolşevik hakimiyyəti, Sovet Rusiyası ilə razılaşdırılmış əməliyyat idi.
Sovet Rusiyası qüvvələrinin Azərbaycanın şimal sərhədlərinə yaxınlaşdığı bir dövrdə Bakı neftini ələ keçirmək baxımından onların məqsədyönlü fəaliyyəti ilə ermənilərin Qarabağda başlayacaqları qiyam əlaqəli şəkildə həyata keçirilməli idi. Azərbaycan dövləti qüvvələrini məhz Qarabağda qaldırılmış üsyanı yatırmağa cəlb etməyə məcbur oldu, yeni yaradılmış ordu bütünlüklə səfərbər olundu”.